ŞİRKƏT

Karbamid Zavodu

Karbamid Zavodu
Prev Next

Karbamid Zavodu

Karbamid Zavodu

Env Txt Img

SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Həmin il layihə üzrə Mühəndislik, Satınalma və Tikinti (MST) podratçısının seçilməsi məqsədilə beynəlxalq açıq tender elan edilmişdir. Tenderdə bir sıra nüfuzlu beynəlxalq şirkətlər iştirak etmiş və tenderin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti 2012-ci ildə tenderin qalibi elan edilmişdir. 13 mart 2013-cü ildə Samsung Engineering Co, Ltd. şirkəti ilə MST Müqaviləsi imzalanmışdır. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları qismində Danimarkanın Haldor Topsoe and Niderlandın Stamicarbon B.V şirkətləri çıxış edir. Layihə üzrə tikinti işlərinə 2014-cü ilin fevralından başlanmışdır.

Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə Neste Jacobs Oy (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında Layihənin idarə edilməsi üzrə məsləhətçi seçilmişdir. 11 may 2015-ci il tarixində SOCAR və Neste Jacobs Oy şirkəti arasında layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır.

Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci il əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumi ərazisi 39.27 ha olan Zavodun tikintisi Sumqayıt şəhərində həyata keçirilir. Zavodun tikintisi dövründə təxminən 2500-3500 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Zavodun istismarı dövründə isə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaqdır. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcəkdir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) olması gözlənilir. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal ediləcəkdir. İstehsal edilən karbamid məhsulu (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.

Zavodun ətraf mühit və sosial təsirinin qiymətləndirilməsinə dair xülasə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.
Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsinə dair Xülasə

Direktor: Cəfərov Xəyal Vilayət oğlu
Ünvan: AZ5000, Sumqayıt şəhəri, S. Vurğun küçəsi 86
Tel: (+994 12) 521-31-50
Faks: (+994 12) 521-31-50
E-mail: karbamid.zavodu@socar.az.


ətraflı oxu +