Xəbərlər arxivi

11 Noyabr 2016

SOCAR Gürcüstanda ən yüksək reytinqi olan şirkətlərdəndir

+

Noyabrın 10-da Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirmişdir. Ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak etmişlər. “SOCAR Georgia Petroleum” şirkəti “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi”, “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrstrukturu olan şirkət”, “Ən böyük işəgötürən” nominasiyalarında milli biznes mükafatına layiq görülmüşdür. “SOCAR Georgia Gas” şirkəti “Ən yaxşı inkişaf strategiyası”, “Ən yaxşı xidmət”, “Ən innovativ şirkət” nominasiyalarında qalib gəlmişdir. Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - “Black Sea Terminal” MMC isə “İlin investoru” elan olunmuşdur.

“SOCAR Georgia Petroleum” şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanmışdır.

Mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, iri biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak etmişlər.

11 Noyabr 2016

SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi nəşr edilmişdir

+

Noyabrın 11-də SOCAR-ın və “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyinin dəstəyi ilə nəşr edilmiş “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilmişdir. Kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır. Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM İctimai Birliyi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan SOCAR-ın Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd etmişdir ki, dünyanın müxtəlif şəhərlərində açılan Azərbaycan mədəniyyəti mərkəzlərində belə fundamental dərsliklərə böyük ehtiyac vardır. SOCAR bu ehtiyacı nəzərə alaraq, digər sosial-mədəni sahələrdə olduğu kimi ana dilimizin təbliği və yayılması işində də öz töhfəsini vermişdir. Kitabın həmmüəllifi, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova layihənin ərsəyə gəlməsi üçün göstərdiyi diqqət və dəstəyə görə SOCAR və ABTM İctimai Birliyinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Azərbaycanda ilk dəfə kommunikativ yanaşma üsülü ilə nəşr olunan dərsliyin təkcə dilmizin öyrənilməsi üçün deyil, Azərbaycan mədəniyyəti ilə ətraflı tanışlıq üçün də geniş imkan yaratdığını vurğulamışdır.

Təqdimatın sonunda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev rəhbərlik etdiyi təşkilat haqqında qısa məlumat vermiş, Rusiya Federasiaynın Dərbənd şəhərində kompakt yaşayan azərbaycanlıların doğma dilinin öyrənilməsi və təkmilləşdirilməsi üçün ABTM İctimai Birliyi tərəfindən əvəzsiz olaraq ayrılan dərslikləri məmnunluqla qəbul edərək, onların yaxın günlərdə Dərbənd Mərkəzi Kitabxanasına çatdırılacağını bildirmişdir.

11 Noyabr 2016

Bakı Ali Neft Məktəbində “İlin gənc tədqiqatçısı” seçilmişdir

+

Bakı Ali Neft Məktəbində tələbələr arasında keçirilən “İlin gənc tədqiqatçısı” müsabiqəsinə yekun vurulmuşdur. Qaydalara uyğun olaraq, hər bir kafedra tərəfindən 3 tələbənin (cəmi 9 tələbə) son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş elmi işi müsabiqəyə təqdim edilmişdir. Rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən elmi işlər ayrı-ayrılıqda qiymətləndirilmişdir. Yekun mərhələdə isə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılmışdır. Komissiya üzvləri tələbələrin məruzələrini dinləyib, suallar verib, hər komissiya üzvü fərdi şəkildə təqdimatları qiymətləndirib. Nəticədə “Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Nicat Qasımov “Yaşıl nanotexnologiyalardan istifadə etməklə suyun təmizlənməsi” mövzusunda elmi-tədqiqat işinə (elmi rəhbər dosent Əmir Vəxşuri) görə “İlin gənc tədqiqatçısı” elan edilmişdir. Müsabiqənin qalibi xüsusi diplom və mükafata layiq görülmüş, onun məruzəsi BANM-də II Azərbaycan Elm Festivalı çərçivəsində keçirilən elmi-ədəbi-bədii tədbirin proqramına daxil edilmişdir.

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Leyli Abbasova elmi-tədqiqat işinə görə müsabiqədə 2-ci , “Kimya-mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Kamran Əliyev isə 3-cü yerə layiq görülmüşlər.