ŞİRKƏT

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi
Prev Next

Bakı Ali Neft Məktəbi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə ARDNŞ-nin tərkibində Bakı Ali Neft Məktəbi yaradılmışdır.

Env Txt Img

Ali məktəbin yaradılmasında məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaqdır. 2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 2012-ci ilin mayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilmişdir. Bakı Ali Neft Məktəbinə qəbul iki ixtisas (“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. BANM-da Heriot-Uatt Universitetinin tədris proqramları tətbiq olunur və bunun nəticəsi olaraq gələcəkdə məzunlara ikili diplom veriləcəkdir. Tələbələrə birinci il intensiv şəkildə ingilis dili və informasiya-kommunikasiya texnologiyaları tədris edilir, sonraki 4 ildə isə müvafiq ixtisaslar üzrə biliklər veriləcəkdir. Tədris prosesinə müxtəlif xarici ölkə universitetlərinin professor və müəllim heyəti cəlb olunacaqdır. Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-nin müxtəlif müəssisələrində təcrübə keçəcəklər. 2012-2013-cü tədris ilində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 121 nəfər 600-dən yüksək bal toplamış abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. Bu nəticə Respublika üzrə I qrupda 600 baldan çox toplayan (234 nəfər) bütün abituriyentlərin 45,4 faizini təşkil edir. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 636,2, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 626 olmuşdur. Ümumiyyətlə, BANM üzrə qəbulda orta bal 631,10 olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə 2012/2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür. ARDNŞ, Bakı Ali Neft Məktəbinin yataqxanaya ehtiyacı olan tələbələrini yüksək səviyyədə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş yataqxana ilə təmin etmişdir. Eyni zamanda, Bakı Ali Neft Məktəbinin hər tələbəsinə 100 manat məbləğində tələbə təqaüdü verilir.



Rektor:Qasımov Elmar Eldar oğlu
Ünvan:AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 30
Telefon:(+99412) 521 33 63
Faks: (+99412) 521 33 64
Email:higher.oil.school@socar.az

ətraflı oxu +