Xəbərlər arxivi

8 Dekabr 2016

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Dekabrın 9-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Sabirabad”, “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

8 Dekabr 2016

SOCAR prezidenti ITOCHU korporasiyasının nümayəndə heyətini qəbul etmişdir

+

Dekabrın 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ITOCHU korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı ITOCHU korporasiyasının da rolunu qeyd etmişdir. O, ITOCHU-nun Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırmışdır.

Səmimi qəbula görə SOCAR prezidentinə təşəkkürünü bildirən ITOCHU nümayəndə heyətinin başçısı Masahiro İmai SOCAR və ITOCHU arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırlatmışdır. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləmiş, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR prezidenti Rövnəq Abdullayev birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. O, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində ITOCHU şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açmış, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləmişdir.

Masahiro İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildirmişdir.

Görüşdə tərəfləri maralandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

8 Dekabr 2016

Petlim limanı fəaliyyətə başlamışdır

+

“Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılmış və əməliyyatlara başlanılmışdır. Birinci mərhələnin potensialı 800 000 konteynerdir. “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən Petlim konteyner limanı layihəsinin ikinci mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Egey bölgəsinin ən böyük limanı olan Petlimin iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq. Petlim layihəsində ayrıca bir yük körpüsü də yer almışdır. SOCAR-ın sərmayə qoyduğu digər bir struktura - STAR neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaqdır. Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan Petlim limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə almışdır. Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 000 konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaqdır.

8 Dekabr 2016

BANM-də İSO standartının tətbiqi genişlənir

+

Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. Bununla əlaqədar olaraq, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Səlim Çelebi, TSİ-nin baş auditoru Volkan Cağın və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun iştirakı ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilmişdir.

BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini bildirən rektor Elmar Qasımov məktəbin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirmişdir.

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən məktəb olduğunu vurğulamış, BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etmişdir. O, qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını demişdir.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.