Xəbərlər arxivi

21 Dekabr 2016

Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

+

Dekabrın 20-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində neft, mexanika, geologiya mühəndisliyi və enerji sənayesinin idarə edilməsi ixtisasları üzrə magistr təhsilini başa vurmuş 4 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilmişdir. Həmçinin, 2017-2018-ci tədris ili üzrə maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və onlar üzrə kvotanın müəyyən edilməsi məsələsi müzakirə olunmuşdur.

Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə ətraflı məlumat vermişlər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilmişdir.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 27 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.