Xəbərlər arxivi

20 Fevral 2017

BANM-də Rasim Balayevlə göruş keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Rasim Balayevlə göruş keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov Rasim Balayevi salamlayaraq, onun parlaq yaradıcılıq yolundan danışmış, qeyd etmişdir ki, R.Balayev ekranda döyüşməyə hazır, cəsur insanların və həqiqi vətənpərvərlərin səmimi obrazını yaradıb. Tanınmış sənətkar Ümummilli lider Heydər Əliyev tərəfindən “Əməkdar artist” adına 28 yaşında, “Xalq artisti” adına isə 34 yaşında layiq görülmüş, ulu öndər Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev isə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə onu “Prezident təqaüdü”nə layiq görmüşdür.

Xalq artisti Rasim Balayev Ali Məktəbin rəhbərliyinə görüş üçün təşəkkürünü bildirmiş, belə bir auditoriya qarşısında çıxış etməkdən məmnunluğunu ifadə etmişdir. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışmışdır. Daha sonra tələbələrin xahişi ilə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini söyləyən görkəmli səhnə və ekran ustası tələbələrə uğurlar arzulamış, onların çoxsaylı suallarını cavablandırmışdır.

Görüşün sonunda Rasim Balayevə BANM-nin “Fəxri qonaq” diplomu təqdım edilmişdir.

20 Fevral 2017

Qaz anbarlarının həcmi genişləndiriləcək

+

“Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin istehsalat fəaliyyəti və texniki-iqtisadi göstəricilərinin təhlilinə həsr olunmuş müşavirə keçirilmişdir. İdarənin rəisi Rövşən Qarayev hesabat xarakterli çıxışında bildirmişdir ki, yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağa” olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının yenidən qurulmasında, qorunub saxlanmasında, onların düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər qazanılmışdır. İdarə rəisi ötən il qazvurma mövsümündə yeraltı qaz anbarlarına 1 milyard 987 milyon kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2 milyard 968 milyon kubmetr qaz ehtiyatı yaradıldığını bildirmişdir. Bu günə qədər qaz anbarlarından 1 milyard 873 milyon kubmetr qaz çıxarılaraq təhvil verilmişdir. Hazırda “Azneft” İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 yeni quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində idarə üzrə qaz həcmlərinin 6 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cari il ərzində 7 yeni quyunun qazılması nəzərdə tutulmuşdur.

Daha sonra Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək, İstehsalat Birliyinin rəhbəriyi tərəfindən idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Sonda əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə vərəqələrinin təhlili nəticəsində İstismar avadanlıqları sahəsinin işçiləri Nəzər Atalıyev və Elşən Hətəmova “İstehsalatla əlaqədar təhlükənin qarşısını aldıqlarına” görə “Azneft” İB-nin tərifnamələri və qiymətli hədiyyələri təqdim olunmuşdur. İdarənin 2016-ci il ərzində əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə sistemi üzrə fərqlənmiş ümumilikdə 12 işçisi qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

17 Fevral 2017

BANM-də “Daxili dünyam” layihəsinə yekun vurulmuşdur

+

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8-ci qrant müsabiqəsinin qaliblərindən biri - BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili dünyam» adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirakçı olan tələbə-gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Pakizə Paşayevanı təbrik etmiş, bildirmişdir ki, Neft Məktəbinin tələbələri bu layihələrin həyata keçirilməsi təşəbbüsləri ilə çıxış edir, Gənclər Fondu isə onların ideyalarını, təkliflərini gerçəkləşdirmək üçün şərait yaradır. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev qeyd etmişdir ki, Fond daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə çalışır. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə gənclərin layihələr vasitəsilə bilik və bacarıqlarını, potensialını effektli reallaşdırmasından, cəmiyyətdə layiqli yer tutmasından danışmışdır.

Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat vermiş, vurğulamışdır ki, layihə çərçivəsində film çəkilib və layihə iştirakçılarının daxili aləmi, fikir və düşüncələrini özündə əks etdirən kitab dərc olunmuşdur. Sonda “Daxili dünyam” layihəsinin iştrakçılarına sertifikatlar təqdim olunmuşdur.

16 Fevral 2017

“Azneft” İstehsalat Birliyində müasir texnologiyaların tətbiqinə önəm verilir

+

Yataqların işlənilməsində və istismarında, neft-qaz hasilatında yeni texnika, texnologiya və avadanlıqları uğurla tətbiq edən “Azneft” İstehsalat Birliyi neftvermə əmsalının artırılması tendensiyasını 2016-cı ildə də davam etdirmişdir. Belə ki, lift boruların təmizlənməsi üçün padus qurğularının istifadə dairəsi genişləndirilmiş, ''PADUS-2'' parafinkəsici qurğusunun “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarəsində ümumilikdə 73 quyuda tətbiq olunması 23122 ton əlavə neft eldə edilməsi ilə nəticələnmişdir. Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər 4 quyuda tətbiq olunmuş, 5443 ton əlavə neft əldə edilmişdir. Bundan başqa, 6 neftqazçıxarma idarəsində 9 quyuda hidrostatik qumtəmizləyici qurğunun sınağı aparılmış, müsbət nəticə alınmışdır. İlin sonunda isə həmin qurğudan daha 36-sı 7 quyuda tətbiq olunmuşdur. Yeni texnologiya kimi “Boru ştanqlı quyu nasos qurğusu” “Abşeroneft” NQÇİ-də 2 quyuda tətbiq olunmuşdur. 2017-ci ildə bu texnologiyanın daha 20 quyuda tətbiqi planlaşdırılır. Quyuların lift boruları tez-tez korroziyaya uğrayaraq deşilir. Korroziyanın qarşısını almaq məqsədilə şüşə- plastik nasos-kompressor boruların yeni texnologiya kimi tətbiqi müsbət nəticə vermişdir. Artıq üç aydır ki, “Bibiheybətneft” NQÇİ-nin 3293 saylı quyusunda şüşə-plastik nasos-kompressor boruları tətbiq olunur. Ümumilikdə götürdükdə 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

15 Fevral 2017

İnsan Resursları Departamentinin əməkdaşları üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təlimlər keçirilir

+

SOCAR-da insan resurslarının transformasiyası proqramı çərçivəsində İnsan Resursları Departamentinin əməkdaşları istehsalat prosesləri barədə nəzəri biliklərə yiyələnmək və gələcəkdə biznes tərəfdaş kimi xətti rəhbərlər ilə əməkdaşlığı inkişaf etdirmək məqsədilə fevralın 14-dən başlayaraq şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan “Qeyri-ixtisaslı mütəxəsislər üçün istehsalat” mövzusuı üzrə təlimlərə cəlb olunmuşlar. Fevralın 17-dək “Qeyri-ixtisaslı mütəxəssislər üçün geologiya və geofizika” üzrə, aprel ayından etibarən isə ardıcıl olaraq “Qazma və hasilat”, “Mexanika, energetika və avtomatika”, “Tikinti və quraşdırma” və “Neft-qaz sənayesində investisiyaların idarə edilməsi” üzrə təlimlərin keçirilməsi planlaşdırılmışdır. Daha sonra tədris olunmuş mövzular üzrə praktiki biliklərlə yiyələnmək məqsədilə təlim iştirakçılarının istehsalat sahələrinə səfərlərinin təşkili nəzərdə tutulur.

15 Fevral 2017

SOCAR və IBM şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanmışdır

+

Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erich Clementi imzalamışlar. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur.

Mərasimdə çıxış edən Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə yüksək texnologiyaların tətbiq olunması istiqamətində görülən işlərdən danışmış, “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bunun əyani təzahürü olduğunu söyləmişdir. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrində daim innovativ texnologiyalara üstünlük verildiyini, neftin, qazın kəşfiyyat, hasilat, emal və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirən Rövnəq Abdullayev bu sahədə SOCAR-la dünyanın qabaqcıl şirkətləri arasında effektiv tərəfdaşlığın qurulduğunu qeyd etmişdir. IBM-lə əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirən R.Abdullayev demişdir ki, bu əməkdaşlıqdan təkcə SOCAR deyil, Azərbaycanın bütün şirkətləri bəhrələnə biləcəkdir. O bildirmişdir ki, Memorandum SOCAR-a süni intellekt əsasında çalışan “Watson for Upstream” qlobal strateji inkişaf əməkdaşlığına qoşulmaq imkanı verir. Müasir dövrdə mühüm əhəmiyyətə malik olan bu strateji inkişaf sahəsi elmi tədqiqat layihələri də daxil olmaqla birgə araşdırmalar üçün geniş üfüqlər açır. Qeyd olunmuşdur ki, Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Neftin sənaye üsulu ilə hasil olunması, emal edilməsi, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, quruda, sahildə və açıq dənizdə neftin çıxarılması işinə Azərbaycanda başlanılıb. Bu tarixi qorumaq və yaşatmaq məqsədi ilə SOCAR-da yaradılmış zəngin məlumatlar bazası IBM-in Watson Mərkəzi üçün qiymətli mənbə ola bilər. Eyni zamanda Memorandum çərçivəsində Azərbaycanda həyata keçiriləcək investisiya layihələri ölkədə innovativ elitanın formalaşmasına töhfə olacaq, istedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə etməklə səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, dünyada müasir trend olan biznes və proses xidmətlərinin robotlaşdırılması ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanmaq üçün əlverişli şərait yaradacaqdır. Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsi də qeyd olunmuş, bildirilmişdir ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erich Clementi Memorandumdan bəhs edərək bidirmişdir ki, dünyanın qabaqcıl enerji şirkətləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in bu gün Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlaması əlamətdar hadisədir. SOCAR-IBM tərəfdaşlığı dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcək və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcəkdir. E.Clementi imzalanan sənəd çərçivəsində hər il Bakıda innovasiya günü keçiriləcəyini və biznesdə tətbiq edilən ən son innovasiyaların təqdim olunacağını qeyd etmiş, IBM-in yalnız strateji tərəfdaş hesab etdiyi ölkələrə sərmayələr yatırdığını vurğulamışdır. Qonaq bu gün uzunmüddətli əməkdaşlıq sahəsində ilk addım atıldığını söyləmiş, yeni tərəfdaşlığın uğur qazanacağına əminliyini bildirmiş, SOCAR-IBM komandasına uğurlar arzulamışdır.

14 Fevral 2017

IBM nümayəndə heyəti SOCAR-da olmuşdur

+

Fevralın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementini qəbul etmişdir. Qonağı səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanın həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf və tərəqqi strategiyası çərçivəsində qazandığı uğurlardan söz açmış, respublikamızın regionun lider dövləti olduğunu qeyd etmiş, ölkəmizdə həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrindən danışmışdır. SOCAR-ın bu layihələrdə Azərbaycan dövlətini təmsil etdiyini söyləyən Rövnəq Abdullayev şirkətin öz fəaliyyətində daim innovativ texnologiyalara üstünlük verdiyini, neftin-qazın kəşfiyyatı, hasilatı, emalı və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirmiş, bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə məhsuldar, effektiv tərəfdaşlığın qurulduğunu qeyd etmiş, IBM ilə yaranan münasibətlərin genişlənməsini yüksək qiymətləndirmişdir.

IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi öz növbəsində demişdir ki, təmsil etdiyi şirkət yarandığı gündən beynəlxalq bir qurum kimi fəaliyyət göstərir, dünyanın bir çox ölkələrində irimiqyaslı layihələr həyata keçirir və bu sahədə zəngin təcrübəyə malikdir. Qabaqcıl enerji şirkətləri, o cümlədən BP, Shell, Chevron, ExxonMobil, Statoil, OMV və digərləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlamasını əlamətdar hadisə adlandıran qonaq, SOCAR-IBM tərəfdaşlığının dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcəyinə və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcəyinə əminliyini qeyd etmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.

14 Fevral 2017

BANM-də EBSCO-nun növbəti təlimi keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində “EBSCO Discovery Service (EDS): Tədqiqatların aparılması və təlim prosesində elmi məlumatın axtarılması xidməti” mövzusunda növbəti təlim keçirilmişdir. BANM-in müəllimləri və II-III kurs tələbələri üçün nəzərdə tutulmuş təlim “EBSCO Information Service” (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və “SaaS Innovation Benelux” şirkətinin almandilli ölkələr və Şərqi Avropa üzrə direktoru Roman Piontek tərəfindən aparılmışdır. Təlim zamanı EDS bazasında tammətnli elektron resurslardan elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşğələlər keçirilmişdir.

BANM-in rektoru Elmar Qasımov dinamik inkişaf edən dünyada kitabxanaların daim öz fəaliyyətində yeniliklər etməsinin, innovativ fəaliyyət metodlarından istifadə etməsinin vacibliyini vurğulamışdır.

EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından söz açan İ.Kreysarova vurğulamışdır ki, bu axtarış xidməti dünya üzrə bütün tammətnli müəllif resurslarını birləşdirir. Axtarış jurnal, kitab, həmçinin digər nəşrlər üzrə aparılır. Dünyanın nüfuzlu ali məktəbləri - Harvard Universiteti, Stenford Universiteti, Pensilvaniya Universiteti və b. məhz bu servisdən elmi informasiya axtarışı üçün istifadə edirlər.

“SaaS Innovation Benelux” şirkətinin almandili ölkələr və Şərqi Avropa üzrə direktoru R.Piontek qeyd etmişdir ki, Discovery Service EBSCO axtarış servisinin bazasında 6 milyon kitab, 100 milyondan çox qəzet məqaləsi, 20.000 çox kontent-provayder, 50.000 jurnal, 400 min konfrans materialı tapmaq olar.

EBSCO Information Services şirkəti EBSCO Industries Inc.-nin bölməsi olmaqla kitabxanaları elektron resurslarla təchiz edən aparıcı şirkətdir. Şirkətin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri üçün istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.

14 Fevral 2017

Neft Daşları yatağında yeni quyu istismara verilmişdir

+

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1145-1140 metr intervaldan sutkalıq 12 ton neft və 1600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

13 Fevral 2017

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen ilə görüşmüş, qonağa ali təhsil ocağının fəaliyyət istiqamətləri haqqında məlumat vermis, BANM-nin uğurlarından danışmışdır. Məktəbin fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edən rektor 2015-ci ildə ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun Azərbaycana səfərini xatırlatmış, SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulamışdır. Hyuston Universiteti ilə əməkdaşlığın magistratura səviyyəsində daha da genişləndirilməsinin böyük maraq kəsb etdiyi qeyd olunmuşdur.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen qəbula görə təşəkkür edərək, ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açmışdır. E.Petersen BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, o cümlədən ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnunluğunu ifadə etmişdir. Görüşdə BANM ilə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və digər məsələlər müzakirə olunmuşdur.

More