ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

ƏTRAF MÜHİTİN MONİTORİNQİ

ƏTRAF MÜHİTİN MONİTORİNQİ
Prev Next

ƏTRAF MÜHİTİN MONİTORİNQİ

ARDNŞ-nin Ekologiya İdarəsinin ətraf mühitin monitorinqi sahəsində əsas fəaliyyəti Şirkətin tabeliyində olan idarə və müəssisələrdə təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk halındakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sisteminin həyata keçirilməsindən ibarətdir.

Env Txt Img

Aparılan ekoloji monitorinq işləri dənizdə və quruda ətraf mühitin mühafizəsini əhatə edən beynəlxalq konvensiyaların (Oslo-Paris konvensiyası, Tehran Çərçivə konvensiyası), Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, "Ətraf Mühitin Mühafizəsi haqqında" Qanunun 18-ci maddəsinin, Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli 90 №li qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin və ARDNŞ-nin müəssisə və təşkilatlarında ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətin istiqamətlərini müəyyən edən ARDNŞ-nin 12 may 2008-ci il tarixli 77 nömrəli əmri ilə təsdiq edilmiş "Ekoloji Siyasət" sənədinin müddəalarının tələbləri ilə tənzimlənir.


ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən həyata keçirilən ekoloji monitorinqlərin tədqiqat obyekti Xəzər dənizinin Azərbaycan sektorunda ARDNŞ-ə məxsus neft-qaz yataqlarında və quru ərazilərində fəaliyyət göstərən neft-qazçıxarma idarələri və neft-qaz, neft-kimya emal müəssisələri, Hasilatın Pay Bölgüsü Sazişi üzrə Əməliyyat Şirkətləri və Birgə müəssisələrin saziş ərazilərinin istehsalat sahələrini əhatə edir.

Ekoloji monitorinqin aparılmasında məqsəd ARDNŞ-nin tabeliyində olan idarə və müəssisələrdə hər hansı istismar-əməliyyat işlərinin başlanmasına qədər ətraf mühitin təbii durumunun aşkarlanmasına yönəldilən ilkin vəziyyətin tədqiq edilməsindən, kəşfiyyat, qazma, neft-qaz hasilatı, emal və s. əməliyyatların və onlarla əlaqədar ətraf mühitə atılan tullantıların doğurduğu təsirlərin ciddilik səviyyəsini qiymətləndirmək məqsədilə tədqiqatların aparılmasından, istehsal prosesləri zamanı əmələ gələn bərk, maye və qaz halında olan çirkləndiricilərin kəmiyyətinə və keyfiyyətinə nəzarət edilməsindən, hava, su və torpaq mühitlərinin müəyyən edilməsi və ərazidə ekoloji tarazlığın bərpa edilməsi məqsədilə onların kimyəvi tərkibinin, çirklənmə dərəcəsinin, radioaktiv, hidrobioloji xüsusiyyətlərin tədqiq edilməsindən, beynəlxalq standartların tələbləri səviyyəsində qurulmuş kompleks tədqiqatlar laboratoriyasında götürülmüş nümunələrin analitik təhlillərinin aparılmasından və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsindən ibarətdir.

ətraflı oxu +