Xəbərlər arxivi

23 Noyabr 2016

BANM-də EBSCO xidmətlərindən istifadə ilə bağlı təlim keçirilmişdir

+

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin nümunəsində EBSCO Discovery xidmətlərinin (EDS) resurslarından istifadə ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib. BANM-in müəllim və yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuş təlimi EBSCO Information Service (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova, Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər. Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilmiş, dinləyicilərə BANM-in EBSCO Discovery Xidməti vasitəsi ilə ictimaiyyətə açıq olan 3.400-dən artıq elektron kitabdan ibarət yeni kitabxana kolleksiyası təqdim edilmişdir. İrina Kreysarova bildirmişdir ki, BANM-in kitabxanasında innovasiya texnologiyalarından fəal istifadə olunur. Eyni zamanda məktəbin təcrübəli müəllimləri yeni bilikləri və ən qabaqcıl metodikaları öyrənməyə hazırdırlar. Etiraf edim ki, heç də hər zaman akademik mühitdə bu dərəcədə maraq göstərən və diqqətli auditoriyaya rast gəlmək olmur”.

Qeyd edək ki, EBSCO Information Services kitabxanaları elektron resurslarla təchiz edən aparıcı şirkətlərdəndir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri üçün istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq edilir.

23 Noyabr 2016

«Azərikimya» İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

“Azərikimya” İstehsalat Birliyində Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənaye mərkəzi kimi yenidən qurulması, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında, eləcə də Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da qonaqlara məlumat vermişdir.

Səmimi qəbula görə minnətdarlığını bildirən Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskas ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd etmiş, bu əməkdaşlıqların Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirmişdir.

“Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonaqlara Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilmiş, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir. Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak etmişdir.

23 Noyabr 2016

Masallının daha bir kəndinə təbii qaz verilib

+

Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Həmçinin vurğulanmışdır ki, hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri Məmmədoba kəndinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

23 Noyabr 2016

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

+

Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul vermiş, 2410-2395 metr intervaldan gündəlik 20 ton neft və 12000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilmişdir.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.