Xəbərlər arxivi

30 Dekabr 2016

“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir

+

“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. Bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1591-1587 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

29 Dekabr 2016

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Dekabrın 30-da saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

29 Dekabr 2016

Ə.C.Əmirov adına NQÇİ-nin elektrik təsərrüfatı yenilənib

+

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən Ə.C.Əmirov adına NQÇİ-nin elektrik sisteminin yenilənməsi istiqamətində mühüm işlər görülmüşdür. NQÇİ-də yararsız, istismar müddəti başa çatan elektrik şəbəkələri, paylayıcı qurğular, komplekt transformator məntəqələri yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilmiş, köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunmuş, güc transformatorları quraşdırılmış, yeni yarımstansiyalar tikilərək istismara verilmişdir. 2 kV-luq elektrik şəbəkəsi 6 kV-luq elektrik şəbəkəsi ilə əvəzlənmişdir. 510 saylı yarımstansiyada 2 ədəd 1800 kVA gücündə 35/2 kV-luq transformatorların əvəzinə 2 ədəd 4000 kVA gücündə 35/6 kV-luq, 517 saylı yarımstansiyada isə 1 ədəd 1800 kVA gücündə 35/2 kV-luq transformatorun əvəzinə 1 ədəd 6300 kVA gücündə 35/6 kV-luq transformatorlar quraşdırılmış, 10 yarımstansiyaya və bir komplekt transformator məntəqəsinə gərginliyin verilməsi tmin edilmişdir. Bundan başqa, 134 neft quyusunu elektrik enerjisi ilə təmin edən hava elektrik xətləri kabel xətləri ilə əvəz olunmuşdur. 1 və 7 saylı, eləcə də Puta, Quşxana, Korgöz və Mərkəzi neftyığma məntəqələrinin, texniki su nasosxanasının, vakuum kompressor stansiyasının, Neftin kompleks hazırlanması və nəqli sahəsinin, Quyuların əsaslı və yeraltı təmir sahəsinin, İstismar avadanlıqlarının quraşdırılması və təmiri sahəsinin, Elmi tədqiqat və istehsalat işləri sahəsinin, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin inzibati binaları və istehsalat obyektləri, həmçinin bir neçə operator binasının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulmuşdur. Köhnə yarımstansiyalar və hava elektrik xətləri demontaj olunaraq istismardan çıxarılmışdır.

“Azneft” İB-nin obyektlərində uzun müddət istismarda olan elektrik sisteminin yenilənməsi işləri intensiv şəkildə davam etdirilir.

28 Dekabr 2016

“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilmişdir

+

“Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilmişdir. Yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədi ilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılmışdır. 6317-6282 metr dərinlik intervalında perforasiya işləri aparılmış və quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilmişdir. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 milyon kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənılır. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir.

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.

28 Dekabr 2016

Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır

+

Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır. İlkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir.

Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcəkdir.

28 Dekabr 2016

BANM-də Fərman Salmanovun 85 illik yubileyi qeyd edildi

+

Bakı Ali Neft Məktəbində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov, BANM-in professor-müəllim heyəti və tələbələri, qonaqlar iştirak etmişlər.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq bildirmişdir ki, konfransın keçirilməsində məqsəd tələbələri görkəmli neftçı alim Fərman Salmanovun həyat və yaradıcılıq yolu ilə yaxından tanış etməkdir.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açmış, qeyd etmişlər ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi qalmışdır. Vurğulanmışdır ki, F.Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilərək istismara verilmişdir. Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdır. Təbdirdə “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” və “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda çıxışlar olmuşdur.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov əmisi Fərman Salmanovun xatirəsinin yad edildiyi və gənc nəslə tanıdıldığına görə BANM rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

28 Dekabr 2016

SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

Dekabrın 28-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd etmişdir. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini qeyd etmişdir. Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən Mahmud Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirmişdir. Qonaq Azərbaycan-İran biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. SOCAR prezidenti Azərbaycanın sosial-iqtisadi yüksəliş mərhələsini yaşadığını nəzərə çatdırmış, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında iranlı qonaqlara ətraflı məlumat vermişdir. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləmiş, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

27 Dekabr 2016

Magistral qaz kəmərində yanğın söndürülmüşdür

+

SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülmüşdür. Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılmış, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunmuşdur.

27 Dekabr 2016

Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Dekabrın 28-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.



27 Dekabr 2016

“Yaşıl Asan” təşəbbüs qrupunun könüllüləri ilə görüş keçirilmişdir

+

SOCAR ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrası ilə əlaqədar “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təlim keçirilmişdir. Təlimdə Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatla çıxış etmişlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmişdir. “Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılmış, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.

More