Xəbərlər arxivi

18 Noyabr 2016

Elitar gimnaziya şagirdləri Eko parkda olmuşlar

+

SOCAR-ın Ekologiya İdarəsinin ətraf mühitin mühafizəsi məqsədi ilə təşkil etdiyi maarifləndirici tədbirlər tələbələr və orta məktəb şagirdləri tərəfindən böyük maraqla qarşılanır. Noyabrın 18-də Elitar gimnaziyanın şagirdləri üçün Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiya təşkil edilmişdir. Məktəblilər “Eko-mərkəz” də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra, onlara SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında ətraflı məlumat verilmiş, video-çarxlar nümayiş etdirilmişdir. Gəzinti zamanı məktəblilər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olmuşlar. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları məktəblilərdə böyük marağa səbəb olmuşdur. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

18 Noyabr 2016

Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər yerinə yetirilir

+

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2016-cı il üçün nəzərdə tutulmuş ekoloji tədbirlər uğurla yerinə yetirilir. Zavod ərazisində, istehsalat sahələrində ağaclar, mövsümi güllər əkilir, məişət tullantıları zərərsizləşdirilir, atmosferə atılan tullantılar minimuma endirilir. Ötən müddətdə “Alfa-Laval” qurğusundan istifadə olunmaqla müxtəlif avadanlıqlarda yığılıb qalmış 4147 ton neft şlamı zərərsizləşdirilmişdir. Zavodun sahələrindən 1089 kubmetr həcmində məişət tullantısı daşınmış, ərazidən 350 tondan çox metal tullantı kənarlaşdırılmışdır. Texnoloji qurğuların movcud soyutma sistemi ilin isti aylarında tələbata cavab verə bilmədiyinə görə, Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən yeni susoyutma qurğusunun (qradirni) tikinti (məhsuldarlığı 7000 m3/ saat) işləri davam etdirilir. Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 №-li sahədə bioloji təmizləmə qurğusunda I pillədə 2 ədəd çökdürücü mexaniki qarışıqlardan təmizlənmiş, mexaniki qarışıq lil meydançasına vurulmuşdur. Zavodun istehsalat və sahələrində sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 22 ədəd su sayğacı alınmış və quraşdırılmış, su itkisinin qarşısı alınmışdır. Zavodda ətraf mühitin mühafizəsi tədbirləri mütəmadi olaraq davam etdirilir.

18 Noyabr 2016

Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə təbii qaz verilmişdir

+

Noyabrın 18-də Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilmiş, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

18 Noyabr 2016

SOCAR-ın Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir

+

Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. Açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Rumıniya Parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, bu ölkədə fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, ''SOCAR Petroleum SA'' şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatmışdır. Məntəqədə 3 sayğac quraşdırılmış, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılmışdır. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də “Nar” kafe də fəaliyyət göstərir. Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

18 Noyabr 2016

SOCAR orta məktəb şagirdlərinin peşə təhsilinə həvəsləndirilməsi prosesinə dəstəyini davam etdirir

+

Noyabrın 17-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, SOCAR-ın İnsan Resursları Departamenti və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə Almaniyanın “SEQUA” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilində verə biləcəyi dəstək” layihəsi çərçivəsində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində Məktəb-Lisey Kompleksinin 8, 9, 10-cu sinif şagirdləri üçün peşə təhsilinə marağın artırılması üzrə ekskursiya keçirilmişdir. Şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə giriş təlimatı verildikdən sonra TTSİ-nin fəaliyyəti və təlim mərkəzləri ilə bağlı video-çarx təqdim olunmuş, SOCAR-da peşə təhsili almış şəxslər üçün mövcud olan iş imkanlarından bəhs edilmişdir. Qeyd olunmuşdur ki, İnsan Resursları Departamenti tərəfindən tam obyektiv və şəffaf şəkildə təşkil edilən imtahanlarda iştirak etməklə SOCAR-ın təlim mərkəzlərinə qəbul olmaq mümkündür. Şagirdlərə məlumat verilmişdir ki, SOCAR-ın təlim mərkəzlərində peşəyə yiyələnmə müddətində tələbələr aylıq təqaüd, xüsusi geyim, gündəlik naharla təmin edilirlər.

Daha sonra şagirdlər emalatxana və təlim otaqları ilə tanış olmuş, “elektrik qaz qaynaqçısı”, “plastmas qaynaqçısı”, “nasos qurğularının maşinisti”, “elektrik montyoru”, “nəzarət ölçü cihazları üzrə çilingər”, “defektoskopçu”, “təmirçi çilingər”, “qazla kəsən” peşələrinin qaydaları, prinsipləri və peşə üstünlükləri barədə məlumat almışlar. Sonda ekskursiya iştirakçıları layihənin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Peşə təhsilinə dəstək və məşğulluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş layihənin dövlətimizə fayda verəcəyinə əminlik ifadə olunmuşdur.

Layihə çərçivəsində dekabr ayının sonuna kimi daha altı orta məktəbin şagirdləri üçün də analoji ekskursiyalar təşkil olunacaqdır.

18 Noyabr 2016

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BANM-nin qonağı olmuşdur

+

“Beynəlxalq Tolerantlıq günü” ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BANM-də olmuş, məktəbin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirmişdir. Tədbirdən öncə 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunmuşdur. DQDK-nin əməkdaşlarının, “Fitnə” filminin yaradıcı heyətinin iştirak etdikləri görüşü BANM-in rektoru Elmar Qasımov açaraq gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından belə ekran əsərlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. DQDK-nin sədri Mübariz Qurbanlı Azərbaycan dövlətinin tolerantlıq siyasəti barədə danışaraq gəncləri radikal dini qrupların təsirindən qorumağın vacibliyini bildirmişdir. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulamış, BANM-də tələbə-gənclərin bu istiqamətdə maarifləndirilməsini yüksək qiymətləndirmişdir.

Tədbirin sonunda rektor Elmar Qasımov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya “Fəxri qonaq” diplomunu təqdim etmişdir.