You need to upgrade your Flash Player or to allow javascript to enable Website menu.
Get Flash Player
...
Giriş sözü

Azərbaycan neft  və qaz sənayesi  çox şərəfli tarixi bir yol keçmidir. Təbiidir ki, Azərbaycan neftinin və onun 163 illik neft sənayesinin şanlı tarixini özündə əks etdirən, xalqımızın həyat salnaməsinin ayrılmaz və mühüm tərkib hissəsi, ölkəmizin iqtisadi qüdrətinin və nailiyyətlərinin əsas amili olan neftin təbliğinə, gənc nəslin milli sərvətlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə edilməsinə xidmət edən Neft muzeyinin yaradılması  tarıxı zərurətdən irəli gəlmişdir və bunlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında” 2008-ci il 4 fevral tarixli Sərəncamında hərtərəfli öz əksini tapmışdır. Bu sərəncama əsasən Neft muzeyinin yaradılması kimi məsul və şərəfli bir işin həyata keçirilməsi  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə edilmişdir.

Muzeyin missiyası respublikanın mədəni, sosial və iqtisadi  inkişafında fəal iştirak     etməkdən ibarətdir. Muzey qarşısında onu seyr edənlərdə neftin keçmiş və müasir tarixinə maraq oyatmaq kimi mühüm vəzifə qoyulur. Muzeyin xronoloji yanaşma əsasında yaradılacaq ekspozisiyaları buraya gələnləri Azərbaycanın neft sənayesinin tarixi kökləri barədə çoxtərəfli dialoqa cəlb etməlidir.

Sərəncam imzalandığı gündən ötən müddət ərzində  ARDNŞ tərəfindən təşkilatı və texniki tədbirlər həyata keçirilmişdir. İlk növbədə ARDNŞ-nin  strukturunda “Muzey işinin təşkili” şöbəsi yaradılmışdır və buraya öz işini yaxşı bilən peşəkar mütəxəssislər cəlb olunmuşlar. Sonrakı addım ARDNŞ-nin  prezidentinin yanında ictimai əsaslarla fəaliyyət göstərən və ona birbaşa hesabat verən “Neft Muzeyi-Layihə Qrupu”nun yaradılması  oldu. Qeyd etmək istərdim ki, ARDNŞ-nin işçiləri ilə yanaşı Azərbaycan Rəssamlıq Akademiyasının, AMEA-nın Tarix İnstitutunun., AR Mədəniyyət və Turizm Nazirliyinin tanınmış alim və mütəxəssisləri də Layihə qrupuna daxildirlər. 3 mart 2008-ci ildən fəaliyyətə başlayan Layihə qrupu  ARDNŞ-nin Prezidenti tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq Neft muzeyinin yaradılması ilə bağlı “Tədbirlər Planı” hazırlamış və onun icrasını həyata keçirməyə başlamışdır. Beləki, qısa müddət ərzində Neft muzeyinin  yaradılmasının Konseptual planı, muzeyin dizayn-layihə konsepsiyasının yaradılması ilə əlaqədar Texniki tapşırıq və ekspozisiyaların gələcək nümayişini həm tarixi, həmdə texniki cəhətdən özündə əks etdirə biləcək Neft muzeyinin Mövzu-quruluş planı hazırlanmışdır və bu istiqamətdə işlər davam etdirilir.
ARDNŞ-nin rəhbərliyi tərəfindən Neft muzeyinin inşası üçün ərazi artıq müəyyənləşdirilmişdir. Bu, “ Azərneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neftqazçıxarma idarəsinə məxsus olan, hal-hazırda neft tullantılarından təmizlənərək rekultivasiya olunan neft mədəni ərazisinin 64 ha sahəsidir. Neft muzeyi ərazisində muzeyin əsas binası ilə yanaşı neftin yaranma tarixindən bu günə qədər keçdiyi dövrləri (Neftin Yerin təkində əmələ gəlməsi dövrünü, Zərdüştlük dövrünü, Makedoniyalı İskəndər dövrünü, Böyük İpək Yolu dövrünü, orta əsrlərdə neftin məişətdə və qalalarin müdafiəsində istifadəsini, neftin quyulardan kankan üsulu ilə çıxarılmasını və s.)   əks etdirən müxtəlif ölçülü parkların (muzey ərazisində parkların salınma təklifini ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayev irəli sürmüşdür) salinması da nəzərdə tutulur ki, buda öz unikallığı ilə bütün muzey kompleksini daha cəlbedici göstərəcəkdir. Ümumiyyətlə, muzey kompleksi öz möhtəşəmliyi və təkrarolunmaz memarlıq üslubu ilə diqqəti cəlb edəcək, landşaftla və  ərazi ilə vahid mənzərə təəssüratı yaradacaqdır. Еyni zamanda bu kompleksdə neft sənayesi üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını nəzərdə tutan ARDNŞ-nin yeni Tədris korpusunun tikintisi və fəaliyyəti nəzərdə tutulmuşdur. O ki qaldı muzeyin ekspozisiya-sərgi fəaliyyətinə, muzeyin Konsepsiyasına uyğun olaraq muzeydə mütəmadi sərgi fəaliyyəti geniş çeşidli müxtəlif tədbirlər və fəal maarifləndirmə işləri ilə birgə aparılacaqdır. Neft muzeyi kompleksi Azərbaycanda muzey işinin müasirləşməsinə xidmət edəcəkdir.

Bakı şəhərində Neft muzeyinin yaradılması ilə əlaqədar dizayn-layihə konsepsiyası üzrə Beynəlxalq müsabiqə keçirilmiş, müsabiqədə 7 ölkəni (Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Fransa, Türkiyə və Yunanıstan) təmsil edən  9 şirkət iştirak etmişdir.  Dizayn-layihələr seçilərkən əsas tələb texniki şərtlərlə yanaşı layihənin milli memarlıq ənənələrinə daha uyğun olması, konstruksiya baxımından  müasir tələblərə cavab verməsi və neftlə bağlılığı olmuşdur. Müsabiqəyə təqdim olunmuş layihələr arasından münsiflər heyətinin rəyi ilə ayrı-ayrı dizayn təklifləri seçilərək bir layihədə birləşdirilməsi daha məqsədəuyğun sayılmışdır və indi bu müzakirələr müsabiqədə iştirak etmiş Yunanıstanın “Anamarphosis” şirkəti ilə davam etdirilir. Azərbaycan neftinin tarixi  çox qədim olduğu üçün “Mövzu-quruluş plan”ına yeni əldə olunmuş materiallar mütəmadi olaraq əlavə olunur və bu məlumatlar elmi cəhətdən dəqiqləşdirilir. Eyni zamanda muzey ərazısındə olan köhnə tikililərdən biri təmir olunaraq, eksponatların yığılma və bərpa mərkəzinə çevrilmış, hal-hazırda mədən ərazilərində tarixi əhəmiyyətli eksponatların qeydiyyata alınması və bu bazaya gətirilməsi üçün işlər aparılır. Şöbə 2009-сu ildə Abşeronda neft sənayesinin inkişafına böyük töhvələr vermiş “Nobel qardaşlarının Neft İstehsalı Yoldaşlığı” (“Branobel”) səhmdar cəmiyyətinin yaranmasının 130 , dəniz neft sənayesinin yaranmasının 60 illiyi  və neft sənayesi ilə bağlı olan digər yubiley tədbirlərinin keçirilməsi üzrə aparılan işlərdə də fəal iştirak etmişdir.
Muzey işinin təşkili şöbəsi
...