Xəbərlər arxivi

13 Dekabr 2016

SOCAR “Türkmənistanın nefti və qazı 2016” 21-ci Beynəlxalq sərgi-konfransında təmsil olunmuşdur

+

SOCAR hər il olduğu kimi, bu il də Aşqabadda keçirilmiş “Türkmənistanın nefti və qazı 2016” 21-ci Beynəlxalq sərgi-konfransda ayrıca pavilyonla təmsil olunmuşdur. Sərgi-konfransda şirkətin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfransa ABŞ, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 21-ə yaxın ölkəsindən 110 şirkət qatılmışdır.

Sərgi-konfransın açılış mərasimində Türkmənistan Respublikası Baş nazirinin müavini Y.Kakayev və onu müşayət edən şəxslər SOCAR-ın pavilyonunda olmuş, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilmiş, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilmişdir. Y.Kakayev Azərbaycanın və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləmiş, xoş arzularını bildirmişdir.

Sərgi müddətində SOCAR pavilyonunda nümayiş olunan eksponatlar, ziyarətçilərə təqdim edilən jurnal-bülleten və reklam xarakterli suvenirlər yerli və xarici qonaqlarda böyük maraq doğurmuşdur. Ümumilikdə, 1350-dən artıq xarici qonaq və Türkmənistanın 1000-ə yaxın dövlət nümayəndəsi sərgi-konfransı ziyarət etmişdir.

13 Dekabr 2016

Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

+

Dekabrın 14-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

13 Dekabr 2016

“Petkim”in dəstəyi ilə Əliağa bölgəsinin ibtidai məktəblərində aksiya keçirilmişdir

+

Dekabrın 12-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə “Yaxşılıq et” layihəsi həyata keçirilmişdir. Şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşmüşlər. Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak etmişlər. Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılmışdır.