QANUNVERİCİLİK

Banner

Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2006-cı il 185 nömrəli Qərarı

Azərbaycan Respublikasının neft strategiyasının əsas məqsədlərindən olan neft və qaz sənayesinin inkişafı, o cümlədən mövcud infrastrukturun tam gücü ilə işləməsinin təmin edilməsi, xarici ölkələrdə aparılan neft-qaz əməliyyatlarının həmin strukturun aktiv iştirakı ilə həyata keçirilməsinə münasib şəraitin yaradılması, bu sahədə işləyən yerli mütəxəssislərin işlə təmin olunmasının perspektivlərinin müəyyən edilməsi, xarici neft-qaz şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq istehsal sahələrinə investisiya qoyulması üçün cəlbedici iqtisadi rejimlərin yaradılması, neft maşınqayırması və bu qəbildən olan avadanlıqların istehsalı və texniki-quraşdırma iş və xidmətlərinin ixrac potensialının artırılması, Azərbaycan Respublikasının bu sahələrdə beynəlxalq ixrac bazarlarında aparıcı yer tutması üçün kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. ''İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin verilməsi Qaydaları'' təsdiq edilsin (əlavə olunur).
2. ''Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında'' Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı məzmunda 4.11.-ci yarımbənd əlavə edilsin: ''4.11. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (ARDNŞ tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)''.
3. ''Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında'' Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına aşağıdakı məzmunda 1.12.-ci yarımbənd əlavə edilsin: ''1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (ARDNŞ tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)''.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş ''Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı''nın 1-ci bəndinə aşağıdakı məzmunda abzas əlavə edilsin: ''İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal edilən avadanlıq və materialların gömrük rəsmiləşdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə, lakin 275 (iki yüz yetmiş beş) ABŞ dollarından artıq olmamaq şərti ilə, gömrük yığımları alınır''.
5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu qərarın icrası ilə bağlı məsələləri öz səlahiyyətləri çərçivəsində həll etsinlər.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 iyul tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş ''İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin verilməsi Qaydaları''

1. Bu Qaydalar Azərbaycan Respublikasında neft və qaz sənayesinin inkişafı, o cümlədən mövcud infrastrukturun tam gücü ilə işləməsinin təmin edilməsi, xarici ölkələrdə aparılan neft-qaz əməliyyatlarının həmin infrastrukturun aktiv iştirakı ilə həyata keçirilməsinə münasib şəraitin yaradılması, bu sahədə işləyən yerli mütəxəssislərin neft-qaz layihələri başa çatdıqdan sonra işlə təmin olunması perspektivlərinin müəyyən edilməsi, xarici neft-qaz şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq istehsalat sahələrinə investisiya qoyulması üçün cəlbedici iqtisadi rejimlərin yaradılması, neft maşınqayırması və bu qəbildən olan avadanlıqların istehsalı və tikinti-quraşdırma üzrə iş və xidmətlərin ixrac potensialının artırılması məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilən xam neft və təbii qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatının sabitləşdirilməsi, oyadılması, təzyiqləndirilməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, nəql edilməsi, satılması və (və ya) ləğvetmə əməliyyatları və bu əməliyyatlarla əlaqədar olan hər hansı fəaliyyətlə (bundan sonra – ixrac məqsədli neft-qaz fəaliyyəti) bağlı idxal-ixrac əməliyyatlarında güzəştlərin verilməsini tənzimləyir.
2. Bu Qaydalar xarici sifarişçi ilə bağlanmış müqaviləsi olan hüquqi şəxslərə (bundan sonra – Podratçı) və həmin şəxslərə birbaşa və ya əlaqəli müqavilə üzrə ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar malları təqdim edən, işləri görən və xidmətləri göstərərn hüquqi və fiziki şəxslərə (bundan sonra – Subpodratçı) şamil edilir. Bu Qaydaların məqsədləri üçün xarici sifarişçi ilə bağlanmış müqavilə dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda neft-qaz əməliyyatlarını həyata keçirən şəxslərlə imzalanmış və hüquqi qüvvəsi olan podrat müqaviləsi, birbaşa müqavilə dedikdə, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Podratçı ilə Subpodratçı arasında bağlanmı müqavilə, əlaqəli müqavilə dedikdə isə, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Subpodratçılar arasında bağlanmış müqavilə başa düşülür.
3. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək və bununla əlaqədar Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların illər (rüblər) üzrə miqdarı göstərilməklə siyahısını (bundan sonra – idxal siyahısı) qeydə almaq üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (ARDNŞ) ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
3.1. Xarici sifarişçi ilə bağlanmış müqavilə və onun tərkib hissəsi olan xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturuna uyğun kodlar göstərilməklə, 3 (üç) əsl nüsxədə idxal siyahısı;
3.2. Azərbaycan Respublikasının neft və qaz sənayesi müəssisələrinin potensialından, o cümlədən infrastrukturundan istifadə olunacağı barədə imzalanmış müqavilə;
3.3. Yerli mütəxəssislərin işə qəbul edilməsinin perspektivlərini müəyyən edən təminat məktubu.
4. İdxal siyahısının qeydə alınması üçün Subpodratçı tərəfindən verilmiş ərizəyə bu Qaydaların 3-cü bəndində göstərilən sənədlərdən başqa müvafiq Podratçı ilə imzalanmış birbaşa müqavilənin və ya əlaqəli müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti və Podratçının ARDNŞ-ə ünvanlanmış Subpodratçının Podratçının ixrac məqsədli neft-qaz fəaliyyətində iştirak etməsini təsdiqləyən məktubu əlavə olunmalıdır.
5. ARDNŞ bu Qaydaların 3-cü və 4-cü bəndlərində göstərilən sənədləri aldıqdan sonra həmin sənədlərin bu Qaydaların məqsədlərinə uyğunluğunu araşdırır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, ARDNŞ sənədləri aldıqdan sonra 15 (on beş) iş günü ərzində idxal siyahısının hər səhifəsində məsul vəzifəli şəxsin imzası və vəzifəsi göstərilməklə təsdiqedici qeyd aparır. Bu müddət ərzində ARDNŞ neft və qaz sənayesi müəssisələrindən, Podratçıdan, Subpodratçıdan və digər aidiyyəti müəssisə və təşkilatlardan bu Qaydaların 3-cü və 4-cü bəndlərində göstərilən sənədlərə dair əlavə məlumat və arayış almaq hüququna malikdir.
6. Podratçılar və ya Subpodratçılar bu Qaydalarla müəyyən edilmiş sənədləri tam təqdim etmədikdə və ya təqdim edilmiş sənədlərin bu Qaydaların məqsədlərinə uyğun olmadığı aşkar edildikdə ARDNŞ idxal siyahısını qeydə almaqdan imtina edir və səbəbləri göstərilməklə, Podratçıya və ya Subpodratçıya müvafiq imtina məktubunu təqdim edir. Subpodratçıya göndərilmiş imtina məktubunun surəti eyni zamanda, xarici sifarişçi ilə bağlanmış müqavilə üzrə Podratçıya da göndərilir.
İdxal siyahısının qeydə alınmasından imtina olunduqda, Podratçı və ya Subpodratçı qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir.
7. ARDNŞ təsdiqedici qeydlər aparılmış idxal siyahısının 1 (bir) nüsxəsini həmin qeydləri apardıqdan sonra 10 (on) gün ərzində müvafiq müşayiətedici məktubla gömrük rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərir. ARDNŞ-nin rəhbərliyi tərəfindən imzalanmış müşayiətedici məktuba əlavə olunan idxal siyahısında göstərilən avadanlıqların və materialların ixrac məqsədli neft-qaz fəaliyyətinə aid olduğu və onların idxal vergi və rüsumlarından azad olunduğu göstərilməlidir. ARDNŞ təsdiqedici qeydlər aparılmış idxal siyahısının qalan 2 (iki) nüsxəsindən birini müvafiq müşayiətedici məktubla Podratçıya və ya Subpodratçıya göndərir, digərini isə özündə saxlayır. ARDNŞ idxal siyahısının 1 (bir) nüsxəsini Subpodratçıya göndərdikdə, bu barədə xarici sifarişçi ilə bağlanmış müqavilə üzrə müvafiq Podratçıya da məlumat göndərir. Podratçılar və Subpodratçılar idxal siyahısının qeydə alınmasına dair ARDNŞ-nin məktubunu aldıqdan sonra dövlət gömrük orqanlarına müraciət edərək, idxal siyahısında qeydə alınmış avadanlıq və materialların bu Qaydalara uyğun olaraq gömrük rəsmiləşdirilməsi barədə sorğu etmək və rəsmi cavab almaq hüququna malikdirlər.
8. İdxal siyahısı qeydə alındıqdan sonra 10 (on) gün ərzində həmin siyahının surəti ARDNŞ tərəfindən müvafiq müşayiətedici məktubla Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilir.
9. Müqavilənin qüvvədə olduğu müddətdə idxal siyahısına əlavələr və dəyişikliklər edildikdə, həmin əlavələr və dəyişikliklər bu Qaydalara uyğun qeydə alınmalıdır.
10. Podratçılar və Subpodratçılar qanunvericiliyə uyğun olaraq yenidən təşkil olunduqda müvafiq sənədlər təqdim olunmaqla, idxal siyahısı ARDNŞ-də bu Qaydalara uyğun qeydə alınır və bu barədə aidiyyəti qurumlar məlumatlandırılır.