ARDNŞ və Almaniyanın “RWE Dea” Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır [10.03.2010]
Martın 10-da ARDNŞ ilə Almaniyanın “RWE Dea” Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Naxçıvan” perspektiv strukturunun Kəşfiyyatı, İşlənilməsi və Hasilatın Pay Bölgüsü Haqqında Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair Qarşılıqlı Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Memoranduma əsasən, “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü üzrə gələcək danışıqların aparılması üçün “RWE Dea” Şirkətinə müstəsna hüquq verilir. Şirkət prezidenti qeyd etmişdir ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasından 90 kilometr cənubda, sahildən isə 55 kilometr aralıda, dənizin 120-750 metrə qədər dərinliklərində, Azərbaycanın zəngin təbii qaz yataqlarından olan “Bahar” və “Bulla dəniz” yataqlarının əhatəsində yerləşir: “1960-cı ildə aparılan seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş bu strukturda 1994-cü ildə axtarış qazmasına başlanmışdır. “RWE” Şirkəti həmin strukturla bağlı müraciət etmiş və tərəflər arasında danışıqlara start verilmişdir. Aparılmış danışıqlar bugünkü Memorandumun imzalanmasına zəmin yaratmışdır”. ARDNŞ prezidenti çıxışında qeyd etmişdir ki, “RWE” Şirkəti təbii qazın və xam neftin kəşfiyyatı və hasilatı sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkətlərdən biridir. Müasir qazma və hasilat texnika və texnologiyasına malik olan bu Şirkət uzun illərdən bəri əldə etdiyi təcrübəni öz fəaliyyətində uğurla tətbiq edir: “Əminəm ki, bizim əməkdaşlığımız həyata keçirdiyimiz layihəni daha yüksək səviyyədə aparmağa imkan verəcəkdir”. “RWE Dea” Şirkəti İdarə Heyətinin sədri, doktor Yurgen Qrossman Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasında əməyi keçən hər bir kəsə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bu sənəd “RWE” Şirkətlər Qrupunun Azərbaycanda fəaliyyət göstərməsi üçün giriş qapısı rolunu oynaya bilər. O, son illər ARDNŞ-nin bütün dünyada uğurla fəaliyyət göstərən şirkət kimi tanındığını söyləmiş, burada aparılan menecment işini yüksək qiymətləndirmişdir. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və “RWE” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yurgen Qrossman Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Naxçıvan” perspektiv strukturunun Kəşfiyyatı, İşlənilməsi və Hasilatın Pay Bölgüsü Haqqında Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamışlar. Sonda Rövnəq Abdullayev və Yurgen Qrossman jurnalistləri maraqlandıran suallara cavab vermişlər.