You need to upgrade your Flash Player or to allow javascript to enable Website menu.
Get Flash Player
...
ARDNŞ rəhbərliyi Bakı şəhərində Neft Muzeyi yaradılmasının Konseptual planını müzakirə edib

Martın 29-da ARDNŞ-nin inzibati binasında Bakı şəhərində Neft Muzeyinin yaradılmasının Konseptual planının müzakirəsi keçirilib. Müzakirəni giriş sözü ilə açan ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 4 fevral tarixli Sərəncamı ilə Bakı şəhərində Neft Muzeyinin yaradılmasına start verildiyini qeyd edərək, Muzeyin Azərbaycan neftinin və onun 160 illik neft sənayesinin əfsanəvi tarixini özündə əks etdirən tarixi-mədəni bir kompleks xarakteri daşıyacağını bildirib. O, Muzeyin yaradılmasını ARDNŞ-ə tapşırıldığını söyləyərək, vurğulayıb ki, yaradılacaq muzeyin əsas məqsədlərindən biri Azərbaycanın iqtisadi qüdrətinin və müasir sosial-iqtisadi nailiyyətlərinin əsas amili olan neftin təbliğidir. Konseptual plan barədə iştirakçılara məlumat verən Muzey işinin təşkili şöbəsinin rəisi İlqar Əliyev bildirib ki, Bibiheybət NQÇİ-nin neftdən təmizlənmiş 65 hektarlıq ərazisində təşkil ediləcək muzeyin yaradılması üç mərhələdə nəzərdə tutulur. Birinci mərhələdə Muzeyin Baş Layihə Planı hazırlanacaq, onun tərkibinə daxil olan obyektlərin siyahısı, sərhədləri və qorunan əraziləri müəyyənləşdiriləcək. Növbəti mərhələdə muzeyin Tematik Planının hazırlanması, onun fəaliyyəti üçün zəruri olan eksponatların müəyyən edilməsi, onların muzeyin mülkiyyətinə verilməsi, eksponatların qiymətləndirilməsi və satın alınması üzrə fond-satınalma komissiyasının yaradılması planlaşdırılır. Sonuncu – üçüncü mərhələdə isə Neft muzeyi kompleksinin dizayn-memarlıq layihəsi müsabiqəsinin keçirilməsi, qalib layihənin müzakirəsinin təşkil edilməsi, layihənin müvafiq qaydada təsdiqi, eləcə də onun praktiki icrası nəzərdə tutulur. Planın təqdimatından sonra ARDNŞ-nin vitse-prezidentləri Xalik Məmmədov, Qorxmaz Hüseynov və Muxtar Babayev çıxış edərək, fikir və təkliflərini bildiriblər. Müzakirəyə yekun vuran ARDNŞ prezidenti R. Abdullayev qeyd edib ki, Neft Muzeyi, bütün söylənilənlərlə yanaşı, həm də gənc nəslin milli sərvətlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə edilməsinə xidmət göstərməlidir. Eyni zamanda, Muzey kompleksinin layihələndirilməsi zamanı ARDNŞ üçün yüksək səviyyəli kadrlar hazırlayacaq təhsil mərkəzinin yaradılması da nəzərdə tutulmalıdır. Şirkət prezidenti qeyd olunan irad və təkliflər nəzərə alınmaqla konseptual planın məqbul hesab edildiyini bildirib və müvafiq strukturlara konkret tapşırıqlar verib.
 
...