Xəbərlər arxivi

5 Yanvar 2017

“Petkim”in dəstəyi ilə məktəblər arasında şahmat turniri keçirilmişdir

+

Dekabrın 30-da Türkiyənin İzmir vilayətinin Əliağa bölgəsində “Petkim” Neft-Kimya Holdinqinin dəstəyi və Əliağa Təhsil Söbəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilmişdir. İsveçrə sistemi üzrə keçirilən turnirdə bölgənin ibtidai və orta məktəblərindən 101 şagird iştirak etmişdir. Mükafatların təqdim olunması mərasimində Əliağa Kaymakamı Bayram Yılmaz, Əliağa Təhsil Söbəsinin müdiri Ogün Dersə, “Petkim” Neft-Kimya Holdinqinin icraçı direktoru Anar Məmmədov iştirak etmişlər. “Petkim”in icraçı direktoru Anar Məmmədov Azərbaycan şahmat məktəbinin ənənələrindən söz açmış, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi azərbaycanlı şahmatçıların uğurlarından danışmışdır. Bildirilmişdir ki, dinamik inkişaf dövründə məktəblilər arasında istedadlı şahmatçıların yetişməsi həyatın bütün sahələrində öz bəhrəsini verəcəkdir. Turnirin qaliblərinə xüsusi mükafatlar təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.

5 Yanvar 2017

“Neft Daşları” NQÇİ müstəqillik dövründə ən yüksək hasilat göstəricisinə nail olmuşdur

+

2016-cı ilin son günlərində “Neft Daşları” NQÇİ tarixi nailiyyətə imza atmışdır. Respublikamızın müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1.000.000 (bir millyon) tona çatdırılmışdır. Qeyd edək ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunmuşdur. “Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artma tempi ilə davam etmiş, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılmışdır. 1968-1990-cı illərdə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil etmişdir. NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırılmışdır. Son 3 ildə qazmadan 54 quyu alınmış, cari və əsaslı təmir işləri görülmüş, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilmişdir. Quyu fondu üzərində səmərəli iş aparılmış, yeni texnika və texnologiyalar tətbiq edilmiş, boş dayanmaların qarşısı alınmış, neftin maya dəyəri aşağı düşmüşdür. Hasil olunan neftin əsas hissəsinin kompressor üsulu ilə çıxarıldığı nəzərə alınaraq, qazlift sisteminin etibarlılığını artırmaq məqsədi ilə xətlərdə donmaların və tutulmaların qarşısını almaq üçün 9 ədəd yüksək təzyiqli seperator, alçaqtəzyiqli qaz xətlərinin üzərinə damcıtutanlar quraşdırılmış, 20 kilometrdən artıq yüksəktəzyiqli qaz xətti təmir olunmuş və yenisi çəkilmiş, yığım-nəql sistemi təkmilləşdirilmiş, lay sularının tam həcmdə yığılaraq utilizasiya edilməsi üçün etibarlı ekoloji sistem yaradılmışdır. Böyük miqyasda əsaslı təmir işləri aparılmış, qisa müddət ərzində 2 ədəd yeni İriləşdirilmiş Seperasiya Qurğusu və 2a saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi tikilmişdir. Bu sahədə işlər davam etdirilir. Elektrik enerjisinə artan təlabatın ödənilməsi məqsədi ilə yeni Qazturbinli Elektrik Stansiyası tikilərək istismara verilmişdir. Əfsanəvi Neft Daşlarının əmək kollektivi 2017-ci ilə yeni əmək nailiyyəti ilə qədəm qoymuşdur.

5 Yanvar 2017

BANM-in tələbəsinin “Qarabağ İncisi” layihəsi başa çatıb

+

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsi Ruslan Hacıyevin “Qarabağ İncisi” videoçarx layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın adət-ənənələri, tarixi abidələri, mədəniyyəti haqqında müxtəlif ssenarilər hazırlamış, ətraflı fikir mübadiləsi aparmışlar. Hər bir komandaya Qarabağ mədəniyyətini əks etirən videoçarx hazırlaması üçün 1 həftə vaxt verilmişdir. Qaliblərə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunmuşdur.

5 Yanvar 2017

Dekabr ayında dünya bazarında xam neftin qiymətləri

+

Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 53,60 dollara, Urals nefti 52,69 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 54,92 dollara satılmışdır.

5 Yanvar 2017

Xam neftin ixracı (dekabr 2016-cı il)

+

SOCAR 2016-cı ilin dekabr ayında Novorossiysk limanından 79 min 846 ton, Supsa limanından 170 min 965 ton, Ceyhan limanından 1 milyon 290 min 954 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 217 min 799 ton, Supsa limanından 2 milyon 383 min 854 ton, Ceyhan limanından 16 milyon 784 min 975 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

5 Yanvar 2017

Neft məhsullarının ixracı (dekabr 2016-cı il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı, 6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac etmişdir. Ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 532,08 ABŞ dolları, təyyarə yanacağının - 493,10 dollar, dizel yanacağının - 467,91 dollar, 1% kükürdlü mazutun qiyməti - 306,56 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 575,29 dollar, maye piroliz qətranının - 532,08 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 900 avro təşkil etmişdir.