Xəbərlər arxivi

2 Dekabr 2016

SOCAR-da enerji səmərəliyinə dair seminar keçirilmişdir

+

Dekabrın 2-də SOCAR-ın Baş ofisində Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Texnoloji proseslərdə enerji səmərəliliyinin yüksəldilməsi üçün görülən tədbirlərin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə “SOCAR-ın iqlim dəyişmələrinə təsirin azaldılması Strategiyası”nın icrası ilə əlaqədar yerinə yetirilmiş işlər müzakirə edilmiş, dəyişikliklər qiymətləndirilmiş, müsbət dinamika qeyd olunmuşdur. SOCAR-ın qurumları tərəfindən yerinə yetirilmiş layihələr haqqında təqdimatlar dinlənilmiş, iştirakçılar öz təcrübələrindən danışmış, layihə ideyaları və həyata keçirilmə şərtləri haqqında məlumat vermişlər. Seminarda uyğun layihələrin digər istehsalat obyektlərində tətbiqinin mümkünlüyü müzakirə edilmişdir.

SOCAR-ın istehsalat birliklərinin, emal müəssisələrinin, qaz nəqli sahəsinin, həmçinin əməliyyat şirkətləri və birgə müəssisələrinin mütəxəssisləri seminarda iştirak etmişlər.

2 Dekabr 2016

“Səadan” yatağında yeni quyu istismara verilmişdir

+

“Səadan” yatağında 1818 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul vermiş, 1300-625 metr intervaldan sutkalıq 4 ton neft hasilatı ilə istismar fonduna qəbul olunmuşdur.

2 Dekabr 2016

BP Bakı Ali Neft Məktəbinə kitablar hədiyyə etmişdir

+

BP şirkəti Bakı Ali Neft Məktəbinin kitabxanasına riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarət kitab kolleksiyası hədiyyə etmişdir. Şirkətin bu addımı kitabxanaya maddi və mənəvi dəstək olmaqla yanaşı, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə kömək edəcək. Məktəbin 5 illik yubileyi ərəfəsində BP-nin kitab hədiyyəsini kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi şirkətə xüsusi minnətdarlıq bildirmişdir.