Xəbərlər arxivi

2 Noyabr 2016

SOCAR və Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır

+

Noyabrın 2-də Misirə rəsmi səfər çərcivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin Neft və Mineral Ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşmüşdür. Görüşdə tərəflər SOCAR ilə EGPC (Misirin Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparmışlar. Görüşün sonunda SOCAR prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidy arasında Anlaşma Memorandumu imzalanmışdır.

2 Noyabr 2016

Heydər Əliyev adına NEZ-də ictimaiyyətlə görüş keçirilmişdir

+

Noyabrın 2-də Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurma işləri üzrə direktor müavini Rasim İbrahimov müəssisədə həyata keçiriləcək modernizasiya və yenidənqurma işləri haqda ətraflı məlumat vermişdir. Sonra ƏMTQ sənədinin müxtəlif aspektləri barədə çıxışlar olmuşdur. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində tikiləcək bitum qurğusunun inşası, onun məqsədi və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara ətraflı məlumat vermişlər.

SOCAR, Heydər Əliyev adına NEZ, Nizami və Xətai rayon İcra Hakimiyyətləri və Bələdiyyələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə səslənən rəy və təkliflər müzakirə edilmiş, suallar cavablandırılmışdır.

2 Noyabr 2016

Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilmişdir

+

Noyabrın 2-də Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Tədbirdə çıxış edən sakinlər təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcəkdir.

2 Noyabr 2016

2016-cı ilin oktyabr ayında həyata keçirilmiş qazma işləri

+

2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülmüşdür ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aid olmuşdur.

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.