QANUNVERİCİLİK

Banner

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərman ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 1, maddə 36; 2004-cü il, N 9, maddə 681; 2005-ci il, N 2, maddə 73) təsdiq edilmiş aşağıda göstərilən sənədlərdə əlavələr və dəyişikliklər edilsin:

1.1.''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi''ndə (Əlavə 1) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1.1.Nizamnamənin 4.9-cu bəndində ''müəssisələrin'' sözündən sonra, ''hüquqi şəxslərin və hüquqi şəxs statusuna malik olmayan qurumların'' sözləri, ''onların müavinləri'' sözlərindən sonra, ''habelə baş mühasibləri'' sözləri əlavə edilsin;
1.1.2.Nizamnamənin 5.1-ci bəndində ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə'' sözlərindən sonra, ''vitse-prezidenti-emal üzrə, vitse-prezidenti-sərmayələr və marketinq üzrə'' sözləri əlavə edilsin;
1.1.3.Nizamnamənin 5.3-cü bəndində ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə'' sözlərindən sonra, ''vitse-prezidenti-emal üzrə, vitse-prezidenti-sərmayələr və marketinq üzrə'' sözləri əlavə edilsin;
1.1.4.Nizamnamənin 5.4-cü bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin: ''Şirkətin tərkibinə daxil olan müəssisələrin, hüquqi şəxslərin və hüquqi şəxs statusuna malik olmayan qurumların rəhbərlərini, onların müavinlərini və baş mühasiblərini vəzifəyə təyin edir, həmin qurumların müvafiq olaraq Nizamnamələrini və Əsasnamələrini təsdiq edir.'';
1.1.5.Nizamnamənin 5.6-cı bəndində ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə'' sözlərindən sonra, ''vitse-prezident-emal üzrə, vitse-prezident-sərmayələr və marketinq üzrə'' sözləri əlavə edilsin;
1.2.''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturu''nda (Əlavə II) ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu'' bölməsində:
1.2.1.''1. Rəhbərlik'' yarımbəndi aşağıdakı redaksiyada verilsin:
''1. Rəhbərlik:
1.1. Prezident
1.2. Birinci vitse-prezident
1.3. Birinci vitse-prezident-geologiya, geofizika və yataqların işlənməsi üzrə
1.4. Vitse-prezident-iqtisadi məsələlər üzrə
1.5. Vitse-prezident-emal üzrə
1.6. Vitse-prezident-sərmayələr və marketinq üzrə
1.7. Vitse-prezident''
1.2.2.''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr'' bölməsində:
1.2.2.1.''2. Geofizika və mühəndis geologiyası'' İstehsalat Birliyi sözləri
''2. Geofizika və geologiya'' İdarəsi sözləri ilə əvəz edilsin;
1.2.2.2. aşağıdakı redaksiyada 9-cu və 10-cu bəndlər əlavə edilsin:
"9. Sosial inkişaf idarəsi;
10. Təhlükəsizlik idarəsi."
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bakı şəhəri, 22 dekabr 2005-ci il № 340