Xəbərlər arxivi

10 Noyabr 2016

“Qaz İxrac” İdarəsinin Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabr 11-də saat 11:00-dan 13:00-dək “Qaz İxrac” İdarəsinin Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, saat 09:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

10 Noyabr 2016

SOCAR Rumıniyada keçirilən Neft və Qaz sərgi-konfransında iştirak etmişdir

+

Noyabrın 9-10-da Buxarestdə “Neft sənayesi icmalı” jurnalı və “Rumıniya Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” keçirilmişdir. SOCAR-ın bu ölkədəki “SOCAR Petroleum SA” şirkətinin də iştirak etdiyi tədbirə Rumıniyanın dövlət və hökümət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılmışlar. “SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığını vurğulayaraq, TANAP və TAP layihələrinin Avropanın enerji xəritəsini dəyişəcəyini qeyd etmişdir. Bildirilmişdir ki, SOCAR artıq dünyada tanınan bir brend kimi beynəlxalq enerji bazarında aparıcı rol oynayır. Regionda bir sıra iri layihələrə imza atmış SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verilmiş, paytaxt Buxarest də daxil olmaqla bu ölkənin 17 regionunda SOCAR brendi ilə 34 yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, şirkət qısa zamanda Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

10 Noyabr 2016

Şəki və Göyçay rayonlarının daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilmişdir

+

Noyabrin 10-da Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Şəki rayonunun 500 abonenti olan Cumakənd kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33890 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Göyçay rayonunun 298 abonenti olan Bəydövül kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 27023 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

10 Noyabr 2016

“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağındakı 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

“Azneft” İstehsalat Birliyi tərəfindən işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri müvəffəqiyyətlə davam etdirir. Bu günlərdə Birliyin sifarişi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılmışdır. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4434-4382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

10 Noyabr 2016

BANM-də Rumıniya səfiri ilə görüş keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüş keçirilmişdir. Rektor Elmar Qasımov qonağı salamlayaraq, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz acmış, Ali Məktəbdə görülən işlər və islahatlar, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr barədə ətraflı məlumat vermişdir. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışan Elmar Qasımov Rumıniya səfirinin BANM-in tələbələri qarşısında təqdimat və ya məruzə ilə çıxış etməsini məqsədəuyğun saymışdır.

Səfir Dan İanku səmimi qəbula görə təşəkkür edərək, BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini vurğulamış, əlaqələrin inkişafından söz açmışdır.

Görüşdə tələbə mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.