You need to upgrade your Flash Player or to allow javascript to enable Website menu.
Get Flash Player
...

Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan nefti Azərbaycan xalqının milli sərvətidir. 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsini təmin edən “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr günü Azərbaycan Respublikasında hər il “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Həmin müqavilə xalqımızın ilk dəfə olaraq öz maddi sərvətlərinin, o cümlədən neftin sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Ölkəmizin neft sənayesi tarixində yeni bir dövr açılmış, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyulmuş və müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaranmışdır. Artıq reallıq olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri dünyanın diqqətini uzun əsrlərdən bəri “qara qızıl” məskəni kimi tanınan Azərbaycana yenidən cəlb etmişdir.

Zəngin neft və qaz yataqlarının mövcudluğu Azərbaycana tarixən Odlar yurdu şöhrəti qazandırmışdır. Öz-özünə yanan təbii əbədi odlar – neft və qaz mənbələri qədim dövrlərdən bəri burada möcüzə şəklində qəbul olunmuş, insanların inanc və etiqadlarına güclü təsir göstərmişdir. Böyük İpək Yolu boyunca mal dövriyyəsində Azərbaycanın çox yüksək keyfiyyətə malik ağ nefti və qara nefti xüsusi yer tutmuşdur.

1847-ci ildə Bakıda, “Bibiheybət” yatağında qazılmış quyudan neftin fontan vurması dünya tarixinə neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcı kimi yazılmışdır. Neftin boru kəmərilə nəqli də ilk dəfə Azərbaycanda, 1878-ci ildə Qara şəhər və Balaxanı mədənləri arasında çəkilən boru xətti vasitəsilə gerçəkləşdirilmişdir. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun tikilib istifadəyə verilməsi, 1907-ci ildən Bakı-Batumi magistral neft kəmərinin daimi istismara buraxılması Bakı neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. XIX əsrin sonunda dünyadakı neft hasilatının yarısı Azərbaycanın payına düşmüş, ölkəmiz dünyada neftin çıxarılması üzrə birinci yerə sahib olmuşdur.

Neft sənayesinin misilsiz yüksəlişi nəticəsində Bakıya xarici kapital axını güclənmiş və iri neft sənayeçilərindən ibarət yerli sahibkarlar sinfi meydana gəlmişdir. Neft amili ölkəmizdə maarifçilik hərəkatının, demokratik mətbuatın və dünyəvi teatrın püxtələşməsinə, bütövlükdə mədəni həyatın canlanmasına güclü təkan vermişdir. Avropa ilə Şərq memarlığının ahəngdar vəhdətini özündə əks etdirməklə Bakının yaraşıqlı binalardan ibarət yeni unikal görkəmini formalaşdıran memarlıq inciləri o illərdə yaradılmışdır.

XX əsrdə elmi-texniki nailiyyətlərin əsasında dayanan neft Azərbaycana müxtəlif sahələrdə zirvələr fəth etmək imkanı vermişdir. Ölkəmizdə bu dövrdə neft hasilatında qazanılmış təcrübə və Xəzər dənizində neftçıxarma sahəsindəki uğurlar dünyada yüksək qiymətləndirilir. Həmin müddət ərzində Azərbaycan neft sənayesi texniki baxımdan istehsal proseslərinin yeniləşdirilməsinin davamlı olaraq hər bir mərhələsini keçmişdir. Vaxtilə ən müxtəlif qazma üsulları və yeniliklər ölkəmizdə sınaqdan keçirildikdən sonra neft sənayesində tətbiq olunmuşdur. Dünyada bu gün neft istehsalı sahəsindəki işlərin bir çoxu öz başlanğıcını məhz Azərbaycandan götürmüşdür.

Bakı neftçiləri 1922-ci ildə dünyada ilk dəfə buxtanı qurutmaqla dəniz neft yatağının istismarına nail olmuşlar. 1941-ci ildə Azərbaycanda neft hasilatı ən yuxarı həddə çatmışdır. Bakı İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında hasil edilən neftin 75 faizini, aviasiya benzininin 90 faizini ödəmiş və faşizmin məğlubiyyətə uğradılmasında həlledici rol oynamışdır. 1949-cu ildə Bakıda, Neft Daşlarında yenə dünya təcrübəsində ilk dəfə açıq dənizdə neft hasilatına başlanmışdır. Neft texnologiyaları və dənizdə neft çıxarılması üçün yaradılmış əfsanəvi Neft Daşları şəhəri Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxarmışdır. Keçmiş Sovetlər İttifaqında yeni yaranan neft rayonlarına “İkinci Bakı”, “Üçüncü Bakı” adlarının verilməsi Azərbaycan nefti və neftçilərinin şöhrətindən xəbər verir.

Ötən əsrin 70-ci illərində respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi xeyli möhkəmlənmiş və onun geniş infrastrukturu yaradılmışdır. Dəniz yataqlarının işlənilməsi üçün yeni qurğu və avadanlıqlar gətirilmiş, Bakı dərin özüllər zavodu tikilmişdir. Ölkəmizdə neftçıxarmanın, neft emalının və neft-kimya sənayesinin hərtərəfli inkişafı neftlə bağlı müxtəlif elm sahələrinin tərəqqisinə yol açmışdır. Bakı şəhərini neft elminin bütün yeni istiqamətləri üzrə Azərbaycanın hüdudlarından uzaqlarda neft akademiyası kimi tanıdan görkəmli alim və mütəxəssislər formalaşmışdır. 1994-cü ildən etibarən Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgi və konfranslarının ənənəvi olaraq Bakıda keçirilməsi Azərbaycan neft elminə verilən qiymətin təzahürüdür.

Respublikamızın iqtisadiyyatının inkişafında əsas amil olmuş neft sənayesinin yüz altmış ildən bəri keçdiyi şərəfli yolun və qazanılmış nailiyyətlərin nümayiş etdirilməsi, Azərbaycan neftinin bu böyük tarixinin xalqımızın həyatının çox əlamətdar hadisələrindən biri kimi öyrənilməsi və gənc nəslin Vətənin milli sərvətlərinə ehtiram ruhunda tərbiyə olunması ölkəmizdə Neft muzeyinin yaradılmasını xüsusilə zəruri edir.
Azərbaycanda neft sənayesinin təşəkkülünü, zəngin ənənələrini, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və bu gün davamlı artan potensialının əldə olunmasında müstəsna əhəmiyyətini, o cümlədən ümumbəşər tarixinə verdiyi əvəzsiz töhfələri nəzərə alaraq, respublikamızın neft salnaməsinin öyrənilməsini və təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Neft muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Neft muzeyinin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 fevral 2008-ci il.
...