Xəbərlər arxivi

1 Dekabr 2016

SOCAR-da Samsung Engineering Co., Ltd. şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Park ilə görüş keçirilmişdir

+

Dekabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Samsung Engineering Co., Ltd. şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə SOCAR-ın Karbamid zavodu layihəsinin gedişatı ilə bağlı müzakirələr aparılmış, tərəfləri maraqlandıran məsələlər, o cümlədən layihənin maliyyələşdirilməsi məsələlərinə toxunulmuşdur.

R.Abdullayev bildirmişdir ki, SOCAR-ın Karbamid zavodunun tikintisi layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Görüşdə qeyd olunmuşdur ki, zavodun layihələndirmə işləri 100%, tikinti işləri təxminən 58% olmaqla, ümumilikdə 88%-i tamamlanmışdır. SOCAR-ın prezidenti R.Abdullayev layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə, Koreyanın İxrac-İdxal Bankı və bir sıra beynəlxalq kommersiya bankları ilə 500 milyon avro məbləğində vəsaitin cəlb edilməsi istiqamətində danışıqların uğurla davam etdiyi və yaxın müddətdə yekunlaşdırılacağı barədə məlumat vermişdir.

Ç.H.Park Karbamid zavodunun tikintisinin qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacağını və nəzərdə tutulduğu kimi 2018-ci ilin əvvəllərində zavodun istismara veriləcəyinə əmin olduğunu bildirmişdir.

Sonda R.Abdullayev Samsung Engineering şirkəti ilə əməkdaşlıqdan razı qaldığını və məmnunluq duyduğunu ifadə etmişdir. Ç.H.Park da öz növbəsində görüş üçün SOCAR-ın prezidentinə minnətdarlığını bildirmiş, gələcək layihələrdə şirkətlər arasında əməkdaşlığın davam etməsinə hazır olduqlarını bəyan etmişdir.

1 Dekabr 2016

“İnsan Resursları üzrə biznes tərəfdaş və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim keçirilmişdir

+

SOCAR-ın müəssisə rəhbərləri və İnsan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər və mütəxəssis heyəti üçün şirkətin Baş ofisində İngiltərədən dəvət olunmuş İRİE sahəsində beynəlxalq aparıcı təlimçi, konsultant, eləcə də SHELL, BMW, SONY, COCA-COLA, Adidas, Nike və s. kimi dünya şöhrətli şirkətlərdə iş təcrübəsinə malik, bir sıra elmi nəşrlərin müəllifi olan Dr. Tony Miller tərəfindən “İnsan Resursları üzrə biznes tərəfdaş (İRBT) və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim-seminar təşkil edilmişdir. Təlim zamanı iştirakçılara son zamanlar şirkətlərdə İnsan Resurslarının İdarə Edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və s. mövzular barədə geniş məlumat verilmiş, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair real misallar göstərilmişdir. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, suallar təlimçi tərəfindən praktiki misallarla cavablandırılmışdır. Sonda seminar-təlimdə iştirak edən SOCAR əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilmişdir.

1 Dekabr 2016

Neft məhsullarının ixracı (noyabr 2016-cı il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin noyabr ayında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı, 8 min 104 ton yüksək təzyiqli polietilen, 6 min 190 ton maye piroliz qətranı, 3 min 402 ton propilen və 3min 600 ton butilen butadiene fraksiyası ixrac etmişdir. Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 76 min 726 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 min 577 ton maye piroliz qətranı, 37 min 554 ton propilen və 18 min 766 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-471,35 ABŞ dolları,təyyarə yanacağının-440,42 dollar, dizel yanacağının -408,57 dollar, 1% kükürdlü mazutun qiyməti -257,85 dollar, yüksək təzyiqli polietilenin-1213,75 dollar, butilen butadien fraksiyasının-524,70 dollar, maye piroliz qətranının-471,35 dollar, propilenin qiyməti-755 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti-918 avro təşkil etmişdir.

1 Dekabr 2016

DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilmişdir

+

Dekabrın 1-də SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuat açıqlaması vermişlər. Açıqlamada deyilir: “SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara almışlar. 2013-cü il iyunun 21-də Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan etmişdir. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi , müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparmışdır.

SOCAR, SNAM və Satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparmışlar. Danışıqlar dostluq şəraitində keçmiş, Yunanıstan hökuməti və Satıcılar hər zaman razılamaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutmuşlar. Lakin, tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməmişlər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilmişdir.

SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.

1 Dekabr 2016

Noyabr ayında dünya bazarında xam neftin qiymətləri

+

Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 45,13 dollara, Urals nefti 44,47 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 46,64 dollara satılmışdır.

1 Dekabr 2016

Xam neftin ixracı (noyabr 2016-cı il)

+

SOCAR 2016-cı ilin noyabr ayında Novorossiysk limanından 159 min 712 ton, Supsa limanından 91 min 616 ton, Ceyhan limanından 1 milyon 501 min 807 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 137 min 953 ton, Supsa limanından 2 milyon 212 min 888 ton, Ceyhan limanından 15 milyon 494 min 20 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 Dekabr 2016

''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə yeni quyu istismara verilmişdir

+

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağında neft və qaz hasilatının stabil saxlanılması və artırılması istiqamətində tədbirlər görməkdə davam edir. Bu günlərdə Birliyinin sifarişi ilə “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan qazılmış 2646 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu qirməki altı lay dəstəsi (1010-1005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilmiş və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.