Xəbərlər arxivi

30 Noyabr 2016

“Darvin bankası” yatağındakı 600 saylı özül əsaslı təmir edilmişdir

+

SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilmişdir. Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilmişdir. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilmiş, 40 ədəd möhkəmləndirici svay vurulmuş, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılmış, 6 ədəd minik yanalma meydançası hazırlanmışdır. Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.

30 Noyabr 2016

İndoneziyanın səfiri BANM-nin qonağı olmuşdur

+

Bakı Ali Neft Məktəbində İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti, təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında ətraflı məlumat vermiş, BANM-də ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdırılması istiqamətində görülən genişmiqyaslı işlərdən danışmışdır.

Səmimi qəbula görə təşəkkür edən İndoneziyanın səfiri Hüsnan Bəy Fanani təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azəırbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığa dəstək verdiyini bildirmişdir. İndoneziyanın dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti BANM-də olmaqdan məmnunluqlarını ifadə etmiş, belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliklərini bildirmişlər. Görüşdə universitetlərarası əlaqələrin qurulması, təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

30 Noyabr 2016

Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

29 Noyabr 2016

Astara və Abşeron magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Noyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

29 Noyabr 2016

Britaniya nümayəndə heyəti SOCAR-da olmuşdur

+

Noyabrın 29-da SOCAR-ın inzibati binasında Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolsonun başçılıq etdiyi neft və qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən artıq Britaniya şirkəti təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilmişdir. Noyabrın 29-dan dekabrın 1-dək davam edəcək səfərin əsas məqsədi neft və qaz sənayesində fəaliyyət göstərən yerli şirkətlər ilə Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Tədbirin rəsmi hissəsində söz alan Birləşmiş Krallığın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolson, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və BP Azərbaycan şirkətinin vitse-prezidenti Joe Murphy iki ölkə arasında mövcud əməkdaşlığın tarixindən, cari və gələcək layihələrdən söhbət açmış və tədbirdə iştirak edən yerli və Britaniya şirkətlərinin nümayəndələrinin suallarını cavablandırmışlar. Daha sonra yerli biznes mühitinin inkişafı naminə son dövrlərdə SOCAR-ın təşəbbüsü ilə qanunvericilikdə edilən dəyişikliklər, Azərbaycanda biznes mühiti, makroiqtisadi göstəricilərin artım tempi, neft və qaz sənayesi, mövcud və gələcək layihələr, layihələrdə yerli resurslardan istifadənin artırılması məqsədilə yerli və beynəlxalq şirkətlər arasında əməkdaşlığın əhəmiyyəti barəsində tədbirə dəvət olunmuş yerli və beynəlxalq şirkətlər üçün biznes-təqdimat keçirilmişdir. Birləşmiş Krallığın Beynəlxaq Ticarət Departamentinin əməkdaşları səfər proqramının məqsədləri və həyata keçirilən layihə haqqında məlumat vermişlər. Müvafiq Britaniya şirkətlərinin Azərbaycanda həyata keçirdikləri biznes fəaliyyət planları və məqsədlərinə həsr olunmuş təqdimat təqdim olunmuş və müzakirə edilmişdir. Qarşıdakı günlərdə nümayəndə heyətinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin iştirakı ilə yaradılmış müəssisələrə səfərləri davam etdiriləcək.

29 Noyabr 2016

ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

+

İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilmişdir. İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirmişdir ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə etmişdir.

Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak etmiş, imtahandan uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət olunmuş, bu mərhələdə isə 12 nəfər seçilmişdir. Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İB-də, Baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına NEZ-də ödənişsiz təcrübə keçmələri nəzərdə tutulmuşdur. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaqdır.

29 Noyabr 2016

BANM-in yaradılmasının 5 ili tamam oldu

+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda Bakı Ali Neft Məktəbi yaradılmışdır. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanması olmuşdur.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbəsi, 2014/2015-ci tədris ilində 16 tələbəsi, 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən 17 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 2 tələbə Bakı Ali Neft Məktəbinə qəbul olmuşdur. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olmuşdur. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür. Ümumilikdə, 5 il ərzində BANM-in tələbələri sırasında 76 Prezident təqaüdçüsü olmuşdur.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə (ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə) beynəlxalq sertifikatlara malikdir.

BANM-in 5 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar BANM-ə Azərbaycanın nüfuzlu lider ali məktəbi statusunu qazandırmışdır. Bu gün BANM abituriyentlərin və onların valideynlərinin ən etibar etdiyi ali məktəblərdən birinə çevrilmişdir.

29 Noyabr 2016

Ekologiya İdarəsi Xəzər dənizindəki neft-qaz yataqlarında ekoloji parametrlərin dəyişilməsi dinamikası haqqında təqdimat keçirilmişdir

+

SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində N.Nərimanov adına NQÇİ-nin “Bulla Dəniz” və “8 Mart” yataqlarında son 5 ildə ekoloji parametrlərin dəyişilməsi dinamikası haqqında təqdimat keçirilmişdir. Departamentin mütəxəssisləri əvvəlcə “Bulla Dəniz” və “8 Mart” yataqlarında monitorinqlərin keçirilmə metodikası barədə məlumat vermis, yataqların ərazisində dəniz suyunda oksigenin miqdarı, temperatur, duzluluq, elektrik keçiriciliyinin göstəricilərinin tədqiq olunan ərazi üçün səciyyəvi olduğu qeyd edilmişdir. Dəniz suyunda neft karbohidrogenlərinin, fenolların, metal ionlarının, biogen elementlərin kimyəvi parametrləri illər ərzində dəyişmişdir. Bildirilmişdir ki, neft və neft məhsulları dənizin canlı orqanizmlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq dənizin müxtəlif rayonlarında əmələ gələn şəraitin təhlili məqsədilə dib faunasının çoxillik dəyişməsinin təfərrüatlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Ötən illər ərzində “Bulla Dəniz” və “8 Mart” yataqlarında ümumilikdə Xəzər üzrə dib faunası miqdarının və biokütləsinin birgə artımı müşahidə olunur. Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılmış, nəticələr müzakirə edilmişdir. Müzakirələrin sonunda Ekologiya İdarəsinin rəisi Azər Əliyev çıxış edərək irad və təkliflərini bildirmiş, bu istiqamətdə elmi əsaslarla işlərin davam etdirilməsini tapşırmışdır.

29 Noyabr 2016

“Günəşli” yatağı üçün yeni özül quraşdırılacaq

+

“Günəşli” yatağı üçün yeni 7A saylı dərin dəniz özülünün inşası nəzərdə tutulmuşdur. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir. 10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı dərin dəniz özülünə 2 körpü vasitəsi ilə birləşdiriləcəkdir. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yüksək təzyiqli qaz seperasiya və ölçü sistemləri, bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcəkdir. Seperasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 saylı özülün müvafiq texnoloji xətlərinə ötürüləcəkdir. Bundan başqa, neft-qaz, içməli su və kabel xətləri də 7 saylı özüllə əlaqələndiriləcəkdir. Ümumi sahəsi 5980 kvadrat metr olacaq özülün dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9350 ton olacaqdır. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcəkdir. Artıq özülün inşası istiqamətində işlərə start verilmiş, “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin ərazisində hazırlanmasına başlanılmışdır. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir.

Qeyd edək ki, özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

28 Noyabr 2016

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Noyabrın 29-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

More