Xəbərlər arxivi

16 Dekabr 2016

Hadisə baş verən ərazidə suyun dibində tapılmış budka gəmiyə qaldırılmışdır

+

“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılmışdır. Budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır. Axtarış işləri davam etdirilir.

16 Dekabr 2016

N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılmışdır

+

15.12.2016-cı il tarixində güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir. Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılmışdır. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilmiş, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparmışlar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

16 Dekabr 2016

SOCAR Mətbuat Xidmətinin məlumatı

+

Son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir. SOCAR-ın prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməmişdir.

Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır.

Son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olmuşdur ki, SOCAR tərəfindən bu haqda ictimaiyyətə məlumat verilmişdir. Aydındır ki, belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyildir.

Qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və “Azərenerji” ASC də daxil olmaqla bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilmişdir.

Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilmişdir.

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, elektrik enerjisi sərfiyyatı aylıq 250 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılmışdır.

SOCAR-ın prezidenti adından belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə çağırırıq.