Xəbərlər arxivi

5 Dekabr 2016

SOCAR-ın nümayəndə heyəti Yaponiyada keçirilən Texnoforum-2016 beynəlxalq konfransında iştirak etmişdir

+

Noyabrın 27-dən dekabrın 3-ə kimi Tokio və Yokohama şəhərlərində Yaponiyanın Neft, Qaz, Metal və Geotermal Enerji üzrə Korporasiyası (JOGMEC) tərəfindən təşkil edilmiş Texnoforum - 2016 beynəlxalq konfransı keçirilmişdir. Bir sıra ölkələrin dövlət rəsmilərinin, Yaponiyanın Su, Torpaq, Həyat problemləri İnstitutu (JAMSTEC), Vaseda Universiteti, Сhioda Corporation, JOGMEC, İNPEX, İTOCHU, TOTAL, QAZPROM şirkətlərinin, müxtəlif dövlət orqanları və özəl təşkilat nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi, SOCAR və “SOCAR Upstream” şirkəti də təmsil olunmuşdur. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda çıxışında Azərbaycanın həm quruda, həm də dənizdə neft hasilatının pioneri olduğunu qeyd etmiş, neftvermə əmsalının artırılmasının perspektiv metodları, xüsusilə də quruda tədqiqat işlərinin intensivləşdirilməsi ilə yüksək qalıqlı neftlə doymuş yataqlarda neftvermənin artırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat vermiş, eləcə də son nailiyyətlərdən, ölkəmizdə yaradılmış pozitiv sərmayə mühitindən söz açmışdır. Konfransda Xəzər dənizinin Azərbaycan sektorunda istifadə olunan müasir texnologiyalara və “Əsrin müqaviləsi”nə həsr olunmuş video materiallar təqdim edilmişdir.

SOCAR nümayəndələri konfrans çərçivəsində İNPEX şirkətinin prezidenti Toşiaki Kitamura, Vaseda Universitetinin professoru Kurihara, İTOCHU şirkətinin prezidenti Masahiro İmai və digər şirkətlərin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirmişlər. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, o cümlədən Vaseda Universitetinin professorlarının Bakı Ali Neft Məktəbində mühazirələr oxuması, daha dörd SOCAR mütəxəssisinin Yaponiyada təcrübə keçməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. SOCAR nümayəndələri Yokohama şəhərində JAMSTEC institutunu ziyarət etmiş, bu qurumun icraçı direktoru Vataru Azuma və digər rəhbər şəxslərlə görüşmüşlər. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində keçirilən görüşdə əməkdaşlıq, yapon iştirakçıların maraqlı olduqları layihələrin maliyyələşdirilməsi ətrafında fikir mübadiləsi aparılmış, gələn ilin əvvəlində texnoforumun region bazarının iştirakçıları üçün Azərbaycanda təşkil olunmasının mümkünlüyü müzakirə edilmişdir.

5 Dekabr 2016

BANM-də Erasmus+ günü keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birlikdə Azərbaycanın ali təhsil müəssisələri üçün Məlumatlandırma günü keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyi, SOCAR, Avropa Ittifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri və bir sıra səfirliklərin əməkdaşları, British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Azərbaycanın ali təhsil müəssisələrinin, eləcə də tələbə-gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

BANM-in rektoru Elmar Qasımov Erasmus+ və Avropa İttifaqı tərəfindən dəstəklənən digər təhsil proqramlarının səmərəli istifadə olunmasının zəruriliyindən danışmış, vurğulamışdır ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən TACİS/Tempus kimi layihələr daxil olmaqla həmin proqramlarda iştirak edir. O, Erasmus+ proqramı çərçivəsində carı ildə BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında müqavilənin imzalanmasından danışmış, tədbir iştirakçılarına müvəffəqiyyətlər arzulamışdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems Aİ-nin Azərbaycanda təhsilə dəstək siyasətinin əsas prinsiplərindən söz açmış, təmsil etdiyi qurumun Təhsil Nazirliyi və ölkənin ali təhsil müəssisələri ilə işləyərək, onlara Avropa təhsil sisteminə inteqrasiya olunmaqda köməklik göstərdiklərini vurğulamışdır. Sonra Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, CBHE proqramı və həmin proqram çərçivəsində keçirilən layihə müsabiqəsinin üçüncü turu haqqında ətraflı məlumat verilmişdir. Çıxışlar və məruzələr dinlənildkdən sonra suallar cavablardırılmışdır.

5 Dekabr 2016

“Azneft” İB-də müşavirə keçirilmişdir

+

“Azneft” İB-nin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində cari ilin 11 ayı ərzində yerinə yetirilmiş işlərə, 2017-ci il üçün tələb olunan avadanlıq və mal-material təminatına, planlaşdırılan tədbirlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Birliyin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin əməkdaşları, struktur təşkilatların metroloqları və avtomatika üzrə mütəxəssisləri iştirak etmişlər. Tədbirdə Birliyin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət, təmir plan qrafiklərinin tərtibatı, icra vəziyyəti, kənar təşkilatların işinə nəzarət və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə edilmiş, 2016-cı ilin 11 ayı ərzində yerinə yetirilən işlər təhlil olunaraq qiymətləndirilmişdir. Sonra 2017-ci il üzrə planlaşdırılan işlər, tərtib olunmuş sifarişlərin yerinə yerinə yetirilmə vəziyyəti haqqında hesabatlar dinlənilmişdir. İstehsalat proseslərinin təhlükəsiz və fasiləsiz istismarını təmin etmək məqsədilə, tətbiq olunan avadanlıq və sistemlərə tələb olunan səviyyədə texniki və təmir xidmətinin göstərilməsi və səmərəliliyin artırılması məqsədi ilə istehsalat sahələrində çalışan mühəndis-texniki işçilərin bilik və təcrübələrinin daha da artırılması istiqamətində işlərin aparılmasının zəruriliyi qeyd olunmuşdur.