Xəbərlər arxivi

12 Dekabr 2016

SOCAR-ın idarə və müəssisələrində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir

+

SOCAR-ın idarə və müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir. Artıq 12 ildir ki, Ulu öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Əvvəlcə BDÖZ-ün və “BOS-Şelf” MMC-nin rəhbərliyi, kollektiv üzvləri ümummilli liderin zavod qarşısında ucalan abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoymuş, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Heydər Əliyev adına BDÖZ-ün direktoru vəzifəsini icra edən Əliağa Səfərov Azərbaycanın dünyada suveren bir dövlət kimi tanınmasında, ölkədə müxtəlif sahələrin uğurlu inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Dərin Özüllər Zavodunun Bakıda tikilməsi dahi liderin uzaqgörən siyasəti və gərgin mübarizəsinin nəticəsində mümkün olmuşdur. “BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov zavodun müasir neft-qaz siyasətinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətindən danışmışdır.

Bu gün Bakı Ali Neft Məktəbində ilk dərs Azərbaycan xalqının tarixində həlledici xidməti olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunmuşdur. Əvvəlcə Ulu öndərin BANM-dəki büstü önünə gül dəstələri qoyularaq, onun xatirəsinə bəslənilən dərin hörmət və ehtiram nümayiş olunmuşdur. İlk dərslərdə Ulu öndər Heydər Əliyevin yalnız Azərbaycanda deyil, beynəlxalq miqyasda böyük siyasət ustadı olduğu, zəmanəmizin görkəmli dövlət xadimləri arasında xüsusi yer tutan tarixi şəxsiyyət olduğu vurğulanmışdır.

12 Dekabr 2016

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

+

Dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

12 Dekabr 2016

SOCAR rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.

12 Dekabr 2016

Belarus Dövlət Rabitə Akademiyasının nümayəndəsi BANM-də olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Belarus Dövlət Rabitə Akademiyasının hazırlıq fakültəsinin dekanı Yuri Stepancukla görüşmüşdür. Görüşdə BANM-nin fəaliyyət istiqamətləri və həyata keçiriləcək işlərdən danışılmış, məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyi vurğulanmışdır. Belarus Dövlət Rabitə Akademiyasının hazırlıq fakültəsinin dekanı Yuri Stepancuk BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirmişdir. Tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə imzalanması barədə razılıq əldə etmişlər. İmzalanacaq əməkdaşlıq müqaviləsinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyinə əminlik vurğulanmışdır.

12 Dekabr 2016

“Azneft” İstehsalat Birliyində qazmanın yeni yanaşma üsulları müzakirə olunmuşdur

+

“Azneft” İstehsalat Birliyində “Bulla-dəniz” yatağında 123 nömrəli quyunun qazma layihəsi müzakirə olunmuşdur. Qazma prosesinin optimallaşdırılması və keyfiyyəti barədə fikir mübadiləsi aparılmış, “Bulla-dəniz” yatağında qazılmış quyulardan əldə edilmiş təcrübənin 123 nömrəli quyuda da tətbiq olunması razılaşdırılmışdır. Bildirilmişdir ki, indiyə kimi qazanılmış təcrübə təkmilləşdirilərək 123 nömrəli quyunun qazılması işində tətbiq olunmalıdır. Bunun üçün təklif olunan yeni konsepsiyada işçilərin və ətraf mühitin mühafizəsi, hesabatlılıq, şəffaflıq, motivasiya və mükəmməllik kimi dəyərlər xususi qeyd olunmuşdur. 123 nömrəli quyunun yeni yanaşma və üsullarla qazılması layihəsinin uzunmüddətli perspektivdə SOCAR-ın dünya səviyyəli “upstream operatoru”na çevrilmək planının ilk addımlarından biri olduğu vurğulanmışdır. Tədbirdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, podratçı “Haliburton” və “Schlumberger” şirkətlərinin nümayəndələri və aparıcı mütəxəssislər iştirak etmişlər.

12 Dekabr 2016

Ümummilli lider Heydər Əliyevin anım günü İzmirdə onun adını daşıyan Texniki-Sənaye Peşə Liseyində qeyd olunmuşdur

+

Ölkəmizin hər yerində olduğu kimi, SOCAR-ın yerli və xaricdə fəaliyyət göstərən müəssisələrində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir. Dekabrın 9-da Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyində Ulu öndərin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Əliağa kaymakamı Bayram Yılmaz, Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə, “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov, STAR neft emalı zavodunun icraçı direktoru İbrahim Palaz və Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin müdiri Məhməd Sıtqı Arı iştirak etmişlər. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir. Mərasimdə çıxış edən “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin dinamik inkişafına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunmuşdur. Çıxış edənlər “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan və Türkiyə arasında əbədi, sarsılmaz qardaşlıq əlaqələrinin təməlini qoymuş ümumilli liderin xatirəsini ehtiramla anmışlar.

Mərasimin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Qeyd edək ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin təməli 2011-ci il oktyabrın 25-də Əliağa bölgəsində STAR neft emalı zavodu ilə eyni vaxtda atılmışdır. Liseyin inşası 270 günə tamamlanaraq, Əliağa Milli Təhsil İdarəsinə təhvil verilmişdir.

12 Dekabr 2016

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

+

Dekabrın 12-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.