Xəbərlər arxivi

9 Dekabr 2016

“Azərikimya” İB-də ictimaiyyətlə görüş keçiriləcək

+

SOCAR-ın “Azərikimya” İB maraqlı tərəfləri Etilen-polietilen zavodunun EP-300 qurğusunun modernizasiyası və istismarı üzrə “Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” sənədi ilə əlaqədar ictimai dinləməyə dəvət edir. Tədbir 16 yanvar 2017-ci ildə, saat 11:00-da Sumqayıt şəhəri, “Azərikimya” İB-nin baş ofisinin Akt zalında keçiriləcək. Hazırlanmış ƏMTQ sənədi ilə tanış olmaq istəyənlər “Azərikimya” İB-nin baş ofisində Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinə, Etilen-polietilen zavodunun Əməyin mühafizəsi və ekologiya kabinetinə, S.Vurğun adına Mərkəzi kitabxanaya, Dövlət Musiqili Dram teatrı və Tarix Muzeyinin yerləşdiyi ünvanlara müraciət edə bilərlər.

Dinləmələr zamanı mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, Etilen-polietilen zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə görüş iştirakçılarına məlumat veriləcək. Rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq. Maraqlananlar layihə üzrə əlaqələndirici şəxs - “Azərikimya” İB-nin Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi Oktay Tağıyev ilə (əlaqə telefonları: (+99412) 521 25 32 Mob: (+99450) 843 10 12 Faks: (+99412) 521 25 76) əlaqə saxlaya bilərlər.

9 Dekabr 2016

“ASAN xidmət” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda səyyar xidmət təşkil etmişdir

+

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) səyyar xidmət təşkil etmişdir. Müasir texnoloji avadanlıqlarla təchiz edilmiş ASAN 1 avtobusu zavod ərazisində səyyar qəbul aparmışdır. Xidmətin imkanlarından əsasən Heydər Əliyev adına BDÖZ-ün, “Bos Şelf” MMC-nin kollektivi, habelə zavoda yaxın ərazidə yaşayan vətəndaşlar istifadə etmişlər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuşdur. Müraciət edənlərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, habelə ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, həmçinin fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağlı operativ xidmətlər göstərilmişdir. Ümumilikdə 10 gün müddətində səyyar xidmətdə 260-dan artıq müraciət yerindəcə öz həllini tapmışdır.

9 Dekabr 2016

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Daxili Auditor kursu təşkil edilmişdir

+

Dekabrın 7-dən 9-dək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyevin iştirakı ilə İSO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) Standartları üzrə Daxili Auditor kursu təşkil edilmişdir. Kursda SOCAR-ın müəssisələrində İSO standartlarına cavabdeh 16 nəfər mütəxəssis iştirak etmişdir. Təlim kursunun məqsədi şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin qurulması, idarəetmənin planlaşdırılması və tətbiq edilməsi üçün iştirakçıları maarifləndirməkdən ibarətdir. Təlim kursunun proqramı IRCA (International Register of Certificated Auditors) Sertifikatlı daxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin təlimlərinə uyğun qaydalar nəzərə alınmaqla hazırlanmışdır. Təlim zamanı mövzuların daha yaxşı mənimsənilməsi üçün dinləyicilərə qrup şəklində tapşırıqlar verilmişdir. Təlimin sonunda biliklərin yoxlanılması üçün imtahan keçiriləcək. İmtahandan uğurla keçən dinləyicilər “Büro Veritas” şirkətinin sertifikatları ilə təltif olunacaq.

9 Dekabr 2016

BANM və BİOLAB müqavilə imzalamışdır

+

Bakı Ali Neft Məktəbində Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları” mövzusunda seminar keçirilmışdır. Seminarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BP, SOCAR, BİOLAB və diğər şirkətlərin nümayəndələri, eləcə də BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

BANM-in rektoru Elmar Qasımov ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında məlumat vermiş, tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinin xüsusi önəmindən və gənclərin elmi tədqiqatlara cəlb edilməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi şirkətin 30 ilik təcrubəyə malik olduğunu, neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin təşkili və servis xidməti göstərdiyini, BP, Shell, Exxon, Türpaş və digər global şirkətlərin laboratoriya cihazları ilə təminatını həyata keçirdiyini söyləmişdir.

Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktiki seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. Seminarda o cümlədən, yağ analizinin əhəmiyyəti, yağın keyfiyyətinin və istifadə müddətinin monitorinqi və s. mövzular barədə məlumat verilmiş, suallar cavablandırılmışdır.