Xəbərlər arxivi

14 Noyabr 2016

İnsan Resurslarına həsr edilmiş beynəlxalq forumda SOCAR iştirak etmişdir

+

SOCAR-ın İnsan Resursları Departamenti “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə keçirilmiş İnsan Resursları Beynəlxalq Forumunda iştirak etmişdir. Departamentin rəisi Asif Bəkirli Forumun əsas mövzusu - Beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiq olunmaqla insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasından danışaraq SOCAR-ın bu sahədə təcrübəsini iştirakçılarla bölüşmüşdür. Çıxışı zamanı A.Bəkirli ilk öncə insan resurslarının (İR) informasiya texnologiyaları (İT) ilə inteqrasiyasının şirkətlərdə məlumatların təhlükəsizliyinin təmin edilməsi, sürətli İR hesabatları və analizlərinin aparılması, şəffaflığın təmin edilməsi, işçilərə şəxsi platformadan istifadə, məlumatların çevik yenilənməsi və vahid məlumat bazasının formalaşdırması kimi üstünlüklər yaradıldığını qeyd etmiş, son illərdə SOCAR-da bu istiqamətdə aparılan işlərdən söz açmışdır. Qeyd olunmuşdur ki, işə qəbul və testləşdirmə sahəsində tam olaraq avtomatlaşdırmış sistemə keçidlə yanaşı, işçilərlə əlaqələrin effektiv şəkildə təşkil edilməsi məqsədilə İnsan Resursları Portalının və müxtəlif kadr əməliyyatları və hesabatlarının həyata keçirilməsi üçün beynəlxalq şirkət olan SAP HR modulu SOCAR-da istifadə edilir. Daha sonra SOCAR-da tətbiqinə yeni başlanmış SAP şirkətinin yeni proqram tətbiqi olan İnsan Resurslarının Transformasiyası proqramı haqqında da məlumat verilmişdir. A.Bəkirli bildirmişdir ki, yeni modulun tətbiqi ilə SOCAR-da işə qəbul, testləşdirmə, karyera inkişafı, işçilərlə əlaqələr kimi mövcud İR prosesləri ilə yanaşı, səriştəliliklərin idarəedilməsi, şirkətin yüksək əhəmiyyətli vəzifələri üçün davamçı işçilərin hazırlanması, xidməti fəaliyyətin qiymətləndirilməsi və işçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi kimi yeni proseslər də əlavə edilməklə İR funksiyaları tam şəkildə avtomatlaşdırılacaqdır. Forumda müxtəlif şirkət və təşkilatlardan insan resursları və əlaqəli sahələr üzrə 400 nəfər dinləyici iştirak etmiş, SOCAR, Azercell, Deloitte Azerbaijan, Access Bank və beynəlxalq qurumlardan Adler Central Europe, TMA Method International, Kare HR Consultacy, Korn Ferry Hay Group kimi şirkətlərin bu sahədə təcrübəsindən bəhs edən təqdimatlar dinlənilmişdir.

14 Noyabr 2016

Azərbaycan nümayəndə heyəti Burkina Fasoda görüşlər keçirmişdir

+

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Fasoda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində ölkənin paytaxtı Uaqaduqu şəhərində bir sıra ikitərəfli görüşlər keçirilmişdir. Burkina Faso parlamentinin - Milli Assambleyanın sədri Salif Diallo ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri, o cümlədən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyinin və “SOCAR Trading” şirkətinin rəhbər şəxsləri iştirak etmişlər. Görüşdə Azərbaycan və Burkina Faso arasında diplomatik əlaqələrin 2004-cü ildə yaradıldığı, iki dövlət arasında əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycanın müşahidəçi status daşıdığı Afrika İttifaqı çərçivəsində həyata keçirildiyi vurğulanmış, qarşlıqlı əməkdaşlığın inkşafı üçün geniş perspektivlərin olduğu qeyd edilmişdir. Nazir Natiq Əliyev Azərbaycanda həyata keçirilən uğurlu enerji strategeiyası barədə ətraflı məlumat vermiş, ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs etmişdir. Azərbaycanın əsas neft və təbii qaz ixracatçılarından biri kimi dünya enerji bazarında oynadığı rol xüsusi qeyd edilmişdir. Görüşdə Burkina Fasonun əsas enerji daşıyıcalarını idxal etdiyi, bu ölkənin Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğı qeyd edilmişdir.

14 Noyabr 2016

İndoneziya səfiri BANM-də olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür. Rektor E.Qasımov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan BANM-in tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermis, Ali Məktəbdə qısa müddət ərzində görülən işlərdən, dünyanın aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən bəhs etmişdir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə təşəkkürünü bildirmiş, BANM ilə Indoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağına əminliyini söyləmişdir. Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət etmişdir. Görüşdə gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etmişdir.

14 Noyabr 2016

''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər

+

SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilmişdir. İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir etməmişdir. İmtahan zamanı “ASAN könüllü”sü ona ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdiyi kompüterin monitorundan avtomatik olaraq topladığı bal haqqında məlumat ala bilmişdir.

Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət ediləcəklər. Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim ediləcəkdir.

14 Noyabr 2016

«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilmişdir

+

SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilmişdir. “Azərikimya” İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam etmişdir. Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Azərikimya” İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülmüşdür. Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır. «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında seçilmiş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük qələbə sevincləri arzulamışdır. Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur.

14 Noyabr 2016

Ölkədə təbii qaz alan abonentlərin sayı durmadan artır

+

2016-cı ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşmüşdür. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatmışdır. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılmış, ödəniş səviyyəsi 107,83 faiz olmuşdur.

Onu da qeyd edək ki, 01 noyabr 2016-cı il tarixə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır.