Xəbərlər arxivi

22 Noyabr 2016

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Noyabrın 23-də saat 11:00-dan 14:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şəmkir rayonunun Sarıtəpə kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

22 Noyabr 2016

İlk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlamışdır

+

Azərbaycanın gənc startup-ı “CarDoctor” “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim etmişdir. Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlamışdır. İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilmişdir, gələcəkdə SOCAR-ın digər yanacaqdoldurma məntəqələrində də quraşdırılması planlaşdırılır. Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulmuşdur. Köşk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaqdır. Eyni zamanda, nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə də təchiz olunacaq bu köşklər vasitəsilə avtomobillərdə ortaya çıxan texniki nasazlıqlar yerindəcə sürücülərə təqdim olunacaqdır. Belə ki, texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır. Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilmişdir. Lakin bu ilin sonuna qədər xidmətlərə 50 faizlik endirim edilib. Bu, ilk dəfə Azərbaycanda tətbiq olunub. Terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının marağına səbəb olmuşdur. Avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.

22 Noyabr 2016

“Azneft” İstehsalat Birliyinin qaz-kompressor təsərrüfatı yenilənir

+

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz - kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir. Ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə “Çıraq-1” platformasından “28 May” NQÇİ-yə nəql olunan qaz xətti üzərində 400 millimetr ölçüdə əks klapan quraşdırılmışdır. Respublika ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə, “28 May” NQÇİ-nin Zirə sahəsində istismar olunan seperasiya sistemi yeniləşdirilmiş, seperatorlar əvəzlənmiş, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilmiş, siyirtmələr dəyişdirilmiş, qaz ölçü qovşaqları təftiş olunmuş və şama gələn xətt yenisi ilə dəyişdirilmişdir. “28 May” NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə, iş saatını başa vurmuş 2 ədəd qazturbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilmişdir. Quyularda aparılan təmir-bərpa işləri nəticəsində “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı cari ilin oktyabr ayı ərzində 19 milyon 479 min kubmetr artırılaraq 447 milyon 964 min kubmetrə çatdırılmışdır.

22 Noyabr 2016

BANM-in gənc aliminin məqaləsi ABŞ-ın elmi jurnalında dərc edilmişdir

+

Bakı Ali Neft Məktəbinin Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri, “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan Eminovun “Biokütlədən bioyanacaqların alınması” mövzusunda “The Highly Selective and Near-Quantitative Conversion of Glucose to 5-Hydroxymethylfurfural Using Ionic Liquids” məqaləsi ABŞ-ın nüfuzlu “PLoS ONE” jurnalında dərc edilmişdir. Bu, S.Eminovun Thomson Reuters jurnalları siyahısına daxil olan elmi nəşrdə çap olunan sayca 3-cü məqaləsidir. İndiyədək onun beynəlxalq konfransların elmi məqalələr toplusunda 6 tezisi də çap olunmuşdur.

“PLoS ONE” kimya sahəsində dünyanın ən nüfuzlu nəşrlərindən biridir. Jurnalın saytına giriş sərbəstdir (open access) və məqalələri ödənişsiz əldə etmək mümkündür. “PLoS ONE” eyni zamanda dünyanın ən çox məqalə dərc olunan jurnalıdır. Belə ki, jurnalda il ərzində 30000, gündə 85 məqalə çap olunur.

(Sənan Eminovun məqaləsi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0163835)