QANUNVERİCİLİK

Banner

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi 18 sentyabr 2004-cü il tarixli, 127 nömrəli fərmana əsasən dəyişikliklərlə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra mətndə-Şirkət adlandırılacaq) fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.
1.2. Şirkət kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hasil edilmiş bütün karbohidrogenlərə və onların emalından alınan neft və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir.
1.3. Şirkət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ - hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş neftin və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişləri və bu Nizamnaməni rəhbər tutur.
1.4. Şirkət hüquqi şəxsdir, müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malikdir. Şirkət müstəqil balansla yanaşı onun tərkibinə daxil olan müəssisələr, digər hüquqi şəxslər və hüquqi şəxs olmayan (nümayəndəliklər, filiallar və sair) qurumlar (bundan sonra mətndə-müəssisələr adlandırılacaq) üzrə icmal (konsolidə) edilmiş hesabatı (balans da daxil olmaqla) tərtib edir.
1.5. Şirkət üzərində Azərbaycan Respublikasının gerbi təsvir edilmiş və Şirkətin adı göstərilmiş möhürə, ştamplara, blanklara, digər fərqləndirici nişanlara malikdir.
1.6. Şirkətin qanunvericiliyə müvafiq olaraq öz adından əmlak və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək hüquqları vardır.
1.7. Şirkət öhdəliklərinə görə onun sərəncamında olan əmlaka cavabdehdir. Şirkət dövlətin öhdəliklərinə görə cavabdeh deyildir, dövlət də qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Şirkətin öhdəliklərinə görə cavabdeh deyildir.
1.8. Şirkətin Azərbaycan dilində tam rəsmi adı-Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Şirkətin Azərbaycan dilində qısaldılmış rəsmi adı-ARDNŞ. Şirkətin ingilis dilində tam adı-State Oil Company of Azerbaijan Republic, Şirkətin ingilis dilində qısaldılmış adı-SOCAR.
1.9. Şirkət Bakı şəhərində yerləşir.

II. Şirkətin məqsədi, vəzifələri və fəaliyyətinin predmeti

2.1. Şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində, quru və dəniz sahələri də daxil olmaqla, neft və qaz yataqlarının axtarışının, kəşfiyyatının, hazırlanmasının, işlənməsinin, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql edilməsinin, emalının və satışının, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanaqlı ödənilməsinin, digər işlərin və xidmətlərin həyata keçirilməsindən və gəlir əldə edilməsindən ibarətdir.
2.2. Bu Nizamnamənin 2.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün Şirkət: neft, qaz və kondensatın hasilatını, nəqli və emalı sistemlərinin etibarlı və səmərəli fəaliyyət göstərməsini; xam neftin, təbii qazın və onların emalı nəticəsində alınan məhsulların daxili və xarici bazarlarda satışını; ölkə iqtisadiyyatının və əhalinin neftə, qaza, kondensata, onların emalından alınan və müasir istehlak tələblərinə cavab verən digər məhsullara, habelə müvafiq işlərə və xidmətlərə olan tələbatının ödənilməsini; ətraf mühitin qorunmasına yönəldilmiş tədbirlərin işlənilməsini və realizə edilməsini; enerjiyə qənaət edən texnologiyadan və texnikadan, habelə ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəsini təmin edir.
2.3. Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı fəaliyyət növlərini həyata keçirir: sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi-texniki, iqtisadi və sosial proqramların işlənib hazırlanmasını; istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal - texnoloji və təsərrüfat əlaqələrinin yaradılmasını; sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini; sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini; müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji - kəşfiyyat işlərinin aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, neft və qaz buruqlarının tikintisinin sürətləndirilməsini, həmçinin yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və sürətinin artırılmasını; təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsini; iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün bankların, o cümlədən xarici bankların və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını; kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının artırılmasının təşkilini; sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı üçün əlverişli imkanlar yaradılmasını; dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini; geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasının və müvafiq qaydada təsdiq edilməsinin təmin edilməsini; yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr tərəfindən istismar olunan yataqların təcrübə-sənaye istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini; neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini; hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə müəyyən edilmiş nəql haqqının ödənilməsini; xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini; xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin müvafiq qaydada ödənilməsini; torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini; qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini (o cümlədən beynəlxalq əməkdaşlığın inkişafını və sahəyə xarici sərmayələrin cəlb edilməsini təmin edən tədbirlərin həyata keçirilməsini; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada Şirkətin fəaliyyətinə aid müvafiq sazişlərin layihələrinin hazırlanmasını, bu sazişlər üzrə danışıqların aparılmasını (və ya danışıqların aparılmasında iştirak edilməsini), müəyyən edildikdə onların imzalanması və icrasına nəzarətin təmin edilməsini, habelə digər məsələlərin həyata keçirilməsini; qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə nümayəndəliklərin və filialların açılmasını, hüquqi şəxslərin yaradılmasını; qanunvericiliklə müəyyən edilmiş qaydada Şirkətin istehsal etdiyi məhsulların xaricə satışının təşkil edilməsini və istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatların həyata keçirilməsini; xarici şirkətlərin müştərək fəaliyyətə cəlb edilməsini; xarici şirkətlərin iştiraki ilə Azərbaycan Respublikasında və eləcə də xaricdə tikiləcək obyektlərin layihə və smeta sənədlərinin ekspertizasının həyata keçirilməsini; beynəlxalq konqres, simpozium və digər toplantılarda iştirak edilməsini və Şirkətin xaricdə yaratdığı qurumlarda işləmək üçün mütəxəssislərin ezam edilməsini; Şirkətin müəssisələrində xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkilinin, baxılmasının və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini); qanunvericiliyə əsasən neft və qaz sənayesi sahəsində digər fəaliyyət növlərinin həyata keçirilməsini.

III. Şirkətin əmlakı və gəliri

3.1. Şirkətin və onun tərkibinə daxil olan müəssisələrin əmlakı dövlət mülkiyyətindədir. Şirkət onda olan dövlət əmlakına münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə sahibliyi, istifadəni və sərəncam verilməsini həyata keçirir.
3.2. Şirkətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Şirkətin əmlakı onun müstəqil balansında əks olunur.
3.3. Şirkətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur: mülkiyyətçi və ya mülkiyyətçi tərəfindən səlahiyyətləndirilmiş orqan tərəfindən verilən əmlak; kommersiya fəaliyyətinin həyata keçirilməsindən əldə edilən gəlir; bankların və digər kreditorların kreditləri; qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
3.4. Şirkət qanunvericiliklə nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra, fəaliyyətindən əldə etdiyi gəlirə müstəqil sərəncam verir.

IV. Şirkətin strukturu

4.1. Şirkətin strukturu-onun idarəetmə strukturu və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
4.2. Şirkətin idarəetmə strukturu Şirkətin məqsəd və vəzifələrinə nail olmaq üçün onun fəaliyyətinin predmetinə daxil olan fəaliyyət növlərinin səmərəli təşkilini və həyata keçirilməsini təmin edir.
4.3. Şirkətin tərkibinə daxil olan müəssisələr, habelə Şirkət tərəfindən bu Nizamnaməyə uyğun olaraq yaradılan hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar vasitəsi ilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql edilməsi, emalı, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və Şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir.
4.4. Şirkətin tərkibinə daxil olan (Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr istisna olmaqla) hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar Şirkətin prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır, yenidən təşkil edilir və ləğv edilir.
4.5. Şirkət onun tərkibinə daxil olan müəssisələrlə qarşılıqlı hesablaşmaların aparılmasını özünün mərkəzləşdirilmiş mühasibatlığı tərəfindən həyata keçirir.
4.6. Şirkət onun fəaliyyətinin predmetinə daxil olan bəzi fəaliyyət növlərinin həyata keçirilməsini tam və ya qismən onun strukturuna daxil olan müəssisələrə həvalə edə bilər.
4.7. Şirkətin prezidenti Şirkətin strukturuna daxil olan müəssisələrin müvafiq olaraq Nizamnamələrini və Əsasnamələrini təsdiq edir.
4.8. Hüquqi şəxslərin ittifaqlarında bilavasitə Şirkət iştirak edə bilər.
4.9. Şirkətin tərkibinə daxil olan müəssisələrin rəhbərləri və onların müavinləri Şirkətin prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlar həyata keçirilir.
4.10. Şirkətin tərkibinə daxil olan müəssisələrin rəhbərləri və onların müavinləri həmin müəssisələrin qarşısında duran məqsəd, vəzifə və funksiyaların həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
4.11. Şirkətin tərkibinə daxil olan müəssisələrin müvafiq olaraq blanklarında, möhür və ştamplarında, digər fərqləndirici nişanlarında həmin müəssisələrin adı ilə yanaşı Şirkətin adı göstərilməlidir.
4.12. Şirkətin tərkibinə daxil olan müəssisələrin Şirkətin tərkibinə daxil olan digər müəssisələrin xidmətlərindən ilk növbədə istifadə etmək hüquqları vardır.
4.13. Şirkətin tərkibinə daxil olan müəssisələr Şirkətin Nizamnaməsinə əməl etməli, öz fəaliyyəti barədə Şirkətə hesabat verməli, Şirkət tərəfindən təsdiq edilmiş iş proqramlarının və büdcəsinin icrasını təmin etməli, Şirkət tərəfindən keçirilən tədbirlərdə və Şirkətin qarşısında duran vəzifələrin həllində iştirak etməli, qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

V. Şirkətin idarə olunması

5.1. Bu Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş Şirkətin idarəetmə strukturuna Şirkətin prezidenti, Şirkətin birinci vitse-prezidenti, Şirkətin birinci vitse-prezidenti-geologiya, geofizika və yataqların işlənməsi üzrə, Şirkətin vitse-prezidenti, habelə Şirkətin aparatı daxildir.
5.2. Şirkətin prezidenti Şirkətin işini təşkil edir, Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir və Şirkətin fəaliyyətinə rəhbərlik edir.
5.3. Şirkətin prezidenti, birinci vitse-prezidenti , birinci vitse-prezidenti-geologiya, geofizika və yataqların işlənməsi üzrə və vitse-prezidenti Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
5.4. Şirkətin prezidenti: Şirkətin aparatının və Şirkətin strukturunun tərkibinə daxil olan müəssisələrin səmərəli fəaliyyət göstərməsini təmin edir; Şirkətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir; Şirkətin aparatının strukturunu və ştat cədvəlini təsdiq edir, aparatın struktur bölmələrinin Əsasnamələrini təsdiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir; Şirkətin strukturuna daxil olan müəssisələrin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, həmin müəssisələrin müvafiq olaraq Nizamnamələrini və Əsasnamələrini təsdiq edir; səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin və hüquqi şəxs olmayan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edir; Şirkətin Şurasının işini təşkil edir və ona rəhbərlik edir; Şirkətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və təşkilatlarla, beynəlxalq təşkilatlarla münasibətdə Şirkəti təmsil edir; müəyyən edilmiş qaydada müqavilələr (o cümlədən xarici şirkətlərlə) bağlayır və bunların yerinə yetirilməsini təmin edir; vəkalətnamələr verir, hesabları və tədiyyə tapşırıqlarını imzalayır; Şirkətin əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir; Şirkətin idarə olunması ilə əlaqədar sərəncamlar və əmrlər verir; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.
5.5. Şirkətin vitse-prezidentləri Şirkətin prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
5.6. Şirkətin birinci vitse-prezidenti, birinci vitse-prezidenti-geologiya, geofizika və yataqların işlənməsi üzrə və vitse-prezidenti səlahiyyət bölgüsünə əsasən Şirkətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və təşkilatlarla, beynəlxalq təşkilatlarla münasibətdə Şirkəti təmsil edir, etibarnamələr verir və digər hüquqlara malikdirlər.
5.7. Şirkətin Şurası Şirkətin prezidenti yanında fəaliyyət göstərən məşvərətçi orqandır. Şirkətin Şurasının iclaslarına Şirkətin prezidenti sədrlik edir. Şirkətin Şurasının tərkibinə Şirkətin vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən təyin olunmuş Şirkətin digər vəzifəli şəxsləri daxildir.
5.8. Şirkətin Şurasının iclası ayda bir dəfədən az olmayaraq keçirilir. Şirkətin Şurasının növbədənkənar iclası Şirkətin prezidenti tərəfindən çağırılır. Şirkətin Şurasının iclasları onun tərkibinə daxil olan şəxslərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şirkətin Şurasının qərarları açıq səsvermə yolu ilə adi səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər bölündükdə Şirkətin prezidentinin (Şirkətin prezidenti olmadıqda-Şirkətin birinci vitse-prezidentinin) səsi həlledicidir.
5.9. Şirkətin Şurasının iclasında aşağıdakı məsələlər müzakirə oluna bilər: Şirkətin tərkibinə daxil olan müəssisələrin fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar; Şirkətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları; Şirkətin tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri; Şirkətin tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi; Şirkətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluluğu; Şirkətin tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr; Şirkətin fəaliyyətinə aid olan digər məsələlər.
5.10. Şirkətin Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Şirkətin Şurasının qərarları Şirkətin prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

VI. Şirkətdə uçot, hesabat və nəzarət

6.1. Şirkət qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, statistika hesabatını tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
6.2. Şirkətin fəaliyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.

VII. Şirkətin yenidən təşkili və ləğv edilməsi

7.1. Şirkət Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil oluna və ya ləğv edilə bilər.