Xəbərlər arxivi

3 Noyabr 2016

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilmişdir

+

SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) fəxri professoru adı verilmiş, universitetin geoloji-kəşfiyyat fakultəsinin təhsildə fərqlənən ən yaxşı tələbələri üçün “Akademik Xoşbəxt Yusifzadə təqaüdü” təsis edilmişdir. Görkəmli neftçi-alimə fəxri professor adının diplomu və geoloji-kəşfiyyat fakultəsinin təhsildə fərqlənən tələbələrinə akademik Xoşbəxt Yusifzadə təqaüdü universitetin akt zalında keçirilmiş təntənəli mərasimdə təqdim olunmuşdur. Tədbirdə universitetin professor-müəllim heyəti, SOCAR-ın nümayəndələri, tələbələr iştirak etmişlər.

Mərasimi ADNSU-nin rektoru, professor Mustafa Babanlı açaraq, qeyd etmişdir ki, universitetin mövcud olduğu 96 il ərzində ilk dəfədir ki, Azərbaycan vətəndaşı olan alimə - Azərbaycanda neft sənayesinin və neft elminin inkişafına böyük töhfələr vermiş akademik Xoşbəxt Yusifzadəyə ali məktəbin fəxri professoru adı verilir. M.Babanlı bu münasibətlə məşhur neftçi-alimi universitetin professor-müəllim heyəti və tələbələri adından təbrik etmişdir. Sonra rektor M.Babanlı “Fəxri professor” diplomunu akademik Xoşbəxt Yusifzadəyə təqdim etmişdir.

SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Xoşbəxt Yusifzadə yüksək fəxri elmi ad üçün universitetin rektorluğuna və Elmi Şura üzvlərinə minnətdarlığını bildirmişdir. O, universitetdə - keçmiş Azərbaycan Sənaye İnstitutunda təhsil aldığı illəri xatırlamış, Azərbaycanda neft sənayesinin inkişaf mərhələlərindən söz açmış, ümmummilli lider Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının bəhrələrindən danışmışdır. Akademik X.Yusifzadə əmin olduğunu bildirmişdir ki, Azərbaycanın gənc neftçi mütəxəssisləri respublika neftçilərinin şanlı ənənələrini bundan sonra da inamla qoruyub saxlayacaqlar. Akademik Xoşbəxt Yusifzadə universitetin tələbələrinə tövsiyyələrini vermiş, onları daim oxumağa, öyrənməyə, yenilik hissi ilə yaşamağa səsləmişdir. Sonra o, universitetin geoloji-kəşfiyyat fakultəsinin 3-cü kurs tələbəsi Təyyubə Adıgözəlovaya və həmin fakultənin 2-ci kurs magistri Hüseyn İmanlıya “Xoşbəxt Yusifzadə təqaüdü”nü təqdim etmişdir. Alim hər iki təqaüdçünü ürəkdən təbrik etmiş, onlara və universitetin bütün tələbələrinə bu şöhrətli ali məktəbin bayrağını daim uca tutmağı tövsiyyə etmişdir.

Mərasimdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, Azərbaycan neftçilərinin ağsaqqalı akademik Xoşbəxt Yusifzadənin ADNSU-nun fəxri professoru adına layiq görülməsi onun Dövlət Neft Şirkətində çalışan həmkarları üçün də əlamətdar hadisədir. X.Məmmədov daha sonra SOCAR-la ADNSU arasında əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən danışmış, şirkətin Daxili Təqaüd Proqramından söz açmış və bir faktı xüsusi qeyd etmişdir ki, bu il Proqramıın qalibi olmuş 77 tələbədən 47 nəfəri ADNSU-da təhsil alır.

Tədbirin sonunda akademik və fəxri professor Xoşbəxt Yusifzadə universitetin müəllim və tələbələrini maraqlandıran suallara cavablandırmışdır.

3 Noyabr 2016

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrlə görüş keçirilmişdir

+

Noyabrın 2-də SOCAR-ın İnsan Resursları Departamentinin rəhbərliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 400 nəfərdən çox tələbə, müəllim-professor heyəti ilə görüşmüşdür. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə yüksək səviyyəli kadrların hazırlanması üçün müasir-innovativ tədris vasitələrinin tətbiqindən bəhs etmiş, diplom işi mövzularının, tədris planlarının SOCAR və digər işəgötürənlərin tələblərinə uyğun təşkil olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Rektor Universitetin yeni təcrübə proqramları, startup-layihələri haqqında ətraflı məlumat vermiş, SOCAR ilə ADNSU arasında fəaliyyət mübadiləsinin gələcəkdə yüksək səviyyəli mühəndis kadrlarının hazırlanmasına, sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağını vurğulamışdır. SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxışında fəhlə və mühəndis kadrlarının hazırlanması prosesində ADNSU ilə birgə fəaliyyətin zəruri olduğunu bildirmiş, qeyd etmişdir ki, 2005-ci ildə SOCAR-ın nəzdində fəhlə kadrlarına olan ehtiyacın keyfiyyətli ödənilməsi məqsədi ilə fəaliyyətə başlamış təlim mərkəzlərində peşə təhsili üzrə tədris proqramlarının hazırlanmasında və tədris prosesinin həyata keçirilməsində ADNSU-nun professor-müəllim heyəti yaxından iştirak etmişdir. Qeyd olunmuşdur ki, SOCAR və ADNSU-nun timsalında tədris və təcrübə vəhdət təşkil etməlidir və bu keyfiyyətli təhsilin təməlidir. Sonra SOCAR-ın gənclərlə bağlı lahiyələri haqqında video-çarx nümayiş etdirilmişdir.



Daha sonra İRD-nin Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov SOCAR-ın təqaüd proqramları və digər layihələri haqqında geniş təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, bu il SOCAR-ın Yay Məktəbi Proqramında iştirak etmiş 18 iştirakçıdan 7-i, Daxili Təqaüd Proqramının qalibi olmuş 77 tələbədən 47-si, Ödənişli Yay Təcrübəsi Proqramında iştirak etmiş 104 tələbədən 64-ü ADNSU-nun tələbəsi olmuşdur. Bundan başqa, ADNSU-nun məzunlarından 225 nəfər təcrübə tələb etməyən vakansiyalara, 177 nəfər təcrübə tələb edən vakansiyalara SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən təşkil olunan şəffaf və obyektiv müsabiqələrdən keçərək, SOCAR-a işə qəbul olunmuşlar. Görüş iştirakçıları tələbələrin suallarını ətraflı cavablandırmışlar. ADNSU-nun əlaçı tələbələrinə SOCAR-ın simvolik korporativ hədiyyələri təqdim olunmuşdur.

3 Noyabr 2016

“Azneft” İstehsalat Birliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunmuşdur

+

''Azneft'' İB-də Birlik rəhbərliyi, baş mütəxəssislər və struktur təşkilatların rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar iclas keçirilmişdir. İclası İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov açaraq ötən müddətdə görülən işlər barədə ətraflı söhbət açmışdır. D.İskəndərov dəniz istehsalat obyektlərində tədqiqat işlərinin tam yekunlaşdığını və nəticəsinin təhlil edilərək müvafiq tapşırıqlar verildiyini qeyd etmişdir. Baş direktor payız-qış mövsümünə keçidlə bağlı bütün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirmiş, təhülkəsizlik tədbirlərinin zəruriliyini vurğulamışdır. Sonra Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Saday Nəsibov 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında geniş hesabatla çıxış etmiş, işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, hazırlıq işlərinin gedişatı ilə bağlı ciddi bir çatışmazlığın olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, mövsümə hazırlıqla əlaqədar boru kəmərlərinin və atqı xətlərinin torpaqlanması və təmiri, neft-qaz, su və sıxılmış hava xətlərinin saz vəziyyətə gətirilməsi, kompressor stansiyalarının çıxış xətlərinin donmaya qarşı istilik örtükləri ilə mühafizəsi, elektrik ötürücü xətlərinin tarımlığının yoxlanılması və təmiri, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, istilik xətlərinin təmiri, mədəndaxili yolların təmiri, istehsalat binaları və fəhlə evciklərinin, yataqxanaların təmiri, neftvurma nasoslarının təftişi və təmiri işləri həyata keçirilmişdir. Hesabat müzakirə olunduqdan sonra Baş direktor D.İskəndərov mövsümə hazırlıqla bağlı görüləcək işlərin də ən qısa zamanda başa çatdırılmalı olduğunu qeyd etmiş, sazlama aparılan zaman işin keyfiyyətinə ciddi nəzarət olunmasının, eləcə də işçilərin təhlükəsizliyinin hər şeydən vacib olduğunu bildirmişdir. İclasda çatışmazlıqlar və problemlər müzakirə edilmiş, onların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilmişdir.

3 Noyabr 2016

Yanvar-oktyabr aylarında 304 çoxmərtəbəli binaya təbii qaz verilmişdir

+

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırılmış və müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin olunmuşdur. Həmin binalarda ümumilikdə 8772 mənzil var.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

3 Noyabr 2016

Tümen Sənaye Universitetinin rektoru BANM-də olmuşdur

+

Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, biznesmen və Tümen Vilayət dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbində olmuşlar. BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin qısa müddətdə əldə etdiyi nailiyyətlərdən, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün burada yaradılmış şəraitdən söhbət açmışdır. Rektor BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, xarici şirkətlərlə və dünyanın aparıcı ixtisaslaşmış universitetləri ilə əlaqələri haqqında qonaqlara məlumat vermiş, TSU-nun tələbələrini BANM-ə dəvət etmişdir.

TSU-nun rektoru Oleq Novoselov BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirmiş, təmsil etdiyi təhsil müəssisəsinin tarixi, tədris proqramları, eləcə də Rusiya və xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığından bəhs etmişdir.

Görüşdə BANM ilə TSU arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, forum və konfransların təşkilini, elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən tədris və elmi materialların mübadiləsini əhatə edir.