QANUNVERİCİLİK

Banner

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatda və dövlət idarəetməsində islahatların aparılması ən mühüm vəzifələrdən biri olmuşdur. Ölkədə bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və müasir standartlara cavab verən idarəetmə mexanizminin yaradılması köklü dəyişikliklərin aparılmasını tələb etmişdir.

Dövlət idarəetməsinin səmərəliliyinin artırılması, iqtisadiyyatın yeni prinsiplər əsasında tənzimlənməsi məqsədi ilə son illərdə mühüm addımlar atılmışdır. Çoxsaylı nazirlik, dövlət komitəsi, şirkəti, konserni və digər qurumların strukturlarına yenidən baxılmış, mövcud mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmış, zəruri funksiyalara malik yeni təsisatlar yaradılmışdır.

Həyata keçirilən islahatlar iqtisadiyyatın və dövlət idarəetməsinin bütün sahələrini əhatə etmiş və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi təşəbbüsə geniş imkanların yaradılması, insanların etibarlı sosial vəziyyətinin təmin edilməsi və dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün münbit şəraitin yaradılmasına səbəb olmuşdur. Qeyd edilən hər bir istiqamətə dair dövlət tərəfindən konkret qərarlar qəbul edilmiş və tədbirlər görülmüşdür.

Tarixən Azərbaycanın iqtisadiyyatının özəyini neft-qaz sənayesi təşkil etmişdir və ölkəmizin ən böyük nailiyyətlərindən biri bu sahədə qüdrətli elmi-texniki və kadr potensialının, geniş infrastrukturun yaradılması olmuşdur. Məhz bu sahə iqtisadiyyatın aparıcı amilinə çevrilmiş və onun inkişafına daim xüsusi diqqət yetirilmişdir.
Son dövrdə respublikamızın tərəqqisi üçün taleyüklü əhəmiyyət daşıyan yeni neft strategiyası və doktrinası irəli sürülmüşdür və uğurla həyata keçirilir. Azərbaycan 1994-cü il sentyabrın 20-də «Əsrin kontraktı»nın imzalanması ilə regionda ilk dəfə olaraq dünyanın bir çox tanınmış şirkətləri ilə özünə məxsus olan neft və qaz yataqlarının birgə istismarına başlamışdır. Aparılan işlər ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi əlaqələrin inteqrasiyasına güclü təkan vermişdir. Neft-qaz kompleksi aparılan iqtisadi və dövlət idarəetməsi sahəsində islahatlardan kənarda qalmamışdır. Belə ki, göstərilən zaman kəsiyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə dəfələrlə onun strukturuna dəyişikliklər edilmiş, mövcud infrastruktur təkmilləşdirilmişdir. Ən əhəmiyyətli addımlardan biri 2001-ci il 18 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması olmuşdur. Eyni zamanda, dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft yataqlarının birgə işlənməsindən əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu il 29 dekabr tarixində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması olmuşdur.

Mütəmadi və sistemli şəkildə aparılan iqtisadi islahatların nəticəsidir ki, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» 2001-ci il 22 mart tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bilavasitə neftin hasilatı və emalı ilə məşğul olmayan 68 müəssisəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və onlar İqtisadi İnkişaf Nazirliyinin sərəncamına verilmişdir.

Görülmüş ciddi işlər dərin islahatların daha məqsədyönlü aparılmasına imkan vermişdir. Lakin bununla belə, bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə, idarəetmə üslublarının keyfiyyətcə fərqli, beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasına zərurət yaranmışdır.

Qeyd edilənlərlə əlaqədar respublikanın neft və qaz resurslarının daha səmərəli istifadəsi, daxili istehlakın və ixracat potensialının ehtiyaclarının tam ödənilməsi, yanacaq-energetika kompleksinin tərkibinə daxil olan müəssisələrin maliyyə nizam-intizamının əsaslı surətdə möhkəmləndirilməsi, onların fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq ardıcıl qurulması və bu vəzifələrin həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni idarəetmə strukturunu tətbiq etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur - Əlavə I).
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu təsdiq edilsin (əlavə olunur - Əlavə II).
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırılsın ki, bir ay müddətində qanunvericiliklə nəzərdə tutulmuş qaydada Şirkətin tərkibinə daxil olan:
Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyini və Quruda Neft və Qaz Çıxarma İstehsalat Birliyini birləşdirsin və onların bazasında «Azneft» İstehsalat Birliyini yaratsın;
Xarici İqtisadi Əlaqələr İdarəsini və «Azərnefttəchizat» Birliyini birləşdirsin və onların bazasında «Marketinq və İqtisadi Əməliyyatlar» İdarəsini yaratsın;
Magistral Neft Kəmərləri İstehsalat Birliyinin bazasında «Neft kəmərləri» İdarəsini yaratsın;
«Şelflayihətikinti» İstehsalat Birliyinin bazasında «Bakı dərin özüllər zavodu»nu yaratsın;
«Azərneftyağ» İstehsalat Birliyinin bazasında «Azərneftyağ» neft emalı zavodunu yaratsın; «Azərneftyanacaq» İstehsalat Birliyinin bazasında «Azərneftyanacaq» neft emalı zavodunu yaratsın.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan «Xəzərdənizqazmatikinti» Tresti, «Xəzərdənizneftsosialtikinti» Tresti və Avtonəqliyyat Kontoru özəlləşdirməyə açıq elan edilsinlər. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin rəhbərlərinə tapşırılsın ki, həmin müəssisələr özəlləşdirilənədək və ya səhmdar cəmiyyətlərinə çevrilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına görə şəxsən məsuliyyət daşıyırlar.
5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 4-cü bəndində göstərilən müəssisələrin qanunvericiliyə müvafiq olaraq özəlləşdirilməsinin həyata keçirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi haqqında» 1994-cü il 5 aprel tarixli, 126 nömrəli Fərmanı və «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni idarəetmə strukturunun təsdiqi haqqında» 1994-cü il 10 yanvar tarixli, 50 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 24 yanvar 2003-cü il № 844