Xəbərlər arxivi

28 Dekabr 2016

“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilmişdir

+

“Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilmişdir. Yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədi ilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılmışdır. 6317-6282 metr dərinlik intervalında perforasiya işləri aparılmış və quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilmişdir. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 milyon kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənılır. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir.

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.

28 Dekabr 2016

Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır

+

Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır. İlkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir.

Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcəkdir.

28 Dekabr 2016

BANM-də Fərman Salmanovun 85 illik yubileyi qeyd edildi

+

Bakı Ali Neft Məktəbində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov, BANM-in professor-müəllim heyəti və tələbələri, qonaqlar iştirak etmişlər.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq bildirmişdir ki, konfransın keçirilməsində məqsəd tələbələri görkəmli neftçı alim Fərman Salmanovun həyat və yaradıcılıq yolu ilə yaxından tanış etməkdir.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açmış, qeyd etmişlər ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi qalmışdır. Vurğulanmışdır ki, F.Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilərək istismara verilmişdir. Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdır. Təbdirdə “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” və “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda çıxışlar olmuşdur.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov əmisi Fərman Salmanovun xatirəsinin yad edildiyi və gənc nəslə tanıdıldığına görə BANM rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.