Xəbərlər arxivi

31 Oktyabr 2016

''Neft Daşları'' yatağında yeni quyu istismara verilmişdir

+

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilmişdir. Belə ki, “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən qazılmış 2582 nömrəli quyu istismara verilmişdir. Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

31 Oktyabr 2016

“Azəriqaz” İstehsalat Birliyində xarici audit keçirilmişdir

+

Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyində Türk Standartları İnstitutu tərəfindən EN ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” və EN ISO 50001 “Enerji idarəetmə sistemi” standartları üzrə nəzarət, EN ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartları üzrə isə yenidən sertifikatlaşdırma auditi keçirilmişdir. Auditdə Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Səlim Çələbi, Aysel Engin, Fazilet Baştürk və Tuğba İnkaya iştirak etmişlər. 5 gün davam edən yoxlamalar zamanı audit qrupu “Azəriqaz” İB-nin bir sıra struktur bölmələrində, istehsalat sahələrində və həmçinin Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsində olmuşdur. Birlik üzrə standartların tətbiqi ilə bağlı müsbət rəy verilmiş, bu sahə üzrə təkmilləşdirmənin daha yüksək səviyyədə həyata keçirilməsi və maarifləndirmə işinin davamlılığı üçün bir sıra təkiflər irəli sürülmüşdür.

Auditin başa çatmasına həsr olunmuş yığıncaqda Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev auditorlara təşəkkür edərək onlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirmiş və gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini vurğulamışdır.

31 Oktyabr 2016

Qurban Qurbanov Bakı Ali Neft Məktəbinin qonağı olmuşdur

+

Bakı Ali Neft Məktəbində “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov Q.Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından danışmış, klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilmişdir.

Vaxtilə Azərbaycan Milli komandasının ən yaxşı hücumçusu olan, məşhur futbolçu Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür etmişdir. Qonaq tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyət arzulamış, qeyd etmişdir ki, BANM-in hazırladığı mütəxəssislər Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əvəzolunmaz kadrlardır.

Sonra Q.Qurbanov çoxsaylı sualları cavablandırmış, ən maraqlı sualların müəlliflərinə öz imzası ilə toplar hədiyyə etmişdir.

Görüşün sonunda rektor E.Qasımov Q.Qurbanova BANM-nin xatirə plaketini, baş məşqçi isə rektora idman suvenirləri hədiyyə etmişdir. Sonra xatirə şəkli çəkilmişdir.

28 Oktyabr 2016

Abşeron   rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq

+

Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 28 oktyabr 2016-cı il tarixdə  saat  20:00-dan  işlər yekunlaşanadək  təmir işləri aparılacaq. Təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış  massivinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcəkdir.

Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.



28 Oktyabr 2016

“Azərikimya” İB-nin Etilen-polietilen zavodu ərazisində mülki müdafiə məşqi keçirilmişdir

+

Oktyabrın 28-də ''Azərikimya'' İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Etilen istehsalatının Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində ''Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və mülki müdafiə məşqi keçirilmişdir. Təlimdə müəssisənin mülki müdafiə qüvvələri, o cümlədən mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi və fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi ilə yanaşı, FHN-nin Respublika Mülki Müdafiə İdarəsinin, Mülki Müdafiə Qoşunlarının kimya müşahidə laboratoriyasının və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyətləri, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Azərbaycan Dəmir Yolları QSC-nin Yanğınsöndürən qatarının şəxsi heyəti, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının və “Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları iştirak etmişlər.

Şərti zəlzələnin təsirindən Etilen-polietilen zavodunun Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində baş vermiş dağıntıların altından insanların təxliyyə edilməsi, 100/1 saylı benzin saxlanılan tutumun girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini müəyyən edilmiş vaxtda hadisə yerinə çatdırmışlar. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatmışdır.

28 Oktyabr 2016

“Neft Daşları” yatağında meydançalar təmir edilmişdir

+

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işləri davam etdirir. Bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 1624 saylı meydançada və 1702-1541 saylı meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılmışdır. “Neft Daşlari” yatağında 1624 saylı meydançada görülmüş işlər çərçivəsində, 48 ədəd xamut vurulmuş, 24 ədəd sualtı əlaqə xətti quraşdırılmışdır. Əsaslı təmir zamanı sualtı rabitə xətləri bərpa edilmiş və işlək 4 quyunun sualtı bərkidilməsi işləri başa çatdırılmışdır. 1702-1541 saylı meydançalar arası estakadada aparılan əsaslı təmir işləri çərçivəsində 196 ədəd möhkəmləndirici svay vurulmuş, 55 ədəd rigel və 2 ədəd metal ferma yığılmışdır. Eləcə də 431 ədəd suüstü əlaqə xətti quraşdırılmış, 47 metr uzunluqda yanğın əleyhinə su xətti çəkilmişdir.

Aparılmış təmir işlərindən sonra hər iki obyekt Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul edilmişdir.

27 Oktyabr 2016

“Azərikimya” İstehsalat Birliyində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

Oktyabrın 27-də “Azərikimya” İB-də iki günlük seminar-treninq çərçivəsində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan “Azərikimya”-nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında geniş məlumat vermişdir. Sumqayıtın Azərbaycanın ikinci böyük şəhəri və sənaye mərkəzi olduğunu qeyd edən M.Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açmış, slaydlar vasitəsilə kimya sənayesinin gələcək perspektivləri haqqında nümayəndə heyətini məlumatlandırmışdır.

Səmimi qəbula görə minnətdarlıqlarını ifadə edən nümayəndə heyətinin üzvləri “Azərikimya” İB-də modernizasiya işlərində və yeni qurğuların tikintisində “Hitachi” şirkətinin də yer almasında və qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirmişlər. Görüşdən sonra SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən “Hitachi kompressor texnologiyaları” mövzusunda iki günlük treninqə start verilmişdir. Treninqdə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssis, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.

Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim ediləcəkdir.

27 Oktyabr 2016

Beyləqan rayonunun daha 2 kəndinə təbii qaz verilmişdir

+

Oktyabrın 27-də Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62793 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30120 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunmuşdur. Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

26 Oktyabr 2016

BANM-də Türkmənistan günü keçirilmişdir

+

Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov və səfirliyin məsul əməkdaşları Bakı Ali Neft Məktəbində olmuşlar. BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva tədbiri giriş nitqi ilə açaraq BANM haqqında məlumat vermiş, Türkmənistan-Azərbaycan əlaqələrindən, bu əlaqələrin iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafından danışmışdır. Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov təmsil etdiyi dövlətin 25 illik müstəqillik dövründə keçdiyi siyasi, iqtisadi inkişaf yolunun tarixindən danışmış, ölkədə həyata keçirilən iri miqyaslı layihələr haqda məruzə ilə çıxış etmişdir. Sonda tədbir iştirakçıları səfirlik tərəfindən təqdim edilmiş kitablarla tanış olmuşlar.

25 Oktyabr 2016

“Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Oktyabrın 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

More