Xəbərlər arxivi

11 Yanvar 2017

SOCAR-ın 2016-cı ilin dekabr ayı üzrə ödənişləri

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilmişdir. Qeyd edək ki, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olmuşdur. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilmişdir.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil etmişdir ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olmuşdur.

11 Yanvar 2017

SOCAR-ın Mətbuat Xidmətinin məlumatı

+

Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılmışdır. Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməmişdir. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.

11 Yanvar 2017

İnsan Resursları Departamentində müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilmişdir

+

SOCAR-da elan olunan vakansiyalar üzrə müsabiqə mərhələlərindən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş ənənə halına çevrilmişdir. Yanvarın 11-də Baş ofisin İnsan Resursları Departamentində 2017-ci ilin ilk təyinatları - ''Azneft'' İstehsalat birliyi, Neft Kəmərləri İdarəsi, Təhlükəsizlik İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilmişdir. Elan olunmuş “Arxiv müdiri”, “Mühəndis (neftin nəqli üzrə)”, “Hüquq məsləhətçisi”, “Mühasib” (Salyan rayonu), “Usta” (Təmir-bərpa xidməti, Ağsu rayonu), “Qarovul rəisi”, “Boru kəmərləri şöbəsinin mühəndisi” və “Sənaye müəssisələrinin layihələndirilməsi şöbəsinin mühəndisi” vakansiyaları üzrə işə qəbul müsabiqəsindən uğurla keçmiş namizədlərə, o cümlədən, “Usta” (Təmir-bərpa xidməti, Kürdəmir rayonu), “Neft və qazçıxarma üzrə usta”, “Qarovul rəisi” vakansiyaları üzrə əvvəlki müsabiqələrdə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş təklif olunmuşdur.

Görüşdə çıxış edən İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik etmiş, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu siyasətin tərkib hissələrindən biri də işə qəbul prosesinin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun aparılmasını təmin etməkdir. SOCAR-da tələb olunan bilik və bacarığa malik kadrların işə qəbulu prosesinin şəffaf həyata keçirilməsi istiqamətində lazımi şərait yaradılır. Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlar test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, neqativ halların baş vermədiyini bildirərək, yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə etmiş, göstərilmiş etimadı doğruldacaqlarını bildirmişlər.

11 Yanvar 2017

“Qaradağ” yatağında yeni quyu qazılır

+

“Qaradağ” yatağında 489 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 2900 metrdir.

Quyu yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.

11 Yanvar 2017

Magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılmışdır

+

Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmamışdır. Kəmərdə təmir-bərpa işlərinə başlanılmışdır.