Xəbərlər arxivi

23 Dekabr 2016

“Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir

+

Dekabrın 23-də SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir. Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirmişdir. AÇG layihəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin siyasi səyləri nəticəsində ərsəyə gəldiyini və ötən 22 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində böyük uğurlar qazanıldığını söyləyən SOCAR prezidenti Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində bu layihənin müstəsna əhəmiyyətini qeyd etmişdir. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulamışdır. SOCAR prezidenti bu sənədin imzalanması ilə AÇG yatağının gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaqdır. O, yeni sazişin hazırlanması istiqamətində bütün tərəfdaşlara uğurlar arzulamışdır.

ABƏŞ səhmdarları adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel AÇG yatağının operatoru olaraq qazanılmış uğurlarda Azərbaycan hökumətinin və onun təmsilçisi olan SOCAR-ın dəstəyini xüsusi qeyd etmiş, buna görə təşəkkürünü bildirmişdir. O, demişdir: “Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da Azərbaycanın potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.”

SOCAR prezidenti Rövnəq Abdullayev bütün dünyada “Əsrin müqaviləsi” kimi tanınan AÇG yatağının işlənməsi üzrə HPB Sazişinin imzalanmasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərə təsadüf etdiyini xatırlatmış, olduqca çətin geosiyasi şəraitdə aparılan danışdıqların uğurla nəticələnməsində o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin xüsusi rolunu vurğulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel yaranmış fürsətdən istifadə edərək, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının işlənməsi layihəsinin bütün iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıdan gələn ad günü münasibəti ilə təbrik etmişlər.

Tədbirin sonunda SOCAR və BP-nin əməliyyatçı olduğu ABƏŞ arasında AÇG yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsipləri imzalanmışdır.

23 Dekabr 2016

Mətbuat üçün açıqlama

+

23 dekabr 2016-cı il

SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ Azəri-Çıraq-Günəşli yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsiplərini imzaladılar

• Razılaşma bundan sonra da AÇG-yə iri-həcmli sərmayələrə yol açacaq

• Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620000 barel neft ekvivalenti səviyyəsindədir

• Gələcək illərdə çoxsaylı iş yerləri yaradacaq

• AÇG tərəfdaşlığı üzrə işləri BP idarə edəcək

Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzaladılar.

Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620000 barel neft ekvivalenti səviyyəsindədir

ABƏŞ səhmdarları “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “İTOCHU” və “ONGC Videsh” şirkətləridir.

Niyyət məktubu bu gün Bakıda Azərbaycan Respublikası adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Biz xeyli müddətdir ki, AÇG-nin xarici tərəfdaşları ilə danışıqlar aparırıq. Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. AÇG dünyada “Əsrin Müqaviləsi”i kimi tanınır. By yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur. AÇG-nin işlənməsi ölkəmizin inkişafı üçün tamamilə yeni bir dövrün başlanmasına səbəb olub. AÇG-nin xarici tərəfdaşları ilə bu gün imzaladığımız niyyət məktubu onu göstərir ki, biz bundan sonra da hələ uzun illər AÇG-nin uğurlarının şahidi olaçağıq.”

BP-nin baş icraçı direktoru Bob Dadli: “Bu gün Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar bir gündür. Bununla da bu çox uğuru tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində AÇG-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır.”

BP-nin regional prezidenti Qordon Birrell: “AÇG yatağının operatoru olaraq, biz bu dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnunuq. Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da bu ölkənin potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik.

Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.”

Redaktorlar üçün qeyd

AÇG Bakıdan şərqdə təxminən 100km məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

AÇG yatağında altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. AÇG yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.

BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.

Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

SOCAR-ın mətbuat xidmətində Nizaməddin Quliyev - telefon: +994 12 521 0129

BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı - telefon: +994 12 599 4557

BP-nin Londondakı mətbuat xidmətində Skott Din - telefon: +44 (0)20 7496 4076.

23 Dekabr 2016

Britaniyalı müəllimlər BANM-də qış semestr imtahanlarını keçirirlər

+

Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını Ali Məktəbin tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) professor-müəllim heyəti keçirmişdir. İmtahanlar Böyük Britaniya ilə vaxt fərqini nəzərə almaqla HVU-dakı imtahanlarla paralel keçirilir ki, bu da hər iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarını bir-birinə ötürmək imkanını istisna edir.

BANM-də səfərdə olan HVU nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, institutun professoru Grem Vayt, o cümlədən mühəndislik proqramları üzrə direktor müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap, tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil olmuşlar.

İmtahanları uğurla vermiş BANM tələbələri HVU ilə müqavilə çərçivəsində ikili diplom alacaqlar. HVU müəllimləri BANM-də imtahanların təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə Bakıya müntəzəm səfər edir, tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün HVU-ya göndərilir. İmtahan prosesinin bu şəkildə təşkili qiymətləndirmənin şəffaflığına və obyektivliyinə təminat verir.

Qeyd edək ki, BANM Azərbaycanda tələbələrin biliklərinin xarici ekspertlər tərəfindən qiymətləndirildiyi yeganə ali təhsil müəssisəsidir.