Xəbərlər arxivi

7 Dekabr 2016

SOCAR-ın 2016-cı ilin noyabr ayı üzrə ödənişləri

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilmişdir.

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olmuşdur.

7 Dekabr 2016

BANM ilə Əbu-Dabi Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərinə səfər etmişdir. Səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyətilə keçirilmiş görüşdə əməkdaşlığın strateji istiqamətləri və prespektivləri barədə geniş fikir mübadiləsi aparılmış, magistratura səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunmuşdur. Görüşdə bakalavr təhsil səviyyəsi ilə əlaqədar mövcud müqaviləyə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılaşma imzalanmışdır.

Rektor Elmar Qasımov və nümayəndə heyəti HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak etmişlər. Daha sonra HVU-nun Dubay kampusu, xüsusilə tədris binaları, auditoriyalar və laboratoriyalar ilə tanış olan nümayəndə heyəti professor-müəllim heyəti ilə görüşmüşlər. Səfərin sonuncu günü Əbu-Dabi şəhərində yerləşən Neft İnstitutunun prezidenti Dr. Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmiş, Neft İnstitutu və BANM arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunmuş, eləcə də gələcəkdə BANM tələbələrinin Əbu-Dabi Neft İnstitutunda magistratura səviyyəsində ödənişsiz təhsil almaları barəsində ilkin razılıq əldə edilmişdir. Daha sonra nümayəndə heyəti Neft İnstitutunda tədris prosesi və İnstitutun laboratoriyaları ilə tanış olmuşlar.

7 Dekabr 2016

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

+

Dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.