Xəbərlər arxivi

21 Noyabr 2016

SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanmışdır

+

Noyabrın 21-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə şirkət rəhbərliyini təbrik etmiş, onlara gələcəkdə daha böyük uğurlar arzulamışdır. Rövnəq Abdullayev SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs etmiş, hər iki şirkətin birgə işrirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etmişdir. Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanmışdır. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən “Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləmiş, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirmişdir. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd etmiş, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini demişdir. Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üzrə öz imkanlarından maksimum istifadə istəyi ifadə olunmuşdur.

Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanmışdır.

21 Noyabr 2016

“Azəriqaz” İB-nin yeni internet səhifəsi istifadəyə verilmişdir

+

Noyabrın 21-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin yeni www.azeriqaz104.az internet səhifəsi istifadəyə verilmişdir. Azərbaycan dilində fəaliyyətə başlayan saytdan abonentlər təbii qazdan istifadə və təhlükəsizlik qaydalarını, “ASAN Xidmət” mərkəzlərində Birliyin göstərdiyi fəaliyyət istiqamətləri, həmçinin sayğaclar barədə məlumatlar əldə edə biləcək, eləcə də “ən çox verilən suallar” bölməsində onları maraqlandıran suallar cavablandırılacaqdır. Bundan başqa, abonentlər sayt vasitəsi ilə elektron müraciət ünvanlaya, qaynar xətlərə zəng edə, borclarını öyrənə və onlayn ödəniş edə biləcəklər. Yeni abonentlər də saytdakı müvafiq bölməni seçərək ilkin informasiyaya yiyələnəcəklər.

Saytın yaradılması nəticəsində Birlik üzrə 104 və 185 saylı Çağrı mərkəzinə daxil olan zənglərin sayının azalacağı, şikayətlərin daha operativ həll ediləcəyi, Birliyin fəaliyyəti haqqında məlumatların ictimaiyyətə daha tez və dolğun çatdırılacağı gözlənilir. Birlik tərəfindən abonentlərə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

21 Noyabr 2016

“Neft Daşları” yatağında yeni quyu qazılır

+

“Neft Daşları” yatağındakı 602A saylı özüldə 2665 nömrəli quyunun qazma işləri davam etdirilir. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1750 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

21 Noyabr 2016

BANM və İzmir Universiteti arasında memorandum imzalanmışdır

+

Bakı Ali Neft Məktəbi (BANM) və Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi arasında oxşar cəhətlərin olduğunu bildirmiş, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq, imzalanacaq memorandumun iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulamışdır.

Bakı ilə İzmirin qardaşlaşmış şəhərlər olduğunu vurğulayan İzmir Çələbi Universitetinin rektoru Qalib Akhan Azərbaycana səfərdən məmnun olduğunu bildirmiş, müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu qeyd etmişdir.

Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalanmışdır. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və müəllimlərin qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda rektor Elmar Qasımov İzmir Çələbi Universitetinin rektoru Qalib Akhana BANM-in “Fəxri qonaq” diplomunu təqdim etmişdir.

21 Noyabr 2016

“Günəşli” yatağındakı 7 saylı özüldə baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat

+

Noyabrın 20-də saat 22.30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşmış, kranın qırılan hissəsi dənizə düşmüşdür. Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişmişdir.

Dərhal müvafiq dövlət orqanlarına məlumat verilmiş, kran istehsalçısının nümayəndəsi dəvət olunmuş və birgə xüsusi komissiya yaradılmışdır. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.