Xəbərlər arxivi

27 Dekabr 2016

Magistral qaz kəmərində yanğın söndürülmüşdür

+

SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülmüşdür. Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılmış, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunmuşdur.

27 Dekabr 2016

Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Dekabrın 28-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.



27 Dekabr 2016

“Yaşıl Asan” təşəbbüs qrupunun könüllüləri ilə görüş keçirilmişdir

+

SOCAR ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrası ilə əlaqədar “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təlim keçirilmişdir. Təlimdə Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatla çıxış etmişlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmişdir. “Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılmış, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.

27 Dekabr 2016

Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır

+

Xəbər verildiyi kimi, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş vermişdir. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdür. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunmuşdur. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaratmışdır. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

27 Dekabr 2016

Qaz kəmərində baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat

+

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş vermişdir. Xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

27 Dekabr 2016

“Neft Daşları” yatağında yeni quyu qazılır

+

“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1310 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.