10.06.2011
ARDNŞ-nin maliyyə dəstəyi ilə beynəlxalq olimpiadalarda iştirak edən və medal qazanan şagirdlərlə görüş keçirilmişdir
İyunun 10-da ARDNŞ-nin Baş ofisində Şirkətin maliyyə dəstəyi ilə beynəlxalq olimpiadalarda iştirak edərək medallar qazanmış şagirdlərlə görüş keçirilmişdir. İştirakçıları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramının tərkib hissələrindən biri kimi beynəlxalq layihə olimpiadalarının əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, orta məktəb şagirdlərinin beynəlxalq bilik yarışlarında, olimpiadalarda Azərbaycanı yüksək səviyyədə təmsil etməsi üçün onlara lazımi dəstəyin verilməsi ARDNŞ-nin bu istiqamətdə gördüyü tədbirlər sırasındadır. Qeyd edilmişdir ki, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən tədris müəssisələrində təhsil alan şagirdlərin beynəlxalq fənn olimpiadalarında iştirakı 2005-ci ildən davamlı olaraq ARDNŞ tərəfindən dəstəklənir. Tədbirdə çıxış edən “Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Kömleksiz bildirmişlər ki, liseylərin 250-dən artıq şagirdi 2005-2010-cu illər ərzində ARDNŞ-nin maliyyə dəstəyi ilə Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya, Cənubi Koreya, Rumınya, Çin, Brazilya, Qazaxıstan və başqa ölkələrdə keçirilən fənn və layihə olimpiadalarında iştirak etmiş, ümumilikdə 65 medal (9 qızıl, 21 gümüş və 47 bürünc) qazanmışdır. 2010-2011-ci illər üzrə keçirilən fənn olimpiadalarının iştirakçısı olan 12 məktəbli isə vətənə 4 gümüş və 8 bürünc medalla qayıtmışdır. Daha sonra beynəlxalq fənn olimpiadalarının qalibləri səmimi görüş üçün ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Məktəblilərə Şirkətin xatirə hədiyyələri təqdim olunmuşdur.
16.02.2010
Rumıniyada təhsil alma imkanı
ARDNŞ ingilis dilini intermediate səviyyəsində bilən orta məktəbin 11-ci sinif şagirdlərinin Rumıniyanın Neft və Qaz Universitetinin bakalavriat pilləsində Neft və qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft emalı və neft-kimya ixtisasları üzrə təhsil alması üçün şərait yaradır. Dərslər rumın dilində aparılacaq. Bunun üçün Proqrama seçilmiş tələbələr 1 il rumın dilinin öyrənilməsi üzrə hazırlıq kursunda oxuyacaqlar. Bu kursu bitirən tələbələr 3 il bakalavriat pilləsində təhsil alacaqlar. Təqaüdçü seçilən tələbələrin təhsili ARDNŞ-nin xaricdə təhsil proqramının şərtləri çərçivəsində maliyyələşdiriləcək. Proqrama qoşulmaq istəyənlər 31 martadək bizə müraciət edə bilərlər.
İddiaçılar tələb olunan sənədlərin siyahısı ilə tanış olmalı, orada tələb olunan sənədləri (ingilis dilində) təqdim etməlidirlər. Application formasını buradan yükləmək olar. Attestat əvəzinə hələlik qiymətlərdən çıxarış təqdim etmək olar. Bundan əlavə iddiaçı aşağıdakı tələblərə də cavab verməlidir:
----1. Ərizə-anket formasını doldurub təqdim etməlidir;
----2. Bütün fənlərdən “yaxşı” və “əla” qiymətləri olmalıdır;
----3. Onun (və ya onun əvəzinə bir başqasının) təhsil xərclərindən az olmayan dəyərdə (ən azı 35 min avro)
-------girov qoyula bilən daşınmaz əmlakı və ya bank zəmanəti olmalıdır;
----4. Azərbaycan dilində hər biri 800 (± 80) sözdən ibarət aşağıdakı mövzularda 2 inşa (elektron variantda,
-------plagiat olmamalıdır) təqdim etməlidir:
-------- - Azərbaycan mənim vətənimdir (Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti haqqında nə
-----------bilirsiniz? Xaricdə Azərbaycanı necə təmsil edəcəksiniz?);
-------- - Mənim ixtisasım (Nəyə görə bu ixtisası seçimsiniz? İxtisasınız haqqında nə bilirsiniz? Nəyə görə xaricdə oxumaq
-----------istəyirsiniz? Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilikləri necə tətbiq edəcəksiniz?)
Sənədləri Proqramın tələblərinə cavab verən tələbələrin adları namizədlər siyahısına daxil edilir.
Universitet və tədris proqramları barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.
|