Xəbərlər arxivi

3 Dekabr 2016

Ötən il dekabrın 4-də baş vermiş qəzalar zamanı həlak olmuş neftçilərin xatirəsinə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olmuşdur

+

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olmuşdur. Mərasimdə çoxsaylı neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak etmişlər. Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev həlak olanların ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtüyü götürmüş, önünə gül çələngi qoymuşdur. “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov tədbiri açaraq, ölkəmizdə neftçi əməyinin yüksək qiymətləndirilməsindən, 4 dekabr qəzasının bütün Azərbaycan xalqını sarsıtmasından danışmış, qəza zamanı həyatlarını itirmiş neftçilərin il mərasimlərinin keçirilməsi üçün görülən tədbirlərdən söz açmışdır.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu söyləmiş, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışmışdır: “Təcrübəmdən bilirəm ki, neftçilərinin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bu- bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”. 1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulamış, qeyd etmişdir ki, Azərbaycan neftçisi bütün çətinliklərə qələbə çalır, təbii fəlakətlər qarşısında bu gün də geri çəkilmir. SOCAR prezidenti Rövnəq Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləmişdir: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar”. SOCAR-ın prezidenti çıxışını bu sözlərlə bitirmişdir: “Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”.

Sonra Çilov adasındakı 131 saylı məktəbin şagirdləri tərəfindən dəniz neftçilərinin əməyini tərənnüm edən bədii kompozisiya təqdim olunmuşdur. Pirallahı rayon İcra hakimiyyətiin başçısı Vasif İmanov 4 dekabr faciəsi zamanı həyatlarını itirmiş neftçilərə rəhmət diləmiş, onların doğmalarına və bütün neftçilərə xoş günlər arzulamışdır. Pirallahı rayonunun neftçilər rayonu olduğunu bildirən başçı bu rayona göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir. Azərbaycan dövlətinin “Günəşli”dəki qəzada həlak olanların ailələrinə daim dəstək olduğunu söyləyən 4 dekabr hadisəsinin iştirakçısı Allahverdi Məmmədov demişdir: “Biz xəstəxanada olanda da, sonralar da arxamızda dövlətimizin və şirkətimizin dəstəyini hiss etdik. Bu gün də dünyasını dəyişmiş yoldaşlarımın ailə üzvləri bu qayğını hər gün hiss edirlər”. Hadisənin digər iştirakçısı Mahal Yusifov bir il əvvəl “Günəşli”də baş vermiş qəzanı və itirdiyi iş yoldaşlarını hər gün xatırladığını bildirmişdir: “Onlar Vətənin qüdrətinin möhkəmlənməsi uğrunda canlarını qurban verdilər. Vətən sağ olsun, dövlətimiz sağ olsun”. Həlak olmuş neftçilərin ailə üzvləri adından İman Qasımovun qardaşı Rafiq Qasımov çıxış edərək, 4 dekabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışmış, bu möhtəşəm abidənin ucaldılmasına görə təşəkkürünü bildirmişdir.

Sonda, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mərasim iştirakçıları 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni də ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.