Xəbərlər arxivi

8 Noyabr 2016

SOCAR prezidenti Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşmüşdür

+

Noyabırn 8-də, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşmüşdür. Rövnəq Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmişdir. SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat vermiş, bildirmişdir ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir. Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən Rövnəq Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açmışdır. Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd etmiş, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışlar.

8 Noyabr 2016

TTSİ-də “Azərbaycanda multikultiralizm” mövzusunda görüş keçirilmişdir

+

Noyabrın 8-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən “Azərbaycanda multikultiralizm” mövzusunda görüş-seminar keçirilmişdir. TTSİ-nin rəisi Fuad Süleymanov seminarın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir. F.Süleymanov Azərbaycanda müxtəlif millətlərə, dinlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı, milli mədəniyyətə inteqrasiyası haqqında məlumat vermişdir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin rəisi Nahid Məmmədov və şöbənin baş məsləhətçisi Mahir Qəniyev çıxış edərək Azərbaycanda son dövrlər multikultiralizm sahəsində görülən işlərin ictimai əhəmiyyətindən, ölkədə dini tolerantlıq və azadlığın inkişafından, dini radikalizmin dünyada dağıdıcı rolundan danışmışlar. Sonra iştirakçıların sualları cavablandırılmışdır.

8 Noyabr 2016

“Azəriqaz” İB tərəfindən 182 yaşayış məntəqəsinə təbii qaz verilmişdir

+

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə təxirəsalınmaz işlər davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında 7505,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 kilometr uzunluğunda borularda əsaslı təmir işləri aparılmışdır. Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir.

8 Noyabr 2016

Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunmuşdur

+

“9 noyabr- Bayraq günü” münasibətilə Bakı Ali Neft Məktəbinin bütün auditoriyalarında ilk dərs bu günün tarixinə həsr olunmuşdur. Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə etmişlər. BANM-in binasının üzərində Azərbaycan bayraqları asılmışdır.