Xəbərlər arxivi

24 Noyabr 2016

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

24 Noyabr 2016

BANM-də “Gənc Ekoloqlar” layihəsi həyata keçirilmişdir

+

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsi Mustafa Əsgərovun “Gənc Ekoloqlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş və layihənin icrası uğurla başa çatmışdır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 140 tələbə peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparmışlar. Layihənin son günündə isə poster yarışması keçirilmiş, iştirakçı qruplar verilmiş ekoloji problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirmişlər. Sonda qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunmuşdur.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilmişdir.

24 Noyabr 2016

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri beynəlxalq konfransda iştirak etmişdir

+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri Böyük Britaniyanın Confidence Capital şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Dənizdə və quruda neft dağılmaları: Neft və qaz sektorunda sənaye təhlükəsizliyi” mövzusunda IV praktiki konfransda iştirak etmişlər. Azərbaycan, Türkiyə, Rusiya, Belarusiya, Qazaxıstan, Böyük Britaniya, Almaniya və Norveçin ekologiya, gəmiçilik, neft-qaz, neft-kimya, texniki xidmət və elmi-tədqiqat sahələrini təmsil edən dövlət və özəl sektorun 100-ə yaxın əməkdaşı və media nümayəndələri konfransda iştirak etmişlər. Tədbirdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ekoloji maarifləndirmə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mövzularında təşkil olunan kurslara dair təqdimat nümayiş etdirilmiş, İdarə rəisi Fuad Süleymanovun məruzəsi dinlənilmişdir. Konfransda TTSİ-nin təlim mərkəzlərinin potensialı və mövcud imkanları barədə dinləyicilərin sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.

24 Noyabr 2016

“Neft Daşları” yatağında yeni quyu qazılır

+

“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2364 nömrəli quyuda qazma işlərinə başlanılıb. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1700 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.