Xəbərlər arxivi

15 Noyabr 2016

SOCAR-da qanvermə aksiyasına start verildi

+

SOCAR-ın idarə və müəssisələri Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Talasemiyyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulmuşdur. Şirkət bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. 2016-cı il üzrə hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq noyabrın 15-də SOCAR-ın Baş ofisində start verilmişdir. Baş ofisin, Sərmayələr, Ekologiya və Əmək Şəraiti Normalarının İşlənməsi idarələrinin 100-ə yaxın əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə fəal iştirak etmişlər. Aksiya ümumilikdə 2017-ci il may ayınadək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcəkdir.

Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında fəal iştirak edir. İndiyədək şirkətin 27573 nəfər əməkdaşı bu humanist aksiyaya qoşularaq qan vermişdir.

15 Noyabr 2016

İmişli rayonunun daha iki kəndinə təbii qaz verilmişdir



+

Noyabrın 15-də İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Qeyd olunmuşdur ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.

Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

15 Noyabr 2016

BANM-də “Tolerantlıq Günü” keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində “16 noyabr-Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı dəyirmi masa keçirilmişdir. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunduğunu qeyd etmiş, respublikamızda bu sahədə dünya ölkələrinə nümunə olacaq bir siyasət həyata keçirildiyini bildirmişdir. BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev, İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev və Kəmalə Mehdiyeva çıxış edərək Azərbaycanın tolerantlıq ənənələrindən danışmış, ölkəmizdə insanlara dininə, irqinə, milliyətinə görə heç bir fərq qoyulmadığını vurğulamışlar. Bildirilmişdir ki, tolerantlıq Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinin yaradıcılığında da tərənnüm olunmuşdur.

Tədbirdə BANM-də təhsil alan xarici ölkə vətəndaşları Azərbaycanda olan tolerant mühiti yüksək qiymətləndirmiş və gələcək karyeralarını burda qurmağı planlaşdırdıqlarını vurğulamışlar.



15 Noyabr 2016

Azərbaycan nümayəndə heyəti Qərbi Afrika ölkələrində səfərdədir

+

Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimovun daxil olduğu nümayəndə heyəti noyabrın 13-də Burkina Fasonun Prezidenti Roch Marc Christian Kabore tərəfindən qəbul edilmişdir. Xarici işlər və energetika nazirlərinin də iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olmuş və səfərin bu sahədə mühüm rol oynadığı vurğulanmışdır. Noyabrın 14-də Baş nazir Paul Kaba Thieba ilə keçirilən görüşdə SOCAR və Burkina Fasonun SONABHY dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret layihələr, bu ölkəyə neft məhsullarının tədarükü, qonşu Benin Respublikasının Kotonu limanında SOCAR tərəfindən terminalın inşası və bir sıra infrastruktur layihələri müzakirə olunmuşdur. Müzakirələrdə “SOCAR Trading” şirkətinin rəhbər şəxslərindən Jean-François Piacentini və Alexandre Asso da iştirak etmişlər.

Bu gün nümayəndə heyətinin Benin Respublikasının Kotonu şəhərində energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin SONACOP dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşləri planlaşdırılır.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və digər enerji layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanır.

15 Noyabr 2016

“Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq

+

Noyabrın 15-də saat 12:00-dan 18:00-dək “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində və “Goranboy” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.