Xəbərlər arxivi

4 Noyabr 2016

TTSİ-də görüş keçirilmişdir

+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Amerika Sınaq və Materiallar Cəmiyyətinin (ASMC) Satış və marketinq üzrə vitse-prezidentinin müavini Ceyms Tomas, Amerika Neft İnstitutunun Qlobal Sənaye Xidmətləri bölməsinin rəhbəri xanım Lakşmi Mahon ilə görüş keçirilmişdir. Görüş zamanı TSSİ-nin rəisi Fuad Süleymanov beynəlxalq standartların tələbləri səviyyəsində SOCAR-ın müəssisələrinin fəaliyyətinin uyğunluğunun təmin edilməsi və sertifikatlaşdırma işlərindən danışmış, İSO 9001-Keyfiyyət idarəetmə sistemi, OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 14001-Ətraf mühitin mühafizəsi, İSO/İEC 17024-Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar, İSO/İEC 17025-Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər, İSO 9606-Qaynaqçıların bacarıqlılıq sınağı, habelə İdarənin fəaliyyətinin nəticələrinə görə Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun İSO 29990-Qeyri-formal təlim xidmətləri üzrə akkreditasiyasının, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) Təhlükəsiz idarəetmə (Managing safely) təlim kursu üzrə təlim provayderi lisenziyasının, OPİTO-nun BOSİET/HUET təlim kursu üzrə standartın qazanılmasının vacibliyini diqqətə çatdırmışdır. Görüşdə təlim və kadr hazırlığı istiqamətində xarici şirkətlərin SOCAR ilə əməkdaşlığının cari vəziyyəti müzakirə olunmuşdur.

Sonra ASMC-nin Satış və marketinq üzrə vitse-prezidentinin müavini Ceyms Tomas, Amerika Neft İnstitutunun Qlobal Sənaye Xidmətləri bölməsinin rəhbəri xanım Lakşmi Mahon təmsil etdikləri qurumlar tərəfindən standartların tətbiqi və sertifikatlaşdırma sahəsində hüquqi və fiziki şəxslər üçün yerinə yetirilmiş çoxsaylı xidmətlər haqqında məlumat vermişlər. Qeyd edilmişdir ki, Amerika Neft İnstitutunun Standartlar üzrə məlumatlar bazasından TTSİ də istifadə edə bilər. Qonaqlar səmərəli fikir mübadiləsinə görə TTSİ-nin rəhbərliyinə təşəkkürlərini bildirmiş, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasının faydalı olacağını vurğulamışlar.

4 Noyabr 2016

SOCAR-da Statoil şirkətinin İnsan resursları üzrə rəhbərləri ilə müzakirə aparılmışdır

+

Noyabrın 3-də SOCAR-ın Baş ofisində şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Statoil şirkətinin Beynəlxalq layihələr portfoliosu üzrə İR vitse-prezidenti, xanım Beate Hamre Deck, Beynəlxalq əməliyyatlar üzrə İR meneceri Andre Steinsett Mathiesen və Statoil-un Azərbaycan ofisinin İnsan Resursları, maliyyə və biznesə dəstək meneceri Emin Xəlilovla görüşmüşdür. Xalik Məmmədov bildirmişdir ki, şirkətlər arasında İnsan Resurslarının idarə edilməsi prosesinə dair fikir mübadiləsi xüsusi əhəmiyyət daşıyır və fəaliyyətin effektivliyinə mühüm töhfə verə bilər. SOCAR-da həyata keçirilən İnsan Resursları funksiyalarının transformasiya layihəsi haqqında ətraflı məlumat verən şirkətin vitse-prezidenti son illərdə bu istiqamətdə bir neçə layihənin uğurla reallaşdırıldığını qeyd etmiş və SOCAR-ın İRİE fəaliyyətinin qurulmasında sosial məsuliyyətin vacib amil olmasını diqqətə çatdırmışdır.

Daha sonra Statoil şirkətinin Beynəlxalq layihələr portfoliosu üzrə İR vitse-prezidenti, xanım Beate Hamre Deck görüşün ikitərəfli əməkdaşlıqda mühüm rol oynayacağına əminliyini ifadə etmiş və təmsil etdiyi şirkətin İR strukuru və funksiyaları barədə geniş məlumat vermişdir. Həmçinin Statoil-un Beynəlxalq əməliyyatlar üzrə İR meneceri Andre Steinsett Mathiesen İR funksiyalarının icrasında qarşılaşdıqları problemlərdən söz açmışdır.

Qonaqlar SOCAR mütəxəssislərinin İR prosesləri ilə bağlı suallarını geniş və ətraflı şəkildə cavablandırmış və suallar ətrafında maraqlı müzakirələr aparılmışdır. Məlum olmuşdur ki, İRİE sisteminin qurulması dünyanın bütün iri neft şirkətlərində hər zaman çətinliklər doğurur və dəyişikliklərin tətbiqi güclü müqavimətlə qarşılanır. Statoil şirkəti də mövcud bazar reallıqlarını nəzərə alaraq hazırda İR transformasiya proqramını tətbiq etmək ərəfəsindədir.

Görüşün sonunda qarşılıqlı korporativ simvolik hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.

4 Noyabr 2016

“Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 10996 istehlakçıya xidmət etmişdir

+

2016-cı ilin oktyabr ayı ərzində Bakı şəhərindəki 1, 2, 3, 4, 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 10996 müraciət daxil olmuşdur. Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapmışdır. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

4 Noyabr 2016

Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşmüşdür. Rektor E.Qasımov qonaqları BANM-də görməkdən məmnunluğunu ifadə etmiş, rəhbərlik etdiyi ali təhsil müəssisəsində qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat vermiş, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açmışdır.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışmış, səmimi qəbula görə təşəkkürünü bildirmişdir. Görüşdə BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in Yüksək Öyretim Kurulu ilə (YÖK) əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.