Xəbərlər arxivi

25 Noyabr 2016

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “Azərikimya” İB-də olmuşlar

+

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün Bakıda keçirilən “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunda 3 günlük beynəlxalq seminarda iştirak etmiş bir qrup nümayəndə heyəti “Azərikimya” İstehsalat Birliyində olmuşdur. Qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodunun ərazisini gəzmiş, müəssisənin qurğuları ilə tanış olmuş, kimyaçılarla iş başında görüşüb söhbət etmişlər. Qonaqlara məlumat verilmişdir ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin, bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, əməkçilərin həyatı üçün təhlükə doğura biləcək risklərin aradan qaldırılması “Azərikimya”-da prioritet məsələlərdəndir və bu istiqamətdə mühüm addımlar atılmışdır. Zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilmiş, “Etilen-polietilen” zavodunda hərtərəfli yenidənqurma və modernizasiya işlərinə start verilmişdir. Qeyd edilmişdir ki, Birlik müəssisələrində əməyin mühafizəsi istiqamətində görülən işlər “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun təşkil edilmişdir. Qonaqlara həmçinin 2019-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan yeni layihələr haqqında da ətraflı məlumat verilmişdir. Nümayəndə heyətinin üzvləri müəssisənin ərazisinin təmizliyinə, yaşıllıq zolaqlarının həcmindən məmnunluqlarını ifadə etmiş, belə bir şəraitin əksər MDB olkələrinin müəssisələrində olmadığını etiraf etmişlər.

25 Noyabr 2016

BANM-də “BP yay təcrübəsi-2017” təqdim olundu

+

Bakı Ali Neft Məktəbində “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva və qazma mühəndisi Fərid Hüseynov şirkətin yay təcrübəsi proqramı haqqında tələbələrə məlumat vermiş, müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimat keçirmişlər. Qeyd olunmuşdur ki, artıq üç ildir ki, BP şirkəti BANM-in tələbələri üçün belə imkanlar yaradır. Ötən illərdə proqramın iştirakçısı olmuş BANM-in tələbələri - Elşən Mikayılov, Əhməd Kələntərli və Ümid Tərlanlı BP-də qazandıqları təcrübə haqqında təqdimatla çıxış etmişlər. Sonda tələbələrin sualları cavablandırılmışdır.

BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar. Təcrübə zamanı tələbələr BP-nin mühəndislik standartları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq, zəngin iş təcrübəsi əldə edəcəklər.

25 Noyabr 2016

“Günəşli” yatağındakı 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 3088-3075 metr intervaldan sutkalıq 71 ton neft və 5000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.