Xəbərlər arxivi

30 Noyabr 2016

“Darvin bankası” yatağındakı 600 saylı özül əsaslı təmir edilmişdir

+

SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilmişdir. Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilmişdir. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilmiş, 40 ədəd möhkəmləndirici svay vurulmuş, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılmış, 6 ədəd minik yanalma meydançası hazırlanmışdır. Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.

30 Noyabr 2016

İndoneziyanın səfiri BANM-nin qonağı olmuşdur

+

Bakı Ali Neft Məktəbində İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti, təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında ətraflı məlumat vermiş, BANM-də ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdırılması istiqamətində görülən genişmiqyaslı işlərdən danışmışdır.

Səmimi qəbula görə təşəkkür edən İndoneziyanın səfiri Hüsnan Bəy Fanani təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azəırbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığa dəstək verdiyini bildirmişdir. İndoneziyanın dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti BANM-də olmaqdan məmnunluqlarını ifadə etmiş, belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliklərini bildirmişlər. Görüşdə universitetlərarası əlaqələrin qurulması, təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

30 Noyabr 2016

Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.