Xəbərlər arxivi

1 Noyabr 2016

SOCAR prezidenti Rövnəq Abdullayev Tümen vilayətinin qubernatoru ilə görüşmüşdür

+

Noyabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan Rövnəq Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırmışdır. Səmimi qəbul üçün təşəkkür edən Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirmiş, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirmişdir. Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir. Sonra qubernatoru müşaiyət edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR rəhbərliyinə məlumat vermiş və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə etmişlər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.

1 Noyabr 2016

Neft məhsullarının ixracı (oktyabr 2016-cı il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac etmişdir. Ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 511,55 ABŞ dolları, təyyarə yanacağının - 472,80 dollar, dizel yanacağının - 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti - 286,36 dollar, yüksək təzyiqli polietilenin - 1185 dollar, butilen butadien fraksiyasının - 528,93 dollar, maye piroliz qətranının - 511,55 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 915 avro təşkil etmişdir.

1 Noyabr 2016

Oktyabr ayında dünya bazarında xam neftin qiymətləri

+

Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 49,67 dollara, Urals nefti 48,74 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,35 dollara satılmışdır.

1 Noyabr 2016

Xam neftin ixracı (oktyabr 2016-cı il)

+

SOCAR 2016-cı ilin oktyabr ayında Novorossiysk limanından 80 min 192 ton, Supsa limanından 267 min 643 ton, Ceyhan limanından 1 milyon 669 min 743 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 978 min 240 ton, Supsa limanından 2 milyon 121 min 271 ton, Ceyhan limanından 13 milyon 992 min 213 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 Noyabr 2016

''Neft Daşları'' yatağında daha bir quyu istismara verilmişdir

+

''Azneft'' İstehsalat Birliyi tərəfindən yataqların səmərəli işlənməsi, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirilir. “Azneft” İstehsalat Birliyi, istismar quyularının qazılmasıyla, eyni zamanda fəaliyyətsiz fondda olan quyuların təmir olunaraq istismara qaytarılmasıyla quyu şəbəkəsinin sıxlaşdırılması işlərinin həyata keçirilməsinə diqqəti getdikcə artırır. Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında 2592 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. 2585 saylı stasionar dəniz özülündən qazılmış 2592 nömrəli quyu məhsuldar qat çöküntülərinin qirməki üstü qumlu lay dəstəsindən qalıq süzgəclər açıldıqdan sonra qazlift üsulu ilə məhsul vermişdir. Quyu 2440-2434 və 2432-2429 metr interval dərinliklərindən gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

1 Noyabr 2016

BANM-də II Elm Festivalı çərçivəsində tədbir keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilmişdir. Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, elmin vacibliyini vurğulamış, ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışmışdır. Tədbir çərçivəsində BANM-in professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-in fəlsəfə doktoru Sənan Eminov və “Kimya Mühəndisliyi” ixtisasının V kurs tələbəsi, “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibi Nicat Qasımov çıxış etmişlər. Tədbirin ədəbi-bədii hissəsi BANM-in tələbələrinin maraqlı ifaları və səhnəcikləri ilə yadda qalmış, əməkdaşların və tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsədilə reallaşdırılan “II Azərbaycan Elm Festivalı” noyabrın 5-dək Naxçıvan, Şəki, Sumqayıt və Gəncədə həyata keçiriləcəkdir.