Xəbərlər arxivi

5 Noyabr 2016

“Azərikimya” İB-nin“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində “TECHNİP İTALY S.p.A.” şirkəti və “SOCAR-KBR” Birgə Müəssisəsi ilə müqavilə imzalanmışdır

+

Noyabrın 5-də Sumqayıt şəhərində “Azərikimya” İB-nin konfrans zalında SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik və “TECHNİP İTALY S.p.A.” şirkəti, eləcə də “SOCAR-KBR” Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilmişdir. SOCAR prezidenti R.Abdullayev, İtaliyanın Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo, “TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin ofisində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş güşəni ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.

SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, həyata keçiriləcək yenidənqurma və rekonstruksiya işlərindən bəhs etmiş, bildirmişdir ki, görüləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Sonra “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara “Azərikimya” İB-də həyata keçirilən yeni layihələr haqqında ətraflı məlumat vermişdir.

“TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland təqdimatla çıxış etmişlər. Baş İcraçı Direktoru Marco Villa qeyd etmişdir ki, mərhələli olaraq 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, Azərbaycan Respublikasında neft-qaz və neft-kimya sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı işlər və sınaq xidmətləri, layihələr, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət, layihənin idarəedilməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlimlər, yerli personalın biliyinin yoxlanılması və ekspertizası, layihələrin icra qrafikinə nəzarət funksiyasının yerinə yetirilməsi, podratçılara nəzarət və idarəetmə sahələrində böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb olunmuşdur.

“KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirmişdir ki, imzalanacaq müqavilə çərçivəsində “SOCAR-KBR” və “Azərikimya” İB-nin mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT)- “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. “SOCAR-KBR” Birgə Müəssisəsi layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və cəlb olunan podratçıların idarə edilməsində “Azərikimya” İB-yə dəstək verəcəkdir.

Görüş çərçivəsində “Azərikimya” İB ilə “TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, Birliklə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı-PMC müqaviləsi imzalanmışdır. Hər iki müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdənsə müvafiq olaraq “TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalamışlar.

Daha sonra tədbir iştirakçıları rekonstruksiya aparılacaq əraziyə gəlmiş, layihənin plan sxemləri ilə tanış olmuş, burada ağac əkmiş və xatirə şəkili çəkdirmişlər.

Xatırladaq ki, hələ cari ilin martında SOCAR-ın Baş ofisində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə “TECHNİP İTALY S.p.A.” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilmişdi.

5 Noyabr 2016

“Günəşli” yatağındakı 10 saylı özüldə təmir işləri davam etdirilir

+

Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir. Dünən, 4 noyabr 2016-cı il tarixində təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilmiş, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olmuşdur. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunmuşdur. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmamışdır. Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.