Xəbərlər arxivi

16 Noyabr 2016

Azərbaycan nümayəndə heyəti Qərbi Afrika ölkələrində səfərdə olmuşdur

+

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində dövlət və hökumət rəhbərləri ilə, neft-qaz şirkətlərinin yüksək səviyyəli menecerləri ilə, mətbuat və ictimaiyyət nümayəndələri ilə keçirilən çoxsaylı görüşlərdə, işçi qrupları səviyyəsində aparılan danışıqlarda Azərbaycan və bu Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi üzrə geniş spektrli məsələlər müzakirə olunmuşdur. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov və başqalarının daxil olduğu nümayəndə heyətinin Burkina Fasonun Prezidenti Roch Marc Christian Kabore, bu ölkənin Baş naziri Paul Kaba Thieba, xarici işlər və energetika nazirləri ilə görüşlərində bu səfərin Azərbaycan-Burkina Faso iqtisadi münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. SOCAR və Burkina Fasonun SONABHY dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret məsələlər, infrastruktur layihələri, bu ölkəyə neft məhsullarının tədarükü ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Nümayəndə heyəti üzvlərinin, habelə “SOCAR Trading” şirkətinin rəhbər şəxslərindən Jean-François Piacentini və Alexandre Assonun da iştirak etdikləri danışıqlar nəticəsində “SOCAR Trading” və SONABHY arasında Burkina Fasoya neft məhsullarının təchizatı ilə bağlı müəyyən kommersiya razılaşmaları əldə olunmuşdur.

Sonra qonşu Benin Respublikasına səfər edən Azərbaycanın nümayəndə heyətini Benin Respublikasının Prezidenti Patrice Talon qəbul etmişdir. Ölkənin energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin SONACOP dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşlər keçirilmişdir. Daha sonra nümayəndə heyətinin üzvləri Benin Respublikasının Kotonu limanında inşa olunan neft və neft məhsulları dəniz terminalında olmuş, burada aparılan tikinti işləri ilə tanış olmuşlar.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və infrastruktur layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanmışdır.

Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev enerji sahəsində əldə olunan nailiyyətlərin sosial-iqtisadi inkişafa yönəldilməsi sahəsində Azərbaycanın zəngin təcrübə qazandığını vurğulamış və bu təcrübə əsasında hazırlanmış layihələrin Burkina Faso və Benin prezidentlərinə təqdim edildiyini bildirmişdir. O, əmin olduğunu söyləmişdir ki, Azərbaycan təcrübəsinə əsaslanan bu layihələr hər iki Qərbi Afrika ölkəsinin əlavə enerji resursları, xüsusilə neft və neft məhsulları ilə təchizatı üçün yeni imkanlar açacaqdır.

16 Noyabr 2016

Zərdab rayonunun daha iki kəndinə təbii qaz verilmişdir

+

Noyabrın 16-da Zərdab rayonunun Bıçaqçı və Yuxarı Seyidlər kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Zərdab rayonunun 328 abonenti olan Bıçaqçı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24650 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 155 abonenti olan Yuxarı Seyidlər kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 21588 metrlik polietilen və metal boru xətləri çəkilmiş, 155 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, hazırda Zərdab rayonunun daha 4 kəndində (Şahhüseynli, Əlvənd, Otmanoba və Aşağı Seyidlər kəndləri) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

16 Noyabr 2016

SOCAR-ın 2016-cı ilin oktyabr ayı üzrə ödənişləri

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilmişdir.

Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çox olmuşdur.

16 Noyabr 2016

SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilmişdir

+

Noyabrın 15-də SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilmişdir. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbiri açıq elan edərək, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışılmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Daxili Təqaüd Proqramının, SOCAR Yay Məktəbi layihəsinin gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqqında dolğun informasiya əldə etməsində rolu qeyd olunmuşdur. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı üzrə işlərin uğurla davam etdiyi diqqətlə çatdırılmış, bildirilmişdir ki, SOCAR-ın nəzdində peşəkar fəhlə kadrlarının hazırlanması prosesinə başlanılması gənclər arasında peşə təhsilinə marağın artmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 114 qeyri-hökumət təşkilatını özündə birləşdirir və ölkədə gənclər siyasətinin təşkil olunmasında mühüm rol oynayır. ARGTMŞ-nı təşkil edən qurumların SOCAR-la sıx əməkdaşlıqda maraqlı olduqları, fəaliyyət mübadiləsinin gələcəkdə sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağı vurğulanmışdır.

Tədbirdə SOCAR-ın gənclərlə bağlı lahiyələri haqqında video-çarx nümayiş etdirilmişdir. Daha sonra İRD-nin Təlim və inkişaf şöbəsinin rəis müavini Roman Süleymanov təqdimatla çıxış edərək bildirmişdir ki, 2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19162 nəfər müraciət etmiş və 1918 tələbə təqaüdçü seçilmişdir. Yay Məktəbi Proqramına 2490 nəfər müraciət etmiş və 272 nəfər qalib olmuşdur. Ödənişli Yay Təcrübəsi Proqramına 5663 nəfər müraciət etmiş və 1372 nəfər təcrübəçi seçilmişdir. Xarici Təqaüd Proqramı çərçivəsində 275 nəfər tələbənin xaricdə təhsili maliyyələşdirilmiş və təhsilini başa vuranlar işlə təmin olunmuşlar. Həmçinin qeyd olunmuşdur ki, peşəkar fəhlə kadrlarının hazırlanması üzrə 2012-2016-cı illər ərzində təlim mərkəzlərinə qəbul üçün müraciət etmiş 8561 nəfərdən 1247 nəfəri məzun olmuş və 841 nəfər işlə təmin olunmuşdur.

''İnternat Məzunlarının Sosial İnteqrasiyası'' gənclər İctimai Birliyinin sədri Araz Əhmədov internat evinin 100-dən çox məzununun peşə təhsili üzrə SOCAR tərəfindən maliyyələşdirildiyi və işlə təmin edildiyini, habelə ailə qurmuş 60 gəncin mənzil probleminin həll edildiyini bildirmişdir. A.Əhmədov belə xeyirxah işlərə görə SOCAR rəhbərliyinə təşkilat adından təşəkkürünü bildirmişdir.

Sonda qonaqlar üçün SOCAR-ın yeni inzibati binası üzrə gəzinti və birgə nahar təşkil olunmuşdur. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

16 Noyabr 2016

“Bulla-dəniz” yatağında 125 nömrəli quyu istismara verilmişdir

+

Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6200 metr olan 125 nömrəli istismar quyusu istismara buraxılmışdır. Quyuda qazma işlərinə 29 iyul 2015-ci il tarixində başlanılmış, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilmişdir. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6182 metr dərinliyə kimi aparılmış, layihə horizontu tam açılmışdır. 3 noyabr 2016-cı ildə hazır süzgəc (6092-6140m intervalında) istifadə etməklə 6182-6003,5m intervalına paker yığımlı “alt” istismar kəməri endirilmişdir. Mənimsəmə işlərinə başlanılmış və 125 nömrəli istismar quyusu sutkalık 280 min kubmetr qaz və 80 ton kondensat hasilati ilə N.Nərimanov adına NQÇİ-nin istismar fonduna təhvil verilmişdir.

16 Noyabr 2016

“Qaz İxrac” İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabrın 16-da saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.